Köşə

  • 5 413

Dünyamızın axırına çıxırıq – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Son illərdə dünya ölkələrində anomal iqlim dəyişməsi və təbii fəlakət hallarının sayı və gücü daha da artıb. Planetin ağciyərləri- çox nəhəng meşə sahələri yanıb getdi, buzlaqların əriməsi sürətlənib, dünyada ümumi tempratur getdikcə artır, torpaqlar GMO əkinlər və dərmanlarla zəhərlənir, su mənbələri çirklənib, atmosferə atılan zəhərli qazların həcmi dəfələrlə çoxalıb. Nəticədə, təbii fəlakətlər və iqlim dəyişiklikləri sürətlənib. Çaylarda, göllərdə quruma gedir, meşə sahələrində yanğınlar baş verir, torpaqlar qüvvədən düşür, hava çirkliliyi artır...

Xeyli vaxtdır ekoloq alimlər qlobal qeyri-təbii proseslərin başlandığı haqda həyəcan təbili çalırlar. Getdikcə verilən proqnozlar da pisləşir. İqtisadi və siyasi maraqlar insanlığın taleyini təhlükə altında qoyur. Alimlərin xəbərdarlıqlarına əhəmiyyət verilmədiyindən planetdə başlayan anormal təbii proseslər artıq qarşısıalınmaz formaya keçməkdədir. Artıq soyuq ölkələrdə istiləşmə, isti ölkələrdə soyuqlaşma özünü daha qabarıq biruzə verir. Bu artıq qlobal iqlim dəyişmələridir- bəşəriyyəti məhvə sürükləyən kataklizmlərin ilk siqnalı.

Bütün bunların nəticəsində planetin orta tempraturu 2 dərəcə artıb. Bu çox ciddi təhlükə səviyyəsidir. Bu göstərici 3 dərəcəyə çatdıqda artıq qlobal kataklizmlər başlayacaq. Bu səbəbdən dünya dövlətləri bunun qarşısını almaq üçün müəyyən tədbirlər görməyə çalışırlar, istiləşmənin artımının 1.5 dərəcə səviyyəsində saxlanmasının vacib olduğunu deyirlər. Lakin maddi maraqlar sənayeni məhdudlaşdırmağa imkan vermədiyindən bu məqsədə nail olmaq qeyri-mümkün görünür.

Bəzi ekoloq-alimlərin bu fəlakətli vəziyyəti təbii proseslərlə izah etməyə çalışmalarına baxmayaraq, qlobal istiləşmədə antropogen və texnogen təsirlərin əsas və mütləq təsiri inkaedilməzdir. Əksər ekoloqlar sənayeləşmənin və avtomobillərin sayının sürətlə artmasının bunda böyük rolu olduğunu qeyd edirlər. Bundan başqa təbii resurslara təzyiq xeyli artıb. Daş kömür, neft, qaz və s. yanacaq növlərinin istifadəsi, sənayenin sürətli inkişafı atmosferdə karbon qazının artması ilə nəticələnib. Ona görə də, atmosfer səthində ozon təbəqəsindən sonra karbon qazı təbəqəsi formalaşıb. Texnogen inkişaf planetin iqlimini və biostrukturunu tamamilə dəyişdirir.

Qeyd etmək lazımdır ki, ozon təbəqəsi Günəşdən gələn infraqırmızı şüaları Yer səthinə buraxır. Qanunauyğunluğa əsasən, həmin şüaların bir qismi yenidən kosmosa qayıtmalıdır. Amma karbon təbəqəsi buna imkan vermir. Beləliklə də, istixanalarda gedən proses daha böyük formatda Yer üzündə gedir, yəni planetdə “parnik effekti” yaranır.

Ən dəhşətlisi odur ki, bu problemin həlli imkanları artıq itirilmək üzrədir. Hətta bəzi alimlərin fikirlərinə görə, bu imkanlar artıq itirilib və proseslər geridönməz xarakter alıb. Çünki karbon qazının atmosferdə yaşama müddəti 100 ildən çoxdur. Bu da o deməkdir ki, hazırkı problemlərin yaranmasına səbəb ötən əsrdə atmosferə atılan tullantılardır. Deməli, sənayenin sürətli inkişafı ilə əlaqədar atmosferə atılan qazların əsl təsiri hələ qabaqdadır.

Rusiya Elmlər Akademiyası Geologiya İnstitutunun alimləri qlobal istiləşməyə antropogen təsirlərin səbəb olduğunu sübut edirlər. İnstitutun apardığı tədqiqatlar iqlim dəyişikliyinin təbii resurslara təzyiqin artması, planetin kimyəvi balansının dəyişdirilməsi və qlobal ekoloji böhran nəticəsində yarandığını göstərir.

Maraqlıdır, dünya ölkələri bu prosesin qarşısını almaq üçün hansı tədbirləri həyata keçirir? Məlumdur ki, yanacağa qənaət etməklə və enerji effektivliyini, həmçinin alternatin enerjiyə keçməyi sürətləndirməklə dolayısı yolla istilik effekti yaradan qazların miqdarını azaltmaq mümkündür.

ABŞ atmosferə atılan tullantıların miqdarına görə liderdir. Bu dövlətin dünya ekologiyasının korlanmasında rolu təkbaşına 40 faiz təşkil edir. Bu gün ABŞ, Rusiya, Britaniya, Fransa, Yaponiya, Çin, Hindistan kimi böyük sənaye ölkələri bəşəriyyətin təhlükəsizliyini şübhə altına qoyur.

Bir sözlə, siyasi və iqtisadi maraqlar iqlim dəyişmələrinin qarşısını ala biləcək tədbirlərin həyata keçirilməsini əngəlləyir və bütün canlı aləmin taleyini təhlükə altına qoyur.

Ətraf mühitin təmizliyinə nail olmaq üçün hökumətlər iqtisadi gözləntiləri azaltmalıdır. Təbii ki, iqtisadiyyatın inkişafını tamamilə dayandırmaq olmaz. Elə iqtisadi sahələr var ki, orada təmiz texnologiyadan istifadə edilir. Ağır sənayedə- metallurgiya, aliminium istehsalı və s. sahələrdə isə köhnə texnologiyalardan istifadə edilir, heç yeniləri arasında da effektlisi yoxdur.

Ekoloqlar bərpa olunan enerji resurslarından istifadəyə üstünlük verilməsini tələb edirlər. Bundan başqa, GMO əkinlərin, bakterioloji, kimyəvi silahların sınaqlarının, plastik istehsalının dayandırılması kimi tələblər var. Hazırda sənaye tələbatdan xeyli artıq məhsul istehsal edir ki, bu da həm planetimizin resurslarını tükəndirir, həm də ekologiyanı korlayır, nəticədə də müxtəlif xəstəliklər çoxalır.

Ümumiyyətlə, son vaxtlar çox qorxulu proqnozlar səsləndirilir. Alimlərin fikrincə, təbiətə amansız divan tutulması dayandırılmasa, yaxın zamanda planeti və bütün canlıları böyük fəlakətlər gözləyir.

Digər xəbərlər