Bəlkə də dünya binə olandan qadınlara da onların əks cinsinə baxıldığı kimi baxılsaydı, heç ayrı-ayrı zamanlarda qadın hüquqları, haqları və qadınların müdafiəsi ilə bağlı digər günlərin yaranmasına, təsis olmasına ehtiyac da qalmazdı. Lakin bu, bizim istəyimizdən asılı olmayaraq heç də belə olmayıb.
Nədənsə hər ikisi yer üzərinə Allah tərəfindən bəxş olunan, hər ikisini də ana dünyaya gətirən, hər ikisinin iki valideyninin olması şərt olan qadın və kişi arasında zamanın bütün mərhələlərində fərq olub. Onlar arasına ayrı-seçkilik qoyulub.
Qadın uşaq saxlamalı, evin işlərini görməli, susmalı, istəyini bildirməməli, işləməməli, insanlar arasında görünməməli və sair kimi qadağalar bineyi-qədimdən onların hüquqlarını pozan amillər arasında olub. Lakin bütün bunların heç biri kişilərə şamil edilməyib.
Maraqlıdır, görəsən dünyanın ən başlanğıcında qadınlarla kişilər arasındakı bu ayrı-seçkiliyin müəllifi kim olub? Kimin ağlına bu fikirlər gəlib. Bunlar nədən qaynaqlanıb? Nə üçün iki insan bir evdə bu qədər fərqli şəkildə yaşayıb? Nə üçün iki cinsin nümayəndələri cəmiyyətdə bu qədər ayrı-seçkiliyə məruz qalıb?
Bütün bunları təqvimdə 5 dekabr - Dünya Qadın Haqları Gününü görərkən düşünürəm. Və düşünməmək də mümkün deyil. 5 dekabr Türkiyədə 1934-cü il dekabrın 5-də Mustafa Kamal Atatürk tərəfindən qadınlara seçmə və seçilmə haqqı verilib. O tarixdən bəri bu xüsusi gün Türkiyə və dünyada Dünya Qadın Haqları Günü kimi qeyd edilir. Türkiyə dünyada qadınlara ən erkən seçmə və seçilmə haqqı verən ölkələr arasında yer alır. Daha sonra isə digər ölkələrdə də müxtəlif vaxtlarda qadınlara seçmək və seçilmək hüququ verilib.
Maraqlıdır, bəs həmin tarixə qədər qadın nə üçün seçə və seçilə bilməzdi? Nə üçün bunları kişilər edə bilərdi, lakin qadınlar yox? Saymaqla bitməyən qadın hüquq və azadlıqlarını böyük qürur və sevinclə qarşıladığımız günümüzdə həm də onu düşünürəm ki, bütün dünya əsrlərlə qadınların qarşısında bir günah yaşayıb.
Əgər bu gün qadın seçə və seçilə, yüksək vəzifələrdə işinin öhdəsindən gələ bilirsə, deputat kimi fəaliyyət göstərirsə, müəllim, həkim, jurnalist. mühəndis və sair yüzlərlə sənətin sahibinə çevrilə bilirsə, çox vaxt da öz işini kişilərdən dəfələrlə yaxşı icra etməyi bacarırsa, bu, yüzilliklər öncə mümkün deyildimi?
Mümkün idi. Tarixə nəzər salarkən çoxsaylı ağıllı, qəhrəman qadınlarla rastlaşırıq. O qadınlar ki, kişilər həmişə onların ağlından, məsləhətindən istifadə ediblər. Qadınlar müdrikliyi, savadı, biliyi ilə evdə övladlarını sabahın ən öndə olan adamlarına çeviriblər. Səslərini çıxara bilməsələr də, adam içərisinə çıxmağa iznləri olmasa da, bəzi hallarda üzləri belə görünməsə, bəzi hallarda başlarını yuxarı qaldırmağa qorxsalar da, onlar hər zaman evlərinin xanımı olublar. Həm evin saysız işini zərif çiyinlərinə götürüblər, həm də övlad yetişdirmək işini.
Beləliklə, cəmiyyətin hər zaman aralarına ayrı-seçkilik qoyduğu kişiləri həmin qadınlar dünyaya gətirib, tərbiyə ediblər. Lakin nədənsə biri hər zaman öndə olub, digəri çox arxada.
Şükürlər olsun, bu günlərə. Yaxşı ki, haqq yerini tapdı, qadınlar da haqlarına çatdı. Dünyadan öz dünyamıza-ölkəmizə qayıdırıq və qürurla deyirik ki, 1918-ci ildən –artıq 100 ildən çoxdur ki, qadınlara kişilərlə eyni hüquqlar verilib. İndi ölkəmizdə qadınlar seçə-seçilə, ən yüksək vəzifələrdə çalışa bilir.
Nə gözəldir qadınları haqları və haqları olanlarla birgə görmək. Çünki bütün hüquq və azadlıqlar qadınların da hüququdur.
Mətanət Məmmədova