PDF Oxu

Köşə

  • 548

Birinci qar, birinci qar! ANALİZ

image

Sovet Azərbaycanında doğulan indiki insanlar uşaq vaxtı “Birinci qar, birinci qar!” şeirini əzbərdən bilirdi. Nədən ki, dərsliklərə salındığından uşaqlara keçilirdi:

Dağlara qar yağdı bu gün,

Birinci qar, birinci qar!

Hər bir tərəf ağdı bu gün,

Çölə çıxın, ay uşaqlar!

Yadınızdan çıxmasın ha,

Qartopu da, ay uşaqlar!

Doğrudan da, bunsuz daha

Nəyə lazım birinci qar?

Müəllimlər bu şeiri uşaqlara öyrətməkdə o qədər əziyyət çəkmirdilər. Asanlıqla iti uşaq hafizəsi ürəyəyatımlı sadə, oxunaqlı dildə yazılan şeiri yaddaşına həkk edirdi. Elə ki, qar yağdı çöldə-bayırda uşaqların səsi eşidilirdi: “Dağlara qar yağdı bu gün, birinci qar, birinci qar!”. Deyərdim ki, qarın yağması uşaqları daha çox sevindirirdi, xüsusilə də kənd uşaqlarını. Çünki şəhər mühitindən fərqli olaraq kəndlərdə açıq sahələr, geniş düzəngahlar daha çoxdur. Sərbəst hərəkət etmək, qardan müxtəlif fiqurlar, heykəllər düzəltmək, qartopu oynamaq, qarda sürüşmək məsələsində də çətinliklər olmur. Böyüklər də qarın yağmasından məmnun görünürdülər. Çünki bərəkətin və bolluğun rəmzi olan qarın çox yağması həmən ilin bolluq-bərəkətli il olacağından, əkin sahələri yazda kəndçiyə xeyli buğda, arpa, bağlarda bol meyvə verəcəyindən xəbər verirdi. Baxmayaraq ki, bəzən qar o dərəcədə çox yağırdı ki, artıq bu hal ciddi problemlərə, çətinliklərə səbəb olurdu. Kəndlərarası yolların bağlanması ilə yanaşı, iri və xırdabuynuzlu heyvanların ( mal-qoyunun otlaqlara çıxmaması kəndçiyə əlavə ot, alaf, yem sərfiyyatı demək idi-İ.Ə.) otlağa çıxmasına da əngəllər olurdu. Qarlı yollarda şəhərə və ya rayon mərkəzinə gedib gəlməkdə müşkül məsələyə çevirilirdi, məktəblərin bağlanması halları da olurdu. Açığı deyim ki, yolların keçilməz olması, kənddə qaynar həyatın nisbətən sönməsi uşaqları narahat etmirdi. Nədən ki, əsas o idi ki, təbiətin ən gözəl möcüzəsi olan qar yağırdı. Qar yağdıqca uşaqlar qartopu oynayır, havada uçuşan ulduzlu qar dənələrini tutmağa çalışır, qazan və vedrələrin içərisini doldurduqları qardan şaxta baba və ya qar qız heykəlləri düzəldirdilər. Bəzən uşaqların başları qartopu oynamağa və ya müxtəlif heykəllər düzəltməyə, qarda sürüşməyə o dərəcədə qarışırdı ki, valideynlərin onları evə çağırmasını eşitmirdilər, çörək yemək də uşaqların yadına düşmürdü. Sanki qarla əyləncədən əl çəksələr, şansı qaçırmış olacaq və bir daha bu ecazkar təbiət möcüzəsini görə bilməyəcəklər. O da diqqətçəkən məqam idi ki, heç bir uşağın əynində indiki kimi qalın kurtkalar, paltolar olmurdu. Hər bir kənd uşağının geyimi eyni olurdu: ayaqlarında qaloş, əyinlərində böyük qardaşlarının dizlərinə qədər uzanan pencəkləri, başlarında nənələrinin yundan toxuduğu saçaqlı papaq. Əlcək- filan olmadığı üçün qarın soyuqluğundan uşaqların əlləri üşüyür, əllərini ağızlarına tutub hovxurur, ciblərinə salıb, qurcalanır və bir qədər sonra heç nə baş verməmiş kimi yenidən qara “hücum” təşkil edirdilər.

Bu yerdə yadıma haradansa oxuduğum və ya eşitdiyim bir kəlam düşdü: “Keçən günə gün çatmaz, calasan günü günə”. Bəli, keçən günlər getdi. Bu gün artıq başqa yaşam tərzidir. Tarixin təkərini geri döndərmək mümkün olmadığı kimi, uşaqlıq xatirələrini də yenidən beş dəqiqlikdə olsa canlandırmaq mümkünsüzdür. Baxıram ki, indiki uşaqlar, gənclər belə qartopu oynamaq, qarda sürüşmək kimi əyləncələrə bir o qədər meyil göstərmirlər. Kimi görürsən və ya söhbət edirsən, deyəcəyi ilk kəlmə “Bakıya qar yaraşmır”, “Qarın gəlişi ilə Bakıya özü ilə problemlər gətirdi”. “ Qar yağan kimi evdə sular kəsilib, qazın, işığın verilişində problemlər yaranıb” deyə söylədikləri olur. Bir deyən yoxdur ki, axı qar, bolluq, bərəkət deməkdir, qar torpağın oyanması, təbiətin canlanması deməkdir. Qar suyu torpaqdakı kalium, kalsium, dəmir kimi mineralları həll edərək bitkilərin qidalanmasını təmin edir. Qar mikrobları öldürür və insanlara sağlam həyat yaşamasına yardımçı olur. Yağan qar başa sürtülsə, o zaman saç tökülməsinin qarşısını almaq olar. Bəzi ABŞ və Avropa ölkələrində həkimlər qar vasitəsi ilə insan orqanizmini canlandırmağa nail olurlar. Bir mütəxəssisin mətbuata verdiyiyi açıqlamasını oxumuşdum. Deyirdi ki, qarlı hava baş ağrılarını aradan qaldırır: “Buz parçası ilə alına kompres etmək həssas sinirləri yumşaldıb sakitləşdirir. Bundan başqa, yanağa qoyulan kiçik buz parçası diş ağrılarını da azalda bilir”.

Bütün bu və digər faktlardan sonra o qənaətə gəlmək olar ki, qarın yağması həyatımızı təkcə gözəlləşdirmir, həm də bolluq və bərəkət içində yaşamağımıza da yardımçı olur. Ona görə də, qarın yağması ilə xırda məişət problemlərini önə çəkib, hay-küy salmaq dinimizdə deyildiyi kimi, naşükürlük əlamətidir. Çalışaq naşükürlərdən olmayaraq. Qoy, qış fəslində hər zaman birinci və ikinci deyil, yaz fəslinə qədər qar yağsın.

İLHAM ƏLİYEV

Digər xəbərlər