Arterial hipertoniyaya danışıq dilində “təzyiq” xəstəliyi deyirik. Dünyada bu xəstəlikdən 1,5 milyard insan əziyyət çəkir. Və onların demək olar ki, yarısının öz xəstəliyindən xəbəri yoxdur.
Elə bizim də bəzən təzyiqimiz ərşə qalxır, gözlərimiz halqasından çıxır, başımız çatlayır, lakin bunun havadan, sudan, əsəbdən olduğunu düşünür, arterial hipertoniyanın daxildə öz işini gördüyündən-bizi infarkta, insulta, böyrək çatışmazlığına aparmasından xəbərimiz olmur.
Təzyiqimiz niyə də qalxmasın ki... Arterial hipertoniya xəstəliyinin baş verməməsi üçün lazım olanları edirikmi? Məsələn, əsas olanı-sağlam həyat tərzi keçiririkmi, mütəmadi fiziki aktivikmi, əlbəttə, yox. Keçirə də bilmərik. Çünki evdən bayıra çıxmağa ərinirik, günün saatlarının çoxunu qalırıq divan-kreslonun üstündə, telefon da əlimizdə. Və yaxud televizorun qarşısında. Nə qədər evdə oturmaq, başı aşağı qalmaq olar? O telefonların, televizorun bizə hansı enerjiləri ötürdüyündən xəbərimiz varmı? Təzyiq qalxmasın, nə etsin?
Arterial hipertoniya xəstəliyinin yaranmaması üçün meyvə və tərəvəzdən çox istifadə edilməlidir. Edirikmi? Bəzən etmək istəsək də, edə bilmirik. Çünki bazar və marketlərdə meyvə və tərəvəzlərin qiyməti od tutub yanır. Məsələn, hazırda alça-göycənin mövsümüdür. Qiymətlərdən yəqin ki, hər kəsin xəbəri var. İstədiyimiz qədər yeyə bilirikmi? 6-15 manat arasında olan bu meyvəni istəsək də, istədiyimiz qədər yeyə bilmirik. Digər meyvələr, xiyar-pomidor, başqa tərəvəzlər də bunun kimi, qiymətlər o qədər bahadır ki, gündəlik istehlak etmək mümkün deyil. Təzyiq qalxmasın, nə etsin?
Arterial hipertoniya xəstəliyinin yaranmasında əsas amillərdən biri də spirtli içkilər və tütün istifadəsidir. Bu xəstəliyi olan, lakin özündən xəbərsiz insanlar hər gün bu içkiləri və tütün qəbul edir. Aradabir baş ağrıları, ürək bulanması, halsızlıq hiss olanda isə bunu təzyiqlə deyil, başqa nə iləsə əlaqələndirir. Ümumiyyətlə, təzyiq məsələsi yadına belə düşmür, bir dəfə qan təzyiqini ölçdürmür. Bəzən ailə üzvləri bu vəziyyətin arterial hipertoniya xəstəliyinin yaranması səbəbindən olduğunu söyləyəndə isə az qalırlar özlərini öldürələr ki, yox, sən danışırsan, məndə elə xəstəlik ola bilməz. Nədir, nədir ki, birdən spirtli içkidən və tütündən imtina etməli olar. Belə olan halda qan təzyiqi niyə qalxmasın?
Arterial hipertoniya xəstəliyinin yaranması səbəbindən biri də bədən çəkisinin normadan artıq olmasıdır. Yəni oturaq həyat, keyfiyyətsiz qidalar nəticəsində əmələ gələn çəki artımı. Qarşısını ala bilirikmi? Bu gün ölkəmizdə minlərlə qadın və kişi, hətta uşaqlar belə artıq çəkidən əziyyət çəkir. Nə üçün? Əlbəttə, bunun özümüzdən asılı olan və olmayan səbəbləri var. Qidaların tərkibi normal deyil. Məsələn 5-10 manat arası kərə yağları var, 4-7 manata günəbaxan, qarğıdalı, zeytun yağları var. Bu yağlardan insan hər gün istifadə edir. Qiyməti 1 kiloqram yağın alınması üçün lazım olan süddən, günəbaxan, qarğıdalı və zeytundan dəfələrlə ucuz olan bu yağlar bizə nə divan tutur, bilirikmi? Bəzən bilsək də, lakin yenə də istifadə edirik. Digər çoxsaylı qida məhsulları da bunun kimi. Yalnız yağdan ona görə söhbət açdım ki, bu qidanı insan hər gün istehlak edir.
Beləliklə, doymuş yağ və ümumi yağ miqdarına, qanda şəkər və xolesterin səviyyəsinə, sidikdə albumin səviyyəsinə, duzun və şəkərin istifadəsinə nəzarət edə bilirikmi?
Gələk əsas məsələyə- hər saat, hər dəqiqə, hər an yaşadığımız stress vəziyyətinə. Özümüzü ətrafın bizə “bəxş” etdiyi stressdən qoruya bilirikmi? Məsələn, küçədə yol hərəkəti qaydalarına riayət edə bilməyən, sağını-solunu tanımayan insanlarla qarşılaşarkən, piyada keçidlərində dayanıb avtomobillərə yol verərkən, ictimai nəqliyyatda sürücünün siqaret çəkməsini, ağzına gələni danışmasını dinləyərkən, küçədə bir qadının, bir kişinin telefonda kimisə söyüb-biabır etməsini eşidərkən, marketlərdə endirimli qiymətlərə olan ərzaq məhsulunu götürüb kassa qarşısında bunun belə olmadığını eşidib təhqir olunarkən, böyük alış-veriş mərkəzlərinin geyim əşyalarının bir gün əvvəl qiymətlərini qaldırıb, sabahı gün 50 faiz endirimlə sənə əvvəlki qiymətə satmaq istəyini açıqca görərkən və çoxsaylı bu kimi hadisə və vəziyyətlərlə qarşılaşarkən stress yaşamaya bilərsənmi? Əlbəttə, yox. Belə isə təzyiq qalxmasın, nə etsin?..
17 may-Ümumdünya Hipertoniya ilə Mübarizə Günüdür. Mübarizə aparaq məncə...
Mətanət Məmmədova