PDF Oxu

Köşə

  • 1 781

Gənclər niyə xaricə üz tutur? - KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Son illərdə ölkəmizdən xaricə yaşamaq, işləmək və təhsil almaq üçün gedən gənclərin sayı artıb. Bir sıra gənclər bunu daha yaxşı gələcək üçün çıxış yolu kimi görür. İş imkanları, sosial şərait, təhsil və həyat keyfiyyəti daha yüksək olan ölkələrə getməyi seçirlər. Sosial şəbəkələrdə paylaşılan xarici ölkələrdə yaşayış videoları da gənclərin qərarlarına təsir edən əsas amillərdən biri sayılır.

Bəs bəzi gənclər niyə gələcəklərini öz ölkələrində deyil, xaricdə qurmağa çalışırlar? Xaricdə həyat həqiqətən göründüyü qədər rahatdırmı? Azərbaycanda gəncləri ölkədə saxlamaq üçün nə etmək olar?

Qeyd olunduğu kimi, son dövrlərdə bir çox gənclər xarici ölkələrdə təhsil və iş üçün daha geniş imkanlar gördüklərinə görə həmin ölkələrə üz tuturlar. Bu, ilk baxışda problem kimi görünsə də, müəyyən mənada normal prosesdir. Dünyanın müxtəlif ölkələri arasında təhsil, iş və karyera ilə bağlı miqrasiya axını mövcuddur. Çünki heç bir ölkədə bütün imkanlar eyni səviyyədə deyil. Bəzi ölkələr texnologiya sahəsində, bəziləri təhsildə, digərləri isə sosial və iqtisadi imkanlarda daha üstün mövqedədir. İnkişaf etmiş ölkələrdən də başqa ölkələrə gənclərin axını müşahidə olunur. Gənclər daha yaxşı karyera və fərqli həyat imkanları üçün xaricə gedirlər.

Azərbaycandan da xaricə üz tutan gənclər öz bacarıq və istedadlarını ölkə daxilində reallaşdırmaq üçün lazımi şərait tapa bilmədiyini deyirlər. Məüyyən mənada bu, doğrudur. Məsələn, bizdə müəyyən sahələrdə istehsalat, texnologiya, elmi imkanlar və ya yüksək gəlir səviyyəsi yetərli olmur. Bəzi sahələr üzrə bizdə müəssisələr yoxdur. Bu səbəbdən gənclər iqtisadi, elmi, sosial və texniki baxımdan daha inkişaf etmiş ölkələrə üz tuturlar.

Xaricdə uğur qazanan gənclər çox olsa da, problemlərlə üzləşənlərin sayı da az deyil. Yəni, xalq arasında deyildiyi kimi, heç yerdə yel əsib, qoz tökülməyib, rahat iş qurmaq və ya bizneslə məşğul olmaq, asan yolla yüksək gəlir əldə etmək heç də asan deyil. Düzdür, bəzi mütəxəssislər yaxşı gəlirli işlər taparaq uğurlu karyera qura bilirlər. Lakin bu, hər kəs üçün mümkün olmur. Xarici ölkələrdə yüksək maaş alan şəxslər eyni zamanda yüksək vergilər ödəyir, yüksək yaşayış xərcləri ilə üzləşirlər. Orada həyat tərzi də fərqlidir. Buna görə də xaricə getməyin hər zaman ideal nəticə verəcəyinə dair 100 faiz təminat yoxdur.

Bununla belə etiraf etməliyik ki, Azərbaycanda bəzi gənclər öz potensialını tam şəkildə reallaşdıra bilmir. Müxtəlif sahələrdə problemlər mövcuddur. Bəzi sənaye sahələrində və yüksək texnologiyalar sahələrində müvafiq təhsil almış gənclər iş tapa bilmirlər, mövcud vakansiyalar azdır. Bu səbəbdən əmək bazarında həmin ixtisaslara tələbat aşağı səviyyədə qalır.

Ölkəmizdə gənclərin təhsil və karyerasına dəstək məqsədilə bəzi tədbirlər həyata keçirilir. Lakin bu işlər yetərli deyil və artırılmasına ehtiyac var.

Azərbaycanda gənclərin öz istedad və bacarıqlarını ölkənin inkişafına yönəltməsi üçün xüsusi dövlət proqramları hazırlanmalıdır. Bacarıqlı və istedadlı gənclər müəyyən edilərək startap layihələrinə cəlb olunmalı, innovativ ideyalarının həyata keçirilməsinə və istehsalata tətbiqinə dəstək verilməlidir. Bunun üçün müxtəlif istiqamətlər üzrə klubların və yaradıcı platformaların yaradılması məqsədəuyğun olardı. Məsələn, ixtiraçılar klubu və digər innovasiya mərkəzləri fəaliyyət göstərə bilər.

Azərbaycanda sənayenin və elm tutumlu sahələrin inkişafı sürətləndirilməli, müasir texnologiyalar və süni intellekt kimi istiqamətlərdə yeni müəssisələr yaradılmalıdır. Bu, gənclərin özlərini ölkə daxilində reallaşdırmasına imkan verər. Eyni zamanda innovativ ideyaların maliyyələşdirilməsi mexanizmləri də formalaşdırılmalıdır. Çünki bəzi gənclərin ideyalarına ölkə daxilində diqqət ayrılmır və onlar həmin layihələri xarici şirkətlərə təqdim edirlər. Nəticədə layihələr xaricdə maliyyələşdirilərək həyata keçirilir və faydasını da başqaları görür.

“Beyin axını”nın qarşısını almaq üçün dövlət səviyyəsində ciddi proqramlar hazırlanmalı və həyata keçirilməlidir. İstedadlı və intellektual gənclərin potensialı Azərbaycana yönəldilməli, onların fəaliyyəti ölkənin inkişafına xidmət etməlidir.

Digər xəbərlər