Köşə

  • 3 975

Təfavüt Felyeton

image

Deyirəm ki, bəzi insanlar üçün heç nəyin təfavütü yoxdur. Bu yaxınlarda iştirak etdiyim toy mərasimində qarşılaşdığım mənzərə ilə bu qənaətimi bir daha təsdiqlədim. Sözsüz məni qınayanlar olacaq ki, geridə qalmışam. Qoy qınasınlar. Bu mövzuda heç “müasirləşmək” fikrində də deyiləm. Ona görə ki... Mən danışım, haqlı, haqsızı siz müəyyən edin. Müasir toylarımızda hamıya yaxşı məlumdur ki, diskoteka saatı və ya saatları olur. Fikir vermişəm ki, belə şənliklərdə toy əhlinin ən səbrsizliklə, anbaan gözlədiyi vaxt məhz diskotekadır. Diskoteka başlamır, bayaqdan bəri su səpilmiş dəyirman birdən elə işə başlayır ki, deyirsən bəs göydən yerə dəyirmandaşı düşür. Zalda bir canlanma yaranır ki, elə bil əsl toy indi başlayır. Adətən gənclər düşürlər ortaya. Ərəb musiqisi türk, gürcü musiqisini, rus musiqisi ingilis, nə bilim ta hansı xalqların musiqilərini əvəz etdikcə ortalıqdakıların çığırtıları, bitməyən enerjisi yerdə oturanların sönməsinə səbəb olur.Məni bu yazını yazmağa vadar edən həmin toyda isə mənzərə tamamilə başqa idi. İnanın, ortalıqda bir gənc belə yox idi. Diskoteka saatının budəfəki qonaqları yaşı 40-50-dən yuxarı olanlar idi. Rəqs meydanındakı mənzərəni təsəvvür edin: əyilən, qalxan, qeyri-adi bədən hərəkətləri edən yaşlı adamlar... Şeytan suyunun təsiri ilə yaşına uyğun olmayan tərzdə hoppanıb-düşən kişilər... rəqs etdiyi musiqi ilə bədəninin kilosu bir-birinə zidd olan qadınlar... Gözlülər olsun, görməsin. Var gücləri ilə yerə döydükləri ayaqları musiqinin ahəngi ilə qarışıb yerdə əyləşənlərin beynində çatlayırdı. Bu dəfə gənclər meydanlarını verdikləri böyüklərə kənarda dayanıb sadəcə əl çalır və gülümsəyirdilər, arada uğunanlar da olurdu, sözsüz ki...Əyləşənlərlə ortalıqdakılar arasındakı təfavüt o qədər bariz şəkildə idi ki... Mənə görə “Utanmasan oynamağa nə var ” atalar kəlamının yaranma anı idi bu meydan.Düşünürəm ki, biz çox təfavütlərə varmaya-varmaya bu günlərə gəlib çıxmışıq. Məsələn, toylarımızı kəndli-şəhərli birdəfəlik şadlıq saraylarına daşımışıq. Həyət toylarını lap çoxdan çevirmişik xatirələrə. Yaxşı, şəhərlərdə bu, deyirlər başqa cür mümkün deyil. Bəs kəndlərimizdə? Axı kəndlərimizdə geniş həyəti olanlar da kilometrlərlə yol və vəsait xərcləyib rayon mərkəzlərində, şəhərlərdə toy etmək üçün restoran, şadlıq evlərinə üz tuturlar. Rahat olmaq, heç bir əziyyət çəkməmək üçün kredit götürüb illərlə nə əziyyətlə ödəməli olsaq da, restoranlarda toy edirik. Nədir, nədir ki, bir az artıq işləyəcəyik.Təfavütünə varmadığımız bu məsələ görün nələrə səbəb oldu. Axı restoranlarda hər stulun qiyməti var. Ona görə başladıq evdən bir, uzağı iki nəfəri toylarımıza dəvət etməyə. Nə səbəbə? Çox pul xərcləməmək üçün. Nəticə etibarilə bu, ildən-ilə elə bir vəziyyətə gəlib çatdı ki, toylarımızdan uşaqlar biryolluq yığışıldı. Yeniyetmə, gənclərə məhdudiyyət qoyuldu. Belə oldu ki, əmiqızı, dayıoğlu, xalaqızı., bizioğlu bir-birilərinin toyunda çox az şəkildə iştirak edə bildilər. Bizim üçün təfavütü olmadı ki, toy kimi milli-mənəvi dəyərimizə vurduğumuz zərbə ilə nələri itiririk. Onsuz da toy kimi qədim mərasimin elçiliyindən tutmuş xınayaxdısına, parçabiçiminə kimi dəyişmişik, “müasirləşdirmişik”, hər kəs öz bildiyini yamaq edib ona. Sonra nəyin təfavütünə varmadıq? Yuxarıda söylədiyim diskotekanın. Toylarımızın yaraşığı yallıların, kollektiv rəqslərin yerini yad musiqilərə verəndə bizim üçün təfavütü olmadı ki, ilahi, biz nə edirik. Gənclərimizi oturdub başa salmadıq ki, ay bala, hər çalınan havanı oynamaq olmaz. Bizim mentalitetimizə uyğun deyil bunlar. Yallılara köhnəlik əlaməti kimi baxdıq, kollektiv rəqsləri vaxtı ötmüş hesab etdik. Meydanı verdik xarici musiqilərə, gəncləri də aludə etdik o rəqslərə. Sonra da təfavüt etmədən özümüz düşdük ortalığa. Əl-ələ yapışıb yallı getməli yaşda olduğumuz halda əl-qol ata-ata yaşımıza layiq olmayan rəqsləri sərgilədik.İndi çox təsadüfi toylarda yallı görmək olur. Adama çox xoş və doğma, eyni zamanda bir o qədər də qəribə gəlir bu rəqs- övladlarımızın əksəriyyətinin xəbəri olmayan, mənasını belə bilmədikləri rəqs. Hansısa bir intellektual yarışda iştirak edən 10 nəfər gəncdən biri “yallı nədir”,- sualına inanırsınız ki, doğru cavab verə, ya verməyə. Toy mərasimində gördüklərimdən və toyla bağlı xstırlamalarımdan sonra çox təəssüf hiss ilə dərin bir köks ötürərək bir suala cavab axtarıram: görəsən misal üçün Ərəbistanda, Rusiyada, Gürcüstanda, İngiltərədə və rəqslərinə doymadığımız digər ölkələrdə toy mərasimlərində Azərbaycan musiqisi ilə rəqs edən bircə nəfər varmı?..

Mətanət MƏMMƏDOVA

Digər xəbərlər