Mədəniyyət

  • 11 314

“Eyruzun ömür kitabı” TƏQDİMAT

image

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Səməd Vurğun adına Mərkəzi Kitabxanada yazıçı-tərcüməçi Arif Ərşadın yazıçı-publisist, kinossenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Respublikanın Əməkdar jurnalisti, Həsən bəy Zərdabi adına mükafatın laureatı Eyruz Məmmədova həsr edilən “Eyruzun ömür kitabı” adlı kitabının təqdimatı keçirilib. Eyruz Məmmədov bədii, sənədli əsərlərilə Sumqayıtın salnaməsini yaradan insandır. Onun ssenarisi ilə mərhum rejissor, vaxtsız dünyasını dəyişən Davud İmanovun çəkdiyi “Sumqayıtın əks-sədası” sənədli filmi və bir sıra filmlər ermənilərin Sumqayıtda törətdiyi cinayətlərə tutarlı bir cavabdır. Bu kinofilmlər keçmiş MDB məkanında çox məşhur idi. Azərbaycan Dövlət Televiziyasının qızıl fondunda saxlanılır.

Sumqayıt şəhərinin ziyalılarının, kitabxananın əməkdaşlarının və oxucularının iştirakı ilə baş tutan tədbiri giriş sözü ilə Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor vəzifəsini müvəqqəti icra edən Natəvan xanım Axundzadə açıb. Torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban verən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcısı Sumqayıt Dostlar Klubunun sədri, həkim-filosof, yazıçı-publisist Hümbət Həsənoğlu kitab haqqında öz təəssüratlarını bölüşdükdən sonra qonaqları iştirakçılara təqdim edib. Sumqayıt şəhərinin ziyalılarından yazıçı-dramaturq, rejissor, Əməkdar İncəsənət Xadimi Ağalar İdrisoğlu, Azərbaycan Yazışılar Birliyi Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, şair Asif Asiman, MKS-nin baş biblioqrafı Yeganə Əhmədova, şair Lilpar Cəmşidqızı, Sumqayıtdakı “Məktəbli” MMC-nin rəhbəri, sahibkar Akif Şahbazov, “Sumqayıt” qəzetinin əməkdaşı İlhamə Məhəmmədqızı kitab haqqında öz fikirlərini bildirməklə yanaşı, Eyruz müəllimin mərdlik, cəsarət, vəzifəsindən, rütbəsindən asılı olmayaraq heç kimin qarşısında əyilməmək, qələmi ilə haqqı, ədaləti həmişə müdafiə etmək kimi xüsusiyyətlərindən bəhs ediblər.

Tədbir iştirakçıları Eyruz Məmmədovun yeddi gözəl keyfiyyətini oxuculara çatdırıblar. Bunlar –birinci, Eyruz qarşısındakı adamı yüksək səviyyədə dinləmək mədəniyyətinə, qabiliyyətinə malikdir. İnkici, Eyruz az danışmağı və çox iş görməyi xoşlayır. Danışdığı az cümlələrlə böyük fikirlər demək xüsusiyyətinə malikdir. Üçüncü, Eyruz dostluqda, yoldaşlıqda həmişə bütövdur. O, kiminlə dostluq, yoldaşlıq edirsə, heç vaxt təmənna güdmür və bu dostluğa həmişə sadiqdir. Dördüncü, Eyruz ailəsinə çox bağlı insandır. Onun üçün ailə ən müqqəddəs varlıqdır. Beşinci, Eyruz valideynlərinə və ümumiyyətlə, yaşlı insanlara həmişə hörmətlə yanaşıb və onları uca tutubdur. Altıncı, doğulduğu və yaşadığı Sumqayıtı canı, qanı qədər çox sevir. Buna görə də jurnalistlər arasında Sumqayıt haqqında ən çox yazan böyük ziyalıdır. Eyruz Sumqayıtı gözəl bir şəhər kimi quran, tarixə köçürən insanları tarixdə əbədi yaşadır. Bu da bizə bunu deməyə əsas verir ki, o, əsl cəfakeş sumqayıtlıdır. Yeddinci, Eyruz ən böyük, unikal, qədim ölkə kimi Azərbaycan haqqında dünya səviyyəsində çap olunan silsilə yazıların müəllifidir. Vətənini, xalqını sevməkdə Eyruz Məmmədov bir etalondur.Bir sözlə, Eyruz hər kəsə əlindən gələn köməkliyi böyük həvəslə eləyən dəyərli vətəndaş, böyük maarifpərvər insan, yaxşı müəllimdir. Onun xeyli jurnalistin yetişməsində əvəzsiz xidmətləri vardır.Tədbirin sonunda kitabın müəllifi, yazıçı-publisist, tərcüməçi Arif Ərşad çıxış edərək kitabın yaranması haqqında maraqlı xatirələrini iştirakçılara söyləyib.Eyruz müəllim isə çıxışında müəllifə, qələm dostlarına, oxuculara təşəkkürünü bildirib, kitabxanaçılara olan hörmətini ifadə edib, kitabxanaları məbədgah adlandırıb.Sonda NatəvanAxundzadə bütün iştirakçılara təşəkkürünü bildirib, belə təqdimatların daha da çox olmasını vurğulayıb.Yekun olaraq fikirlərimi bu maraqlı deyimlə tamamlamaq istəyirəm: “Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin”.

İlhamə MƏHƏMMƏDQIZI,

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü

Digər xəbərlər