Mədəniyyət

  • 1 665

Milli-mənəvi dəyərlər fonunda dövlətçilik

image

Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan həm dini, həm də milli-mənəvi dəyərlərimiz, Azərbaycanın yüksək əxlaqi xüsusiyyətlərinin təcəssümüdür. Milli- mənəvi sərvətimiz olan bu dəyərlərimiz ən azı duz-çörək qədər hamımıza əzizdir. Dünya xalqları arasında öz qədim milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı var etdiyi, əsrlərdir yaşatdığı və gənc nəsillərə təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə dünya mədəni irsində özünəməxsus yer tutur.

Uzun illər boyu aparılan tədqiqatlar, araşdırmalar qədim köklərə malik Azərbaycanın bir çox adətini əsrlər boyu qoruyub saxladığını üzə çıxarır, necə deyərlər atadan oğula, oğuldan da öz oğluna keçir. Azərbaycanın milli dəyərləri orta əsrlərdə formalaşan, o gündən bu günədək demək olar ki, konteksdən çıxarılmayan, itirilməyən dəyərlərdir. Bizim “türk-islam dəyərləri” adlandırdığmız əxlaq qaydaları da millət olaraq formalaşmağımızda da əhəmiyyətli rola malikdir.

Dini dəyərlər, həmçinin milli-mənəvi dəyərlər və azərbaycançılıq bizim hər birimiz üçün qiymətli və müqəddəs amillərdir. Xalqımız əsrlər boyu qoruduğu, tarixin bəzi dönəmlərindən talanaraq, məhv edilərək əlindən alınmağa çalışılan adətləri bu günədək gətirib çıxara bilib, bu da milli özünüdərkin formalaşmasına böyük kömək edib. Düzdür, tarix boyu bu sərvətimizə göz dikən yadellilər olub, amma bir millətin dəyəri onun qanında, genetikasındadır, o səbəbdən də milli-mənəvi dəyərlərimizi bizdən almaq cəhdləri həmişə boşa çıxıb, atalar demişkən, yel qayadan heç nə apara bilmir, tozdan başqa.

İndi dövlətimiz özündə həm milli, həm də dini dəyərləri ehtiva edən mənəviyyatlı bir cəmiyyətin sütunudur. Ölkə başçısı İlham Əliyev xalqımızın milli dəyərlərinin təbliğinə, gənclərimizin bu ruhda tərbiyə olunmasına ciddi diqqət yetirir, bu istiqamətdə dövlət proqramları təsdiq edir. Dövlət siyasətində hər bir azərbaycanlının, ən əvvəl, öz xalqının dəyərlərinə sahib çıxması, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və dini-milli dəyərlərini qoruması önə çəkilir. İndi Dövlətçilik siyasıtində “gələcək nəsillərə maddi sərvətlər və iqtisadi mirasla yanaşı, həm də daha çox milli irs, milli mentalitet ərmağan edilməlidir” prinsipi əsas götürülür.

Prezident İlham Əliyevin həyata keçirdiyi konsepsiyaya görə, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti məhz milli dövlətçilikdir. Milli dövlətçilik prinsipində dini dəyərlərin payına da önəm verilir. Dövlətimiz ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına da xidmət edir. Bu istiqamətdə atılan hər bir addım dədə-babalarımızdan bizə gəlib çatan müqəddəs irsin gələcək nəsillərə əmanət edilməsi, azərbaycançılıq məfkurəsinin, milli dəyərlər sisteminin bütün dünyada təbliği və qəbul olunması üçün həyata keçirilən məqsədyönlü strategiyanın tərkib hissəsidir.

Müasirlik milli kökü, adət-ənənəni, dini dəyərləri itirmək demək deyil, adət-ənənə, milli-mənəvi kökümüz elə müasirlik ənənələrinin fonunda da var ola bilir. Düzdür, zaman dəyişdikcə hər bir cəmiyyətə xas olan insanın psixologiyası, yaşam tərzi, milli dəyər anlayışı da müəyyən qədər dəyişə bilər. Nəsillərin dəyişilməsi ilə dəyərlərin mahiyyəti də dəyişir, amma Azərbaycan kimi milli kökünə bağlı olan ölkələrdə bu baş vermir. Bir ölkənin, müstəqil bir dövlətin ən böyük problemləri o zaman yaranır ki, o ölkədə mənəviyyat məsələsi arxa plana keçirilir. İqtisadi, siyası məsələlər mənəviyyatdan önə keçirsə o ölkədə, o xalqda rifah halı yaxşılaşmaz, insanlar birlik olmaz. Müstəqilliyin əsas üstünlüyü mənəvi məsələlərə diqqət ayırmaqdır.

Ailə və ağsaqqallıq institutları, doğma dil, din, əxlaqi və mental dəyərlərə söykənən dövlətçilik sistemi əslində bizim milli-mənəvi sərvətimizdir, şansımızdır. Sarsılmaz dövlətlər bu dəyərlər üzərində yaranır və inkişaf edir. İndi o dövlətlər güclüdür ki, onlar tarixləri ilə bu günlərinin sintezini düzgün qura biliblər. Azərbaycan öz tarixi boyunca məhz milli-mənəvi dəyərlər fonunda qurulan dövlətçilik sistemi ilə var olub, inkişaf edib və elə də davam edəcək.

Lalə Mehralı

Digər xəbərlər