PDF Oxu

Mədəniyyət

  • 5 304

Tamaşalarımız Türkmənistanda xarici klassiklər həftəsində nümayiş olunacaq

image

Türkmənistanda keçiriləcək xarici klassik tamaşalar həftəsi çərçivəsində Azərbaycan səhnə əsərləri geniş auditoriyaya təqdim olunacaq. Türkmənistanın daimi tərəfsizliyinin 30 illiyi münasibətilə dekabrın 6–12-də təşkil ediləcək mədəniyyət proqramında Azərbaycan incəsənətinin görkəmli nümayəndəsi Üzeyir Hacıbəylinin yaradıcılığı xüsusi yer tutacaq.

Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyindən verilən məlumata görə, mədəniyyət həftəsi çərçivəsində bəstəkarın “Ər və arvad” operettası əsasında hazırlanan eyniadlı tamaşa Aşqabadda Böyük Saparmurad Türkmənbaşı adına Baş Dram Teatrında türkmən dilində nümayiş etdiriləcək. Tamaşa ingilis və rus dillərinə sinxron tərcümə ilə təqdim olunacaq.

Qeyd edək ki, bu il Azərbaycan Prezidentinin Sərəncamı ilə Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ölkəmizdə və dünyada geniş şəkildə qeyd olunur. Mədəniyyət həftəsi çərçivəsində böyük bəstəkarın yaradıcılığının Türkmənistan tamaşaçılarına yenidən təqdim edilməsi həm dostluq əlaqələrinin, həm də mədəni əməkdaşlığın inkişafına töhfə verəcək.

Türkmənistanın mədəni həyatında Üzeyir Hacıbəylinin əsərlərinin xüsusi yeri var. “Ər və arvad” operettası ilə yanaşı, bəstəkarın məşhur “Arşın mal alan” əsəri uzun illərdir Aşqabaddakı teatr səhnələrində tamaşaçı rəğbəti qazanır və həm yerli, həm də xarici izləyicilər tərəfindən yüksək qiymətləndirilir. Bu çərçivədə Aşqabadın A.S.Puşkin adına Rus Dram Teatrında “Arşın mal alan” tamaşası ənənəvi olaraq yenidən nümayiş olunacaq.

Xarici klassiklər həftəsi müddətində tamaşaçılar Azərbaycanla yanaşı, ABŞ, qırğız, gürcü, rus, italyan və fransız dramaturqlarının əsərlərini izləmək imkanı əldə edəcəklər. Proqram mədəniyyətlərin yaxınlaşmasına, xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın gücləndirilməsinə xidmət edir.

Digər xəbərlər

Metyu Perrinin şəxsi əşyaları hərraca çıxarılıb...

Təşəbbüs asılılıqdan əziyyət çəkən insanlara kömək etməyi hədəfləyir...

Merilin Monronun görünməmiş fotoları ortaya çıxıb...

60 ildən sonra unikal bir arxiv ictimaiyyətə açıqlandı…

İki film Tom Kruzu necə yeni səviyyəli ulduz etdi...

Onlar onu Hollivudun əsas ulduzuna çevirdilər...

“Mən nəyəsə inanıram, amma nəyə inandığımı deyə bilmirəm...”

Çulpan Xamatova 14 yaşında “şüuraltı” vəftizindən danışıb və tatar dilində danışmadığını etiraf edib