PDF Oxu

Mədəniyyət

  • 11

Məktəb-studiyanın 30 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

Məktəb-studiyanın 30 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
Dekabrın 22-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) respublikanın əməkdar artisti Məcnun Kərimovun rəhbərlik etdiyi qədim musiqi alətləri dövlət ansamblının konserti oldu. BMA-nın nəzdindəki məktəb-studiyanın 30 illik yubileyinə həsr olunmuş tədbirdə çıxış edən Məcnun Kərimov ansamblın 1996-cı ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin xüsusi Sərəncamı ilə yarandığını, hazırda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərdiyini, indiyədək bir çox xarici ölkədə milli mədəniyyətimizi layiqincə təbliğ və təmsil etdiyini bildirdi. Qədim dövrlərdə ölkəmizdə 60-dan çox musiqi aləti oluğunu vurğulayan bədii rəhbər onlardan 11-nin BMA-nın nəzdindəki qədim musiqi alətlərinin bərpası laboratoriyasında bərpa olunaraq, ansamblda istifadə olunduğunu dilə gətirdi, bu alətlər haqqında ətraflı məlumat verdi. Qeyd edək ki, Məcnun Kərimov cəng, bərbəd, qopuz, çəqanə, tambur, rübab, rud və digər musiqi alətlərini XII-XIV əsr Azərbaycan alimləri-XIII əsrdə Şərqdə ilk musiqi nəzəriyyəsini yaratmış Səfiyəddin Urməvi və 38 musiqi əsəri bizə gəlib çatan Əbdül Qədir Marağayinin əsərlərindəki təsvirlər əsasında bərpa etmiş, eyni zamanda, bu alətlərdə ifa təliminin proqramını işləyib hazırlamışdı. Məktəb-studiya ölkəmizdə Qədim Azərbaycan musiqi alətləri fənninin tədris olunduğu yeganə musiqi məktəbidir. Sonda ansamblın solistləri - respublikanın əməkdar artistləri Nuriyyə Hüseynova və Teyyub Aslanovun ifasında qədim və orta əsrlərə aid Azərbaycan xalq mahnılarından ibarət geniş konsert proqramı təqdim olundu.

Digər xəbərlər