PDF Oxu

Mədəniyyət

  • 12

Bakı Xoreoqrafiya Məktəbi 80 illik yubileyini qeyd etdi

Bakı Xoreoqrafiya Məktəbi 80 illik yubileyini qeyd etdi
Dünən Azərbaycan Dövlət Opera və Balet Teatrında Bakı Xoreoqrafiya Məktəbinin yaradılmasının 80 illik yubileyi qeyd olundu. Ümumilli Liderimiz Heydər Əliyevin "Azərbaycanda klassik baletin inkişaf etməsi milli mədəniyyətimizin tarixində böyük bir hadisədir" kəlamı ilə başlayan yubiley mərasimi "Bakı xoreoqrafiya məktəbinin tarixindən səhifələr" sənədli filmi ilə davam etdirildi.
Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Xoreoqrafiya Məktəbinin kollektivini 80 illik yubileyi münasibətilə təbrik edərək, Prezident İlham Əliyevin Bakı Xoreoqrafiya Məktəbinin əməkdaşlarının təltif edilməsi haqqında imzaladığı sərəncamları oxudu.
Nazir əldə edilən nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkürünü bildirərək, nazirliyin təsis etdiyi xüsusi mükafatları Bakı Xoreoqrafiya Məktəbinin direktoru Nilufər Kərimovaya təqdim etdi. N.Kərimova rəhbərlik etdiyi kollektiv adından Əbülfəs Qarayevə minnətdarlığını ifadə edərək, məktəbin yaranma tarixindən, fəaliyyətindən, ölkəmizdə balet sənətinin inkişafından söz açdı. Belə ki, Bakı Xoreoqrafiya Məktəbinin respublikamızda balet və xalq rəqsi sahəsində ixtisaslı artist kadrları hazırlayan yeganə tədris müəssisəsi olduğunu nəzərə çatdırdı. O, opera teatrının balet truppası üçün milli balet artistləri hazırlamaq məqsədi ilə yaradılmış kiçik studiyadan Bakı Xoreoqrafiya Məktəbinə qədər böyük inkişaf yolu keçmiş bu sənət ocağında 80 il ərzində yüzlərlə yüksək ixtisaslı kadr hazırlandığını söylədi.
Azərbaycan baletinin təşəkkülündə misilsiz xidmətləri olmuş Qəmər Almaszadə ilk təhsilini Bakı Xoreoqrafiya Məktəbində almış, milli xoreoqrafiya məktəbinin parlaq simalarından olan Leyla Vəkilova, Afaq Məlikova Oreoqrafiya məktəbinin parlaq simalarından olan Leyla Vəkilova, Konstantin Bataşov, Xumar Zülfüqarova, Rəfiqə Axundova, Maqsud Məmmədov, Vladimir Pletnyov, Çimnaz Babayeva, Vitali Axundov, Afaq Məlikova, Mədinə Əliyeva, Təranə Muradova və onlarla tanınmış rəqqas məhz bu məktəbdə sənətə yiyələnmişlər.
Bakı Xoreoqrafiya Məktəbində Tamilla Şirəliyeva, Yusif Qasımov, Tamilla Məmmədova kimi respublikanın görkəmli balet və xalq rəqs ustaları pedaqoji iş apararaq, gənc nəslə xoreoqrafiya sənətinin sirlərini öyrədir, onları klassik və xalq rəqsinin incəliklərinə yiyələndirirdilər.
Bakı Xoreoqrafiya Məktəbinin məzunları ABŞ, Almaniya, Çin, İsrail, Latviya, Rusiya, Türkiyə, Ukrayna, Yunanıstan və s. ölkələrin nüfuzlu teatrlarında və təhsil ocaqlarında çalışaraq Azərbaycan xoreoqrafiya məktəbini uğurla təmsil edirlər.
Zəngin ənənələrə malik Bakı Xoreoqrafiya Məktəbini yubiley münasibətilə Rusiya, Belorus, Gürcüstan, İtaliya, Moldova, Ukrayna, Türkiyə və Albaniyadan gəlmiş tanınmış balet ustaları, xoreoqraflar, habelə, Azərbaycan Rus Dram Teatrı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı, Azərbaycan Dövlət Filarmoniyası və digər tanınmış kollektivlər səmimi təbrik etdilər.
Qonaqlar sırasında Neapol San Karlo Teatrının direktoru Cüzeppe Karbone, Moldovanın xalq artisti Yuri Qorşkov, Moldovanın əməkdar incəsənət xadimi Yuri Madan, Rusiyanın əməkdar incəsənət xadimi, professor Lyudmila Kolençenko, Rusiyanın xalq artisti, professor Valeri Anisimov, Rusiya Xoreoqrafiya Assosiasiyasının üzvü, tanınmış tənqidçi Aleksandr Maksov, Ukraynanın əməkdar incəsənət xadimi Sergey Şvets, Tbilisi Xoreoqrafiya Məktəbinin direktoru Zviad Bakradze və başqaları da var idi. Bakı Xoreoqrafiya Məktəbinin məzunları, QİTİS Rusiya Teatr Sənəti Akademiyasının dekanı, Rusiyanın və Azərbaycanın əməkdar artisti, Beynəlxalq Pedaqogika Akademiyasının akademiki, fəlsəfə doktoru, professor Vitali Axundov, SSRİ və Belorus Respublikasının xalq artisti, Belorus Dövlət Mükafatı laureatı, professor Valentin Yelizaryev, İtaliyada "Azəri" Azərbaycan Mədəniyyəti Assosiasiyasının prezidenti, Orizon Rəqs Məktəbinin dosenti Mais Nuriyev, Latviya Milli Operasının solisti, beynəlxalq müsabiqə laureatı Ülvi Əzizov da yubiley tədbirində iştirak edirdilər.

Digər xəbərlər