PDF Oxu

Mədəniyyət

  • 9

Kitabxana mənəviyyat, bilik və zəka mənbəyidir

Kitabxana mənəviyyat, bilik və zəka mənbəyidir

Kitabxana xalq, millət üçün, cəmiyyət üçün mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdəndir. Ulu Öndərimiz Heydər Əliyevin bu qiymətli sözündən sonra adam nə isə tapıb yazmağa bir az aciz qalır.
Kitabxananı qurub-yaradan yaradıcı nəslin nümayəndələrindən birini sizlərə təqdim etmək istəyirəm. O, kimdir?
Zemfira Qəhrəmanova 1938-ci ildə Bakı şəhərində ziyalı ailədə dünyaya gəlib. Azərbaycanda biblioqrafiya elminin banisi olan Əliheydər Qəhrəmanovun qızıdır. Bu böyük alim biblioqrafiyanın nəzəriyyə və metodikasını yaratmış və təcrübi olaraq biblioqrafik göstəricilər tərtib etmişdir. Onun səhəvi retrospektiv biblioqrafiyanın inkişafında xidmətləri böyükdür. Əliheydər Qəhrəmanov səkkiz retrospektiv və şəxsi biblioqrafik göstəricinin müəllifidir. Əlbəttə, Ə.Qəhrəmanovun xidmətləri elmi yaradıcılıqla məhdudlaşmamış, o, Azərbaycanda kitabxanaçılıq işi və biblioqrafiyanın inkişafında, kompuyterləşməsində mühüm xidmətləri olan qızı Zemfira xanımı, oğlu Fikrət Qəhrəmanovu da yetişdirmişdir. Azərbaycanda kitabxanaçılıq və biblioqrafiya elminin yaranmasına, inkişafına böyük töhfələr vermiş bir ocaqda dünyaya göz açmış Zemfira Qəhrəmanova 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq və biblioqrafiya fakültəsini bitirmişdir. Z.Qəhrəmanovanın M.F.Axundov adına Milli Kitabxananın tematik biblioqrafik kartotekasının yaradılmasında böyük əməyi olmuşdur.
Milli kitabxananın bugünkü sistemli kartoteka proqramı onun uzaqgörənliyinin və böyük zəhmətinin nəticəsidir. Z.Qəhrəmanova deyir: "1990-cı illər Azərbaycanda hər işin mexanizmləşmə və avtomotlaşma prosesi başladı. Dünyada bu proses bir qədər öncədən gedirdi və mən bu prosesi yaxından izləyirdim. Başa düşürdüm ki, bu vacib qaçılmaz bir sistemdir və gəlib çatanda, biz buna hazır olmalıyıq. Odur ki, uzun illər, heç kəsə demədən, öz təşəbbüsümlə kompyuterləşmə və qloballaşma ilə bağlı məlumat yığmaqla məşğul olmağa başladım. Bütün səylərimi məlumat bazalarının yaradılması, elektron və rəqəmsal kitabxanalar, onların kataloqları, internet və internet məlumata əlçatımlığı kimi müasir mövzulara dair faktlar toplamağa yönəltdim. Bu, bir yeni keçid idi, yeni rubrikalar, mövzular meydana gəlirdi. Məlumat topladıqca yığılan bazanın kartotekasını yaratdım. Mövzular artıq zamanın və maraqların dəyişməsi ilə bağlı idi".
Milli kitabxanada bu barədə hələ heç kəs məlumatlı deyildi. Zemfira xanım əmin idi ki, bu iş lazım olacaq və belə də oldu. 1990-cı ildən etibarən oxucular yavaş-yavaş bu sorğularla kitabxanaya gəlməyə başladılar. Bəzən onların sorğularını təmin etmək olmurdu, amma bütövlükdə, kitabxana bu prosesə Zemfira xanımın sayəsində hazır idi. Bu kitabxana müdiriyyətini də təəccübləndirmişdi. Onlar belə işin artıq hazır olduğundan məlumatsız idilər.
Zemfira xanım deyir: "Ən xoş olanı odur ki, bizim kitabxana kompyuterləşmə sistemindədir. Bu gün kitabxanamızda yeniliklər, yeni qaydalar çox yüksək səviyyədədir və mənim müəyyən bazaların yaradılmasında yığdığım məlumatlar kitabxananın nəhəng fondu üçün yardımçı olur. Ömrüm kitabxanada keçib. Kitabxana müqəddəsdir, təhsilin təməlidir. Mənim üçün ən böyük dərd oxucunu əliboş yola salmaqdır. Elə bu gün də öz bildiklərimi gənc biblioqraflara öyrədir və bu sahədə əlimdən gələni əsirgəmirəm".
Odur ki, biz də ona uzun ömür və can sağlığı arzu edirik. Gözünüzün nuru, qəlbinizin hərarəti sönməsin, Zemfira xanım! Hey yaşayıb-yaradın. Siz daha yüksək qiymətə, daha yaxşı hörmətə, daha uca fəxarətə layiqsiniz. Zəhmətinizin bəhrəsini görəcəksiniz, inşaallah. Sizə kollektivimiz adından uğurlar diləyirik.

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının sorğu-informasiya şöbəsi

Digər xəbərlər