Montrödəki 43-cü Beynəlxalq Caz Festivalı ilə bağlı mətbuat konfransı keçiriləcək
Məlum olduğu kimi, Azərbaycan nümayəndə heyəti bu günlərdə İsveçrənin Montrö şəhərində keçirilən Beynəlxalq Caz Festivalından geri dönmüşdür. Festivalda uğurlu proqram əsasında çıxış edən Azərbaycan musiqiçiləri əcnəbi dinləyicilərini ifaları ilə təəccübləndirmiş, yaddaqalan çıxışları ilə alqışlarla qarşılanmışdırlar. Azərbaycanı təmsil edən musiqiçilər "Şərq həzzi: Azərbaycan" adlandırılan konsertlərlə çıxışlara başlamışlar.
Festival çərçivəsində Emil İbrahim və qrupu, Zülfüqar Bağırovun kvarteti konsertlərə gələn çoxsaylı tamaşaçı kütləsini çıxışları ilə heyran etmişlər. Daha sonra iştirakçılar İsfar Rzayev - Sarabskinin çıxışlarını dinləmişdir və final mərhələsində Azərbaycan cazmeni İsfar Sarabski qalib elan olunmuşdur. Bütün münsiflərin rəğbətini qazanan 20 yaşlı cazmen İsfar Sarabski ilə birinci yeri bölüşən kiçik yaşlı gürcü pianoçusu Beko Qoçiaşvili isə azyaşlı olmasına rəğmən, belə bir formatda yarışmaya qoşulduğuna görə təqdir olunmuşdur. Əməkdar artist Salman Qəmbərov-pianoçu-bəstəkar öz qrupu Vaqif Əliyev, Tofiq Cabbarov-zərb alətləri, Emil Hüseynov-bas gitara ilə birgə Pöttit Pale otelinin konsert zalında fövqəladə bir konsert verərək Azərbaycan musiqiçilərinin nəyə qadir olduqlarını bir daha sübut etmişdir. Məlumat üçün deyək ki, ikinci yerə alman musiqiçisi Frans fon Çossi, üçüncü yerə isə isveçrəli Klod Diallo layiq görülmüşdür. Yeri gəlmişkən, Salman Qəmbərovun master-klassları və Emin İbrahimovun jəm-seyşnlara qatılması da ayrıca söhbətin mövzusudur. Məlum olduğu kimi, artıq musiqiçilərimiz böyük uğurlara imza atdıqdan sonra vətənə dönmüşlər. Bu möhtəşəm uğurun nəticələri və nailiyyətlərilə bağlı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən iyul ayının 24-də Bakı Caz Mərkəzində Montrödəki 43-cü Beynəlxalq Caz Festivalına həsr olunmuş mətbuat konfransı keçirəcək. Mətbuat konfransında layihənin müəllifi olan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, festivalın qalibi İsfar Sarabski və festivalda iştirak edən bütün ifaçılar jurnalistləri maraqlandıran suallara cavab verəcəklər.