Cüzeppe Verdinin ölməz “Riqoletto” operası oynanılacaq
Opera və Balet Teatrı klassik opera sənəti həvəskarlarına gözəl bir Yeni il töhfəsi hazırlayıb. Dekabrın 18-də bu teatrda görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin ölməz "Riqoletto" operası oynanılacaq.
Tamaşaçılar yerli vokal ustaları ilə yanaşı, dünya opera sənəti ulduzlarının da ifası ilə tanış olmaq imkanı qazanacaqlar. Tamaşanın təşkilatçıları opera həvəskarlarının önünə əsil beynəlmiləl heyət çıxarmağı planlaşdırırlar. Belə ki, tamaşada baş rolu - Riqoletto partiyasını məşhur vokalçı və opera sənətçisi, SSRİ xalq artisti, Dövlət mükafatları və vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, professor İvan Ponomarenko ifa edəcək.
Xatırlatmaq yerinə düşər ki, İvan Ponomarenko Avstriyanın Zalsburq və Almaniyanın Münhen şəhərlərində keçirilən beynəlxalq opera sənəti festivallarında Riqoletto rolunun ən yaxşı ifaçısı üçün təsis edilən mükafatın sahibidir. Əslən Ukraynadan olan İ. Ponomarenko hazırda Avropanın La Skala, Koven-Qarden və s. kimi məşhur opera səhnələrində uğurla çıxış edir. Məşhur ifaçı Azərbaycana ilk dəfə gəlir. Ukraynanın xalq artisti Ponomarenko ilə danışıqlar hələ ötən mövsümdən aparılırdı. Amma sənətkarın iş qrafiki sıx olduğu üçün indiyədək onun Azərbaycana səfəri baş tutmurdu.
Tamaşada əsas obrazlardan biri - Cilda partiyasını Ukrayna Akademik Opera və Balet Teatrının aparıcı solisti, Ukraynanın xalq artisti, vokalçıların beynəlxalq müsabiqlərinin laureatı Olqa Naqornaya ifa edəcək. Gürcüstanın xalq artisti, qonşu ölkənin Dövlət mükafatı laureatı, vokalçıların beynəlxalq müsabiqəsinin mükafatçısı Teymuraz Ququşvili də "Riqoletto" operasının tamaşasında əsas rollardan birində - Hersoq partiyasında çıxış edəcək. Onlarla birlikdə Azərbaycanın tanınmış və istedadlı vokal ustaları, o cümlədən, əməkdar artistlər Şahlar Quliyev, Əli Əsgərov və Əkrəm Poladov da səhnəyə çıxacaq. Tamaşa teatrın baş dirijoru, Azərbaycanın əməkdar incəsənət xadimi Cavanşir Cəfərovun rəhbərliyi altında oynanılacaq.