“Ənənə və müasirlik” adlı Beynəlxalq İncəsənət Festivalına yekun vurulub
Bildiyimiz kimi, Moskvada "Ənənə və müasirlik" adlı Beynəlxalq İncəsənət Festivalına start verilmişdir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Beynəlxalq Festivalda ölkəmizi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, əməkdar rəssam Fərman Qulamov təmsil edirdi. Mədəniiyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata əsasən, artıq 3-cü dəfə keçirilən bu nüfuzlu Beynəlxalq Festivalda Azərbaycan nümayəndəsi ilk dəfə iştirak edib. Dünyanın 20-dək ölkəsindən və Rusiya Federasiyasının 15 subyektindən olan tanınmış rəssamların qatıldığı festivalın ən yüksək nominasiyası "Rəngkarlıqda ənənələrin saxlanması" üzrə olub. Həmin nominasiya üzrə yarışmada mükafatlandırılan 4 rəssamdan biri azərbaycanlı rəssam Fərman Qulamov olub. Mükafatların təqdimetmə mərasimi Moskva Et Cetera Teatrının binasında keçirilib. Mərasimdə Moskva meriyasının rəhbərliyi, Rusiyanın tanınmış rəssamları və incəsənət xadimləri iştirak edib, Azərbaycan rəssamının əsərləri yüksək qiymətləndirilib.
Məlumat üçün deyim ki, Fərman Qulamov 1945-ci ildə Astara rayonunda anadan olub. 1967-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1976-cı ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirib. 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Bir çox respublika və beynəlxalq sərgilərdə iştirak edən rəssamın 1995-ci ildə Vəcihə Səmədova adına sərgi salonunda 1996, 1998-ci illərdə Moskva Beynəlxalq Sərgi Salonunda, 2005-ci ildə isə Bakıda Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi salonunda fərdi sərgiləri keçirilib. Fərman Qulamov 1994-cü ildə "HUMAY" Mükafatına layiq görülüb.