“Dədə Qorqud Kitabı” və “Koroğlu” eposları Macarıstanda işıq üzü görüb
AMEA Folklor İnstitutunun və Mərkəzi Macarıstanda yerləşən Avropa Folklor İnstitutunun birgə elmi əməkdaşlığı, habelə Azərbaycanın Macarıstandakı səfirliyinin köməyi ilə Azərbaycan folklorunun ən möhtəşəm epik abidələrindən olan "Dədə Qorqud Kitabı" və "Koroğlu" dastanları "Azərbaycan qəhrəmanlıq eposu" seriyasından nəfis şəkildə, yüksək poliqrafik tərtibatla işıq üzü görüb. Çağdaş zamanda Azərbaycanın qədimliyinin yenilməz sübutu olan folklor soraqlarının dünyaya təqdimi baxımından, bu, olduqca gərəkli, ciddi bir hadisədir.
"Dədə Qorqudun Kitabı"na araşdırmaçı Hobbal Mihali giriş sözü yazıb. AMEA Folklor İnstitutunun direktoru, tanınmış folklorşünas-alim, professor Hüseyn İsmayılovun "Dədə Qorqud Kitabı" haqqında tutarlı ön sözü dastanın xəlqi, elmi-tarixi, habelə, bəşəri mahiyyətini açır.
Habelə, kitabın redaktoru tərəfindən "Dədə Qorqud Kitabı"nın yaranmasından bəhs edən araşdırma, Azərbaycanda bu mövzuda aparılan araşdırmalar, Oğuzların tarixi və başqa məsələlər kitabda yer alıb. Kitabın sonunda qeydlər, izahlar, şərhlər təqdim olunur. Burada qədim Azərbaycan-türk sözlərinin izahı diqqəti xüsusi çəkir.
"Dədə-Qorqud Kitabı" qeyri-adi, milli ruhumuzun qədim soraqlarını özündə bitkin, yetkin səviyyədə yaşadan bu zəngin sərvətin ömrümüzə, ruhumuza tam mənasıyla gəlməsi vaxtı olduğunu, habelə, dünyaya təqdimində tamamilə yeni bir gərəkli mərhələ yarandığını bildirir. Dədə Qorqud Ruhu qan yaddaşımızda yaşayır.
"Koroğlu" eposu da macar alimi Hobbal Mihalinin giriş sözü ilə açılır. Macar tədqiqatçısı Adorian İmrenin "Koroğlu" dastanının poetikası, genezisi, strukturundan bəhs edən araşdırması macar alimlərinin, ümumən çağdaş Avropa alimlərinin yeni çağda türkologiyaya ciddi səviyyədə münasibətinin yeni çalarlarının, dərk etməsinin formalaşması kimi meydana çıxır.
Sözügedən "Koroğlu" dastanı Məmmədhüseyn Təhmasibin variantı əsasında çap olunub. Hər qolla bağlı qeydlər, izah və şərhlər verilib.
Qeyd edək ki, indiyə kimi macar alimlərindən Gusila Mesoroş, İqnats Kunoş, German Vambere "Koroğlu" eposunu araşdırmışlar.