PDF Oxu

Mədəniyyət

  • 10

Azərbaycan ifaçılıq sənətində yeni nəfəs

Azərbaycan ifaçılıq sənətində yeni nəfəs

Azərbaycan musiqi sənətinin gözəl nümunələri zamanla insan arasında yaranmış olan mənəvi-psixolji gərginliyin aradan qaldırılmasında, əqllə qəlbin mübarizə apardığı bir məqamda, hər bir fərdin ruhi dünyasına daxil olaraq onu saflaşdırır, müdrik addımlar atmağa sövq edir.
Musiqi mənəvi dünyamızın əbədi qonağıdır. Elə Azərbaycan- Alman Mədəniyyət Mərkəzi "Kapellhaus"da təşkil edilən konsert proqramında bunun bir daha təsdiqini tapdıq. Gənc tarzən Yusif Bayramovun solo-konserti zamanı Azərbaycan və dünya bəstəkarların əsərləri əsasında hazırlanmış repertuarı salona toplaşmış musiqisevərlərin qaynar həyatına sakitlik, rahatlıq gətirdi. Konsert proqramına Fikrət Əmirovun "Fantaziya"sı ("Sevil" operasının əsasında tar ilə), Arif Məlikovun "2 fraqment" ("Məhəbbət əfsanəsi" baletindən), V.Motsartın "Üvertüra"("Fiqaronun toyu" operasından), P.Çaykovski "Payız nəğməsi", R.Korsakovun "Mozalanın uçuşu", "Çoban-bayatı" muğamı, A.Rzayevin "Düşüncə-qaytağı", F.List-Paqanini mövzuları əsasında "Variasiyalar"(işləyəni professor Məmmədağa Kərimov), "Orta mahur" muğamı, A.Məlikovun "Komdenin göz yaşları" ("İki qəbin dastanı" baletindən), V.Montinin "Çardaş", H.Rzayevin "Cahargah rapsodiyası"daxil idi. Bu cür əsərləri solo olaraq səslədirmək gənc ifaçının bütün sənət xüsusiyyətlərini üzə çıxarmasına imkan verir. Bu, onun üçün əsil sınaq imtahanı, hesabat idi.
Zövlü və tələbkar dinləyici qarşısında mürəkkəb ifaya malik olan əsərlərlə çıxış etmək Yusifin sənət yolunun ilk addımları, sənət yoluna salınacaq izlərdir. Bülbül adına Orta İxisas Musiqi Məktəbin Xalq Çalğı Alətləri şöbəsinin 9-cu sinif şagirdi olan Yusif, 1,5 saat ərizində ifaçılıq cizgilərini nümayiş edirərək həm müəlliminə, həm də özünə başucalığı gətirdi. Qeyd edim ki, Yusifin ixtisas müəllimi Səbuhi Cəfərov artıq altı ildir ki, ona dərs deyir. Təbii ki, bir pedaqoq olaraq onunla məşğul olmağa başlayarkən yeniyetmə oğlanın imkanlarını nəzərə almış, fərdi keyfiyyətləri və istedadı çərçivəsində ona ifaçılıq sənətinin sirlərini hissə-hissə əxz etməyə başlamışdır. Bu münasibət, sənət meyarları baxımından yetişən ifaçının üzərinə ilk gündən qoyulan məsuliyyət deməkdir. İstedad və zəhmətin vəhdəti əsasında sənət nümayiş etdirmək istəyində olan şəxs bu yolda prinsipiallıq göstərməlidir.
Təbii ki, Yusif də sənətə bu prizmadan yanaşdığından, bu gün tələbkar olan tamaşaçı qarşısında sözünü deyə bildi. Onun yaşının az olmasına baxmayaraq, bu günə qədər respublika miqyasında keçirilən festival və müsabiqələrin qalibi olmuş, uğurlu nəticələr əldə etmişdir. Belə ki, o, 2004-cü ildə Nazim Əliverdibəyov adına IV Ümumşəhər müsabiqəsini laureatı, 2008-ci ildə Heydər Əliyev adına I Ümumrespublika müsabiqəsinin laureatı, 2008-ci ilin may ayında Rusiya səfirliyi tərəfindən keçirilən "Rodniki duşi" VI Respublika müsabiqəsinin laureatı, Bülbül adına Orta İxisas Musiqi Məktəbin 2005, 2006, 2007-ci illərdə keçirdiyi Kövkəb Səfərəlibəyova adına festivalın iştikaçısı olmuş, Bülbül adına Orta İxisas Musiqi Məktəbində və Ş.Ələkbərova adına 20 saylı Uşaq Musiqi Məktəbində solo-konserti təşkil edilmişdir. Bu, Yusifin sayca üçüncü solo konsertidir. Maraqlı çıxışı ilə alqışlar qazanan Yusifin ifaçılıq qabiliyyəti ilə bağlı tanınmış musiqiçilərin fikirlərin öyrəndik:

Vakı Musiqi Akademiyasının dosenti, tarzən Səbuhi Cəfərov:

"Bu konsert bizim Yusiflə olan zəhmətimiz əsasında təşkil olunub. Onunla bir müəllim kimi ilk dərsə başladığım zaman ifaçılıq meyillərinin hansı səviyyədə olduğunu hiss edirdim. 5-6 il ərizində gərgin olaraq çalışıb, tar ifçılığı sənətinə yol açmaq istəyində olan Yusifin bacarıqlarının üzə çıxarılması istiqamətində səylə çalışırdıq. Yusifin başqa tələbələrimdən fərqli ondadır ki, o, dərs prosesində yeni materialları tez qavrayır. Yaşına görə musiqiyə yanaşmaq qabiliyyəti yüksəkdir. İş prosesində bəzi yaradıcılıq imkanları özünü göstərir. Əsərə düşüncəsinin müdaxiləsini görüb onun istedadlı olması qənatinə gəldim. Ona verilən tapşırıqları artıqlaması ilə axtarışları müqabilində mənə təqdim etməsi diqqətimdən kənarda qalmadı. Mövcud olan nəzəriyyə ilə təcrübəni birləşdirib onun yaradıcılıq potensialından maksimum istifadə etib, bu günə qədər əldə etdiyi nəticələri əsas götürərək solo-konsert təşkil etməyə qərar verdik. Səhnədə 1,5 saat solo konsert vermək artıq onun qeyri-adi istedada malik olduğunu təkdiqləyən amildir. Belə ki, tamaşaçı qarşısında ifaçı kimi özünü saxlamaq məsuliyyəti bizim zəhmətin müqabilində çox məqamlara aydınlıq gətirdi. Etiraf edək ki, neçə ayın gərgin əməyini onun doğrultmağını gözləyirdim və belə də oldu.
Konsertdə ali musiqi ocaqlarının professor və müəllim heyəti iştirak edirdi. Onlar Yusifin ifasını yüksək qiymətləndirdilər. Yusif bu gün yaşına görə çox böyük bir yükün öhdəsindən gəldi və inanıram ki, bu nailiyyətdən başı gicəllənməyəcək. Mən bir müəllim kimi konsertdən çox razı qaldım. Gördüyünüz kimi, konsert proqramında çox çətin, mürəkkəb əsərlər var idi. Bu ifalar tarzəndən məsuliyyət tələb edir ki, Yusif onların öhdəsindən gəldi. "Çoban-bayatı" muğamı, "Orta mahur" muğamı, V.Monti "Çardaş" və başqa əsərlər tar ifasında texniki baxımdan hazırlıq tələb edir. Yusif ilə qarşıda çox gedəcəyimiz yollar var. Müasir dövrümüzdə xalq musiqisinə diqqət yüksəkdir. Bu diqqət və qayğının nəticəsidir ki, gənc ifaçıların solo konsertini bu şəkildə təşkil edə bilirik".

Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin Xalq Çalğı Alətləri şöbəsinin müdiri, əməkdar müəllim Əflaruz Məmmədov:

"Yusif Bayramov "Kopenhauz"da əsil sənət nümayiş etdirdi. Onun ifası mükəmməl şəkildə tar sənətinə yiyələnməsindən irəli gəlirdi. Gənc olmasına baxmayaraq, Azərbaycan və dünya klassikasının ən gözəl nümunələrini deyərdim ki, ustalıqla dinləyicilərə çatdırdı. Yusif tar ifaçılıq sənətinin özünəməxsus dəyərlərinə əsaslanaraq sənətdə düzgün yol tutub. Düzgün qoyulan bünövrə sənətdə ifaçını uçuruma apara bilməz. Mən gənc ifaçıya sənət uğurları arzulayıram."

Respublikanın xalq artisti, tarzən Ağasəlim Abdullayev:

"Konserti çox böyük maraqla dinlədim. Həqiqətən də, konsert həddən artıq zəngin proqram əsasında hazırlanmışdır. Bu səviyyədə təşkil olunmasında müəllimi Səbuhi Cəfərova minnətdarlığımı bildirirəm. Bu məna də ki, onun tələbəsinin yüksək səviyyədə yetişməsində zəhməti çox olub. Təbii ki, ifaçı istedadlı olmasına baxmayaraq, tək hazırlaşıb dinləyicilər qarşısında məsuliyyətlə hesabat verə bilməzdi. Konsert proqramına daxil olan əsərlər sırasında elə klassik nümunələr var ki, onları Milli Konservatoriyada təhsil alan tələbələr belə onun səviyyəsində ifa edə bilməzlər. Konsert proqramına Səbuhi Cəfərovun, Məmmədağa Kərimovun və başqalarının tar üçün işləmələri daxil idi. Elə əsərlərin öhdəsindən yalnız fitri istedada malik olan tələbələr gələ bilərlər. Hər bir şey zəhmət hesabına hasil olur. İfaçıda 30% istedad varsa, 70% zəhmət tələb olunur. Yusifdə o işgüzarlığı görürəm. Bunlar hamısı, bir daha deyirəm ki, müəlliminin zəhmətidir. Mən deyərdim ki, Yusif Səbuhi Cəfərovun bu səviyyədə yetirdiyi ilk yetirməsi deyil. O, onlarca belə istedadlı tələbələri sənətə hazırlamışdır. Yusifə gələcək fəaliyyətində uğurlar arzulayıram. İnanıram ki, o, Milli Konservatoriyada təhsilini davam etdirəcək. Bugünkü konsertə görə, bir daha Səbuhi Cəfərova təşəkkürümü bildirirəm".

Əməkdar incəsənət xadimi, Milli Konservatoriyanın elmi işlər üzrə prorektoru, sənətşünaslıq namizədi Vaqif Əbdülqasımov:

"Tarzən Yusif Bayramovun çox təmtəraqlı solo-koserti keçirildi. Onun konsertdə göstərdiyi ifaçılığı məni heyran etdi. Gənc olmasına baxmayaraq, bir çox müsabiqələr laureatdır. Bütün bunlarla yanaşı, mən onun ifasını canlı olaraq gördüm. Altı ildə aldığı təhsil çox yüksək şəkildə bəhrəsini verdi. O, Azərbaycan və Qərb bəstəkarlarının əsərlərini həm bədii, həm də texniki cəhətdən fərdi üslubda ifa edib, tar alətinin milli koloritini göstərməklə yanaşı, bəstəkarların əsərlərini də çox aydın şəkildə səsləndirdi. Maraqlı ifa zamanı istedadı ilə yanaşı, müəllimi Səbuhi Cəfərovun əməyi bu konsetdə bir daha özünü büruzə verdi. Təbii ki, bu, bizim Səbuhinin belə yetirmələri ilə ilk tanışlığımız deyil. Mən deyərdim ki, Yusif Bayramovun bu səhnədəki çıxışı müəlliminin nailiyyətidir. Səbuhi bir daha təsdiqlədi ki, o, gözəl ifaçı olmaqla yanaşı, gözəl də pedaqoqdur".

Milli Konservatoriyanın Xalq Çalğı Alətləri kafedrasının müdiri, professor, əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi Məmmədağa Kərimov:

"Belə konsert proqramarı mütəmadi olaraq keçirilir. Xalq musiqisinə diqqət artır. Səbuhi Cəfrovun yetirmələri sənətə xüsusi məhəbbətlə yanaşırlar. Beş il mən onun müəllimi olmuşam. Bu gün o istedadlı gənc tarizənlər nəsli yetişdirir. Yusifin çıxışı səmimi deyirəm ki, təqdirəlayiqdir. Proqram əsasında tərtib olunmuş əsərləri səlist, rəvan səsləndirdi. Bu ifaya görə Yusifin müəllimlərini təbrik edirəm".

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dekanı, əməkdar artist Vamiq Məmmədəliyev:

""Kapenhauz"da təşkil olunan konsert uğurlu keçdi. Bu konsertin təşkilində müəlliminin rolunu xüsusi qeyd etmək lazımdır. Müasir dövrümüzdə müəllimin yetirməsinin konsert təşkil etməsi, ona məhəbbətlə yanaşması, musiqimizin nailiyyətidir. Etiraf edim ki, biz bu konsertdən zövq aldıq. Konsert başlamazdan əvvəl proqramla tanış olarkən, onun çox çətin tərtib olunduğunu gördüm. Konsertdə Səbuhi Cəfərovun işləmələri də diqqətimi cəlb etdi. O, mənim tələbəm olub. Deyim ki, Yusifin ifasına məxsus olan səpkini hər müəllim öz yetirməsinə verə bilmir. Hər yaşda ifanın müəyyən xüsusiyyətləri var. Bu yaşda professional şəkildə tələbənin musiqiçilər qarşısında çıxışı cəsarət, inam tələb edir. Tələbələri düz yola səsləyən müəllimləridir. Bu konsert qısa bir zamanın nəticəsi deyil ki, bizə təqdim olundu. Ayların zəhmətinin nəticəsi bəhrəsini vermiş oldu. Çox gözəl çıxış idi, ən əsası isə yorucu deyildi. Bir tarizən olaraq zövq aldım. V.Motsartın "Üvertüra"sı, V.Montinin "Çardaş"ı, Fikrət Əmirovun "Fantaziya"sı və b.-nın əsərləri bədii və texniki cəhətdən ustalıqla səsləndirildi. Bu əsərlərin hər birinin böyük xarakteri olduğundan onların süjetini tutmaq elə də asan deyil. Hamısı professional tərzdə təqdim olundu. Onda tara məxsus olan barmaqlar var. O, düzgün istiqamətləndirilmiş ifaçıdır. Səbuhi sinfində olan bir çox tələbələri də yüksək səviyyədə yetişdirəcək. Onun belə bacarıqlı tələbələri yetişsin və biz mütəxəssislər də qiymətimizi verək".

Digər xəbərlər