Bildiyimiz kimi dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin dövlət səviyyədə qeyd edilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Bu, təkcə Nəsimi yaradıcılığına deyil, həm də Azərbaycan ədəbiyyatına olan diqqət və qayğının göstəricisidir. Ümummilli Lider Heydər Əliyev elmə, təhsilə, mədəniyyətə daim xüsusi önəm verib. Ulu Öndərin ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu fikirləri Bakı Dövlət Universitetinin filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova bildirib. "Nəsimi yaradıcılığı klassik ədəbiyyatımızla yanaşı, folklor irsimizin öyrənilməsi, XIII-XIV əsrlərdəki xalq şeiri şəkillərinin hansı mərhələdə olduğunun aydınlaşdırılması, həmin dövrdəki ədəbi dilin müəyyənləşdirilməsi üçün əsaslı rol oynayır. Nəsiminin ədəbiyyat tariximizdəki xidmətlərindən danışarkən onun bədii-fəlsəfi şeirimizin əsasını qoyduğunu, söz sənətimizə verdiyi töhfələri qeyd etməliyik. Azərbaycan şeirinin şəkli xüsusiyyətlərinin formalaşdırılmasında, əruz vəzninin bəhrlərinin dilimizin xüsusiyyətlərinə uyğunlaşdırılmasında müstəsna rolu olan böyük şair Nəsiminin ana dilində ilk tərcibənd, müstəzad və mürəbbelər, orijinal rübai və tuyuqlar yazması, yaradıcılığında xalq şeiri üçün spesifik olan əlamətlərdən, dünya və kainatın yaradılışı ilə bağlı sakral bilikləri əks etdirən folklor nümunələrindən istifadə etməsi onun əsərlərini milli-mənəvi cəhətdən zənginləşdirib. Nəsimi yaradıcılığına nəzər saldıqda onun folklorla əhatələndiyinin şahidi oluruq”, - deyən alim bildirib ki, böyük şairin təkcə yaradıcılığı deyil, həyatı da vəfatından sonra folklor pərdəsinə bürünüb.Professor əlavə edib ki, Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” Prezident İlham Əliyevin Sərəncamı böyük şairin yaradıcılığının milli-mənəvi dəyərlər istiqamətində, folklor aspektində araşdırılmasına zəmin yaradacaq. Bu Sərəncamı rəhbər tutaraq, BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında folklorşünaslıq və mifologiya ixtisası üzrə təhsil alan magistrantlar üçün “Nəsimi və folklor” mövzusunda elmi seminar təşkil etməyi planlaşdırırıq.
sia.az
Təşəbbüs asılılıqdan əziyyət çəkən insanlara kömək etməyi hədəfləyir...
60 ildən sonra unikal bir arxiv ictimaiyyətə açıqlandı…
Onlar onu Hollivudun əsas ulduzuna çevirdilər...