Mədəniyyət

  • 5 567

Azərbaycanlı kinomatoqrafçıların Los Ancelesdə təqdimatı keçirilib

image

ABŞ-ın Los Anceles şəhərindəki Azərbaycan Baş Konsulluğunda ABŞ Dövlət Departamentinin Beynəlxalq Ziyarətçilərin Liderlik Proqramı çərçivəsində Los Ancelesdə səfərdə olan azərbaycanlı kinomatoqrafçıların təqdimatı keçirilib.Baş Konsulluq və Los Anceles Beynəlxalq Ziyarətçilər Şurasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə amerikalı kinoşünaslar, müxtəlif icmaların nümayəndələri, incəsənət xadimləri, diplomatlar və jurnalistlər iştirak ediblər.Baş Konsulluqdan SİA-ya bildirilib ki, tədbirdə çıxış edən baş konsul Nəsimi Ağayev Azərbaycan kino sənətinin tarixi və inkişaf mərhələləri haqqında ətraflı məlumat verib.Baş konsul qeyd edib ki, əsası 1898-ci ildə qoyulmuş Azərbaycan kinosu şərəfli bir yol keçmiş, gözəl sənət əsərləri ortaya qoyaraq, dünya kinosuna bir sıra önəmli töhfələr verib. Bu səpkidə diplomat 1943-1945-ci illərdə çəkilmiş “Arşın Mal Alan” filmi haqda ətraflı danışıb. N.Ağayev qeyd edib ki, filmin İkinci Dünya Müharibəsinin ən çətin illərində SSRİ-də dövlət səviyyəsində böyük büdcə ilə çəkilməsinin əsas “səbəbkarları” məhz 1937-ci ildə dahi Üzeyir Hacıbəylinin ölməz əsərini oğurlayaraq Los Ancelesdə eyni adlı film çəkən ermənilər olub. Erməni rejissor Sertag Vartianın çəkdiyi filmdə məzmun dəyişdirilmiş, hadisələrin Şuşada deyil, guya İranda baş verdiyi iddia edilib, ən əsası isə Ü.Hacıbəylinin müəllifliyi qeyd olunmayıb. Məhz bundan sonra Azərbaycanda çəkilən “Arşın Mal Alan” filmi Azərbaycan və dünya kinematoqrafiyasının ən gözəl incilərindən biri olaraq sonradan dünyanın 130-dan çox ölkəsində uğurla nümayiş etdirilib.N. Ağayev bildirib ki, Heydər Əliyev Fondunun dəstəyilə Los Ancelesdə yüksək peşəkarlıqla rənglənmiş film Baş Konsulluq tərəfindən Hollivudda 2015-ci ildə nümayiş etdirilib.Baş konsul müstəqilliyin bərpasından sonra Azərbaycan kinosunun yeni mərhələyə qədəm qoyduğunu və bir sıra uğurlu filmlərin çəkildiyini qeyd edib.N.Ağayev daha sonra azərbaycanlı kinomatoqrafçıları qonaqlara təqdim edib.Los Anceles Beynəlxalq Qonaqlar Şurasının prezidenti Canet Elliot çıxışında azərbaycanlı kinomatoqrafçıların səfəri haqqında ətraflı danışaraq, sözügedən proqram haqqında geniş məlumat verib.Sonra azərbaycanlı kinematoqrafçılar adından çıxış edən kinorejissor Cəfər Axundzadə Los Ancelesə səfərin olduqca məhsuldar keçdiyini, səfər müddətində müxtəlif yerli kinostudiyalarda olduqlarını və kinoşünaslarla maraqlı fikir mübadilələri apardıqlarını diqqətə çatdırıb.

sia.az

Digər xəbərlər