Mədəniyyət

  • 6 036

Kamal Abdullanın “Sirlərin sərgüzəşti” kitabının təqdimatı olub

image

Bakı Kitab Mərkəzində Xalq yazıçısı Kamal Abdullanın "Sirlərin sərgüzəşti" kitabının imza günü və təqdimatı keçirilib. SİA-nın məlumatına görə, təqdimatda "Sirlərin sərgüzəşti" sinkretik romanının mətn və obrazlar aləminin arxitektonikasında, romanın xronotopik, arxetipik xüsusiyyətlərində müşahidə edilən özəlliklər haqda söhbət açılıb.Tədbiri mərkəzin direktoru Günel Anarqızı açaraq bildirib ki, müəlliflə bu növbəti görüşdür. Qeyd edib ki, yazıçının sayca dördüncü romanı olan bu əsərdə paralel zaman və məkan, yaddaş fenomeni, real və irreal hadisələrin təsviri özünün ədəbi-bədii əksini tapıb. Əsərin olduqca maraqlı olduğunu söyləyən Günel Anarqızı gənclərə çoxlu kitab mütaliə etməyi tövsiyə edib.Kitabın redaktoru və “Ön söz”ün müəllifi Əlövsət Ağalarov yeni əsəri belə xarakterizə edir: “Hər bir kitab dünyaya gələndə bir övlad kimi gəlir. Müəllif bu övladına olduqca həssaslıqla yanaşıb. Əsərdəki dərin fəlsəfi-psixoloji anlardan uzun müddət ayrılmaq olmur, yaddaşın yaddaşsızlığı oxucunu dərkolunmayacaq qəribə aləmə aparır. Roman Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan bir əsərdir. Ümid edirəm ki, "Sirlərin sərgüzəşti" çoxlarının masaüstü kitabına çevriləcək”.Yazıçı-publisist Səyyad Aran, yazıçı Şərif Ağayar və başqaları çıxış edərək kitab barədə öz fikirlərini bölüşüblər.Çıxışlarda qeyd edilib ki, roman müasir nəsr texnikasına xas olan iç-içə süjetlər və fəsillərlə assosiasiya olunan hadisələrin anoxronik ardıcıllığı şəklində qurulub. Əsərin qəhrəmanı olan Həsən müəllim (Hacı Mir Həsən Ağa Səyyah) nəql olunan əhvalatların fövqündə dayanaraq sirlərin sərgüzəştinə şahidlik və bələdçilik edir. Bu mənada roman oxucunu öz sirlərinin ağuşuna alır, onu da sirrə vaqif edir. Odunçu Əhmədin, Təpəgözün, Banuçiçəklə Beyrəyin çözülən sirri oxucunu Kamal Abdullanın bundan əvvəl qələmə aldığı mətnlərdəki mətləblərə bir daha üz tutmaq ehtiyacı ilə üz-üzə qoyur. "Sirlərin sərgüzəşti"ndəki arxetipik məqamlar romanı müəllifin digər mətnləri ilə aşkar və gizli lağımlarla bağlayır.Kitabda Xalq yazıçısı Kamal Abdullanın ədəbi və elmi yaradıcılığı haqqında Franko Kardini (İtaliya), Anastasiya Yermakova (Rusiya), Xalq yazıçısı Anar və akademik İsa Həbibbəyli (Azərbaycan), Arif Acaloğlu (Türkiyə), Lüdmila Lavrova (Rusiya), Maks Statkeviçin (ABŞ) fikirləri də yer alıb.Sonda Kamal Abdulla hər kəsə təşəkkürünü bildirərək oxucuların suallarını cavablandırıb.Qeyd edək ki, "Sirlərin sərgüzəşti" müəllifin "Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi", "Unutmağa kimsə yox" romanlarından sonra sayca dördüncü romanıdır.

sia.az

Digər xəbərlər