Özbəkistanın nargiz.uz və xabardor.uz portalları bu yaxınlarda Bakıda olan jurnalist Nərgiz Qasımovanın özbək dilində Azərbaycan Milli Xalça Muzeyi haqqında materialını yayımlayıb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, məqalədə Azərbaycan Xalça Muzeyinin 1967-ci ildə xalçaşünas alim Lətif Kərimov tərəfindən yaradıldığı bildirilir. Vurğulanır ki, bu muzey xalçaların toxunması, saxlanması, qədim xalçaların tarixinin öyrənilməsi baxımından dünyada yeganə ixtisaslaşmış məkandır.Məqalədə burada saxlanılan xalçalar haqqında ətraflı məlumat verilir. Bildirilir ki, indi muzeydə İrəvan, Təbriz, Quba, Qəbələ, Gəncə, Şəki, Şirvan, Qazax və Azərbaycanın digər xalçaçılıq məktəblərinə aid 14 min müxtəlif növ xovlu və xovsuz xalça saxlanılır.Yazıda vurğulanır ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakının mərkəzində Xalça Muzeyi üçün yeni orijinal bina tikilib. Burada xalçaların qorunması üçün hər cür şərait yaradılıb.Qeyd edilir ki, muzeydə ən qədim xalça XVII əsrdə Təbrizdə toxunan “Ovçuluq” xalısıdır. XVIII əsrə aid “Xilə Əfşan” xalçası qədimliyinə görə ikinci belə xalıdır.
sia.az