Mədəniyyət

  • 38 544

“Qara balığın nağılı” nümayiş olunacaq

image

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında məşhur nasir-publisist, İranda uşaq ədəbiyyatının banisi Səməd Behrənginin “Balaca qara balıq” mənzum nağılı səhnələşdirilir. Teatrın mətbuat xidmətindən SİA-ya bildirilib ki, uşaqlar üçün yazılmasına baxmayaraq, böyüklər üçün əngin amalları ehtiva edən “Balaca qara balığ”ın bu əzmkarlıq dolu hüznlü hekayəsi yeni quruluş və tərtibatda “Qara balığın nağılı” kimi səhnəyə daşınır.Teatrın bu mövsüm yaradıcılıq planında yer alan tamaşanın səhnələşdirəni Həmidə Rüstəmova, quruluşçu rejissoru Namiq Ağayev, quruluşçu rəssamı İqbal Əliyevdir. Musiqi tərtibatlı tamaşa üç aktyorun kuklalar və paralel olaraq canlı planda oyunu ilə fərqlənir.Teatrın aparıcı aktyorları Aygül Ağayeva, Cavid Telman və Günay Əhmədin canlandıracaqları obrazlarda əsərin ideya tələbinə uyğun olaraq müəyyən texniki həll və mətn dəyişiklikləri aparılıb.

Səhnə əsərinə məhz bütün mübarizələrin, nəticəsindən asılı olmayaraq, mübarizi qalibdir düşüncəsi ilə yanaşan kuklaçılar tamaşaçılara cəsarətli balığın yeni sular kəşfini maraqlı boyalarla təqdim edəcəklər.Bir çoxumuzun arzularında gizlənən azadlıq, hür yaşamaq istəyini “Qara balığın nağılı”nın timsalında həll edən kuklaçılar əsər müəllifinin əsas ideyasını saxlamaqla uşaqlar və böyüklər üçün maraqlı tamaşa vəd edirlər.Dramatik sonluqla bitən balaca balığın hekayəsini teatrın ümumi ideya və meyarlarına uyğun formada həll edən yaradıcı heyət balığın ölümü və nəticəsiz mübarizəsini fərqli formada, bir növ, bütün həqiqətlərin əbədi qələbəsi kimi verməklə onu müsbət nota kökləməyə çalışıblar.Tamaşanın quruluş müəllifi, məşhur kuklaçı rejissor Namiq Ağayev hər kəsə bəlli balıq-insan dramını elə bütün tamaşaçılar üçün baxımlı edəcəyini deyir: “Balaca qara balıq mövcud həyat tərzi ilə barışmır. O, arxdan çıxmaq, böyük dünyaya qovuşmaq istəyir. Ətrafdakı mühafizəkar balıqlar isə onun bu istəyini əsla anlamırlar. Balaca Qara Balıq nə anasının yalvarışlarına, nə də qonşularının tənələrinə məhəl qoymayaraq, özündə ətalət mühitini tərk gücü tapır. Onun bu hərəkəti digər balaca balıqları da cəsarətləndirir. Beləcə getdiyi hər yerdə, üzdüyü hər suda özünün mübarizlik toxumlarını səpir və oxucunu, tamaşaçını öz həqiqətinə heyran qoyur. Əslində bu balaca qəhrəmanımız çoxillik rejissor fəaliyyətimdə mənim də ideal obrazlarım sırasındadır və ümid edirəm ki, sevimli qəhrəmanımı tamaşaçılara da sevdirə biləcəyəm”.Nağılçı, Kərtənkələ, Balıqudan, Naqqa və Balaca Qara Balıq obrazlarının səhnə canlanmasını kukla və canlı plan oyunlarında təqdim edəcək aktyorlar xoreoqrafik imkanlarını da nümayiş etdirəcəklər.Qeyd edək ki, hazırda son məşqləri gedən yeni səhnə işi aprelin əvvəlində teatrsevərlərin ixtiyarına veriləcək.

sia.az

Digər xəbərlər