“Öncə Vətəndir” adlı onlayn sərgi keçiriləcək

Mədəniyyət Nazirliyi və Müdafiə Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə bu gün saat 18:00-da “Öncə Vətəndir” adlı onlayn foto-plakat sərgisi təşkil olunacaq.Onlayn plakat sərgisi Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən ölkəmizin hərbi qüdrətinin, əsgərlərimizin yüksək döyüş ruhunun, qələbə əzmkarlığının təbliği işinə töhfə vermək, Azərbaycanın əzəli torpağı Dağlıq Qarabağ və sərhəd bölgələrinin erməni qəsbkarlarından müdafiə və azad edə biləcək potensialda hərbi qüdrətə malik olduğunu bütün dünya ictimaiyyətinə göstərmək məqsədi ilə həyata keçirilir.Dövlət Rəsm Qalereyasından SİA-ya bildirilib ki, hərbi vətənpərvərlik mövzusunda təşkil edilən sərginin ekspozisiyası Müdafiə Nazirliyinin aidiyyəti arxivinə məxsus artilleriya silahlarının, döyüş sursatlarının, hərbi təlimlərdən və paradlardan çəkilmiş fotoşəkillərdən, rəssam Zaur Kantemirov və Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı tərəfindən hazırlanan plakatlardan ibarət olacaq.Sərgi vasitəsilə hər zaman sülh və diplomatik danışıqların tərəfdarı olan Azərbaycan əzəli torpağı Dağlıq Qarabağ və sərhəd bölgələrinin qorunması istiqamətində siyasi, diplomatik hətta hərbi üsullardan da istifadə edərək qorumağa hazır olduğunu bir daha nümayiş etdirəcək.Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində sərgi salonlarının müvəqqəti bağlı olmasını nəzərə alaraq virtual sərgini izləməyə dəvət edir.Onlayn plakat sərgisini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media (“Facebook”, “Instagram”) hesabları vasitəsilə izləmək mümkün olacaq.

sia.az