Mədəniyyət

  • 6 874

“Aşıq Ələsgər poeziyası haqqında düşüncələr” adlı tədbir keçirilib

image

Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı “Zoom” proqramı vasitəsi ilə “Aşıq Ələsgər poeziyası haqqında düşüncələr” adlı tədbir keçirilib.Respublika Gənclər Kitabxanasından SİA-ya bildirilib ki, tədbir böyüməkdə olan gənc nəsli Aşıq Ələsgərin zəngin poetik irsi, sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı ilə tanış etmək məqsədi daşıyır. Tədbirdə Aşıq Ələsgərin qədim sənətinin davamçıları-Azərbaycan, Gürcüstan və Təbriz aşıqları, ali təhsil ocaqlarının tələbələri, kitabxananın onlayn tədbirlərinin izləyiciləri və kitabxana əməkdaşları iştirak ediblər.Tədbirdə kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva Aşıq Ələsgərin Azərbaycan xalq şeirinin görkəmli nümayəndəsi və bu şeirin ən uca zirvələrini fəth edən sənətkar olması, aşıq yaradıcılığının bütün sahələrinə müraciət edərək ədəbiyyatımızda böyük iz qoymasından danışıb.Kitabxananın direktoru Oruc Quliyev Prezident İlham Əliyevin Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümünün təntənəli qeyd olunması ilə bağlı imzaladığı müvafiq Sərəncamın icrası ilə əlaqədar kitabxananın təşkil etdiyi tədbirlər haqqında məlumat verib.Əməkdar elm xadimi, professor, Azərbaycan Aşıqar Birliyinin sədri Məhərrəm Qasımlı Aşıq Ələsgərin bir çox şeirlərini Azərbaycan aşıq sənətinin nizamnaməsi adlandırıb.Ustad aşıq, Azərbaycan Aşıqlar birliyinin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Altay Məmmədli aşığın yaradıcılığı haqqında çıxış edib.Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Hafiz Kərimov “Aşıq Ələsgər yaradıcılığı və musiqi” adlı məruzəsində Q.Hüseynli, H.Xanməmmədov, C.Quliyev, S.Rüstəmov kimi bəstəkarların görkəmli söz ustadının yaradıcılığına müraciət etmələri haqqında məlumat verib.Aşıq Şaiq İncəli sazda “Şərili”, aşıq Cəfər (Təbrizli) “Göyçəgülü”, aşıq Xanlar Göyçəli “Kərəm gözəlləməsi”, aşıq Şahniyar Əliyev “Təcnis”, aşıq Xavər Hüseynova “Qəhrəmani”, aşıq Afil Bəxtiyarov “Yanıq Kərəmi”, aşıq Rahib Alxanov “Naxçıvani”, aşıq İsa Təbrizli “Ovşarı” havalarını ifa ediblər.Kitabxananın şöbə müdiri Qənirə Mustafayeva Aşıq Ələsgər yaradıcılığının Azərbaycan ədəbiyyatında yüksək mövqeyindən danışaraq bütün iştirakçılara təşəkkür edib.Sonda Kitabxananın direktoru Oruc Quliyev bu səpkili tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs edərək, tədbirin rəngarəngliyini, qonaq qismində tədbirdə yer alan qonşu ölkələrin aşıqlarının iştirakını təqdirəlayiq hal kimi qiymətləndirərək, bütün tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.

sia.az

Digər xəbərlər