Mədəniyyət

  • 4 634

"Çox həyəcanlandım və hönkür-hönkür ağladım" - XALQ ARTİSTİ SEVİNCİNİ BU CÜR İZAH ETDİ -FOTOLAR

image

"Mən Şuşada doğulub orda da boya-başa çatmışam. Orda 4 nömrəli Hüsü Hacıyev adına orta məktəbin məzunu olmuşam. Bütün uşaqlığım və ən xoş xatirələrim Şuşada keçib. Təsəvvür edin ki, 30 ildən sonra həmin doğma torpağa qayıdırsan. Sanki bir yuxudur, röyadır. İnanın ki, qayıtmışam amma hələ də inana bilmirəm ki, mən Şuşaya gedib gəlmişəm. Şuşa hələ də o məğrur qamətin saxlayırdı. Şuşaya girəndə orda dolanbaclar var (yollar) və mən onları görəndə 5 yaşında uşağı sığallayırmış kimi başladım onu əzizləməyə, ətrinə qoxuna qurban, ay Şuşa! O məğrur duruşuna qurban olum, ay Şuşa! Daşlarına qayalarına qurban olum, ay Şuşa! Sən bizsiz necə darıxmısan? Sən 30 il tək qalmısan, bizsiz necə yaşamısan? - bunları deyə-deyə, ağlaya-ağlaya gəldik çatdıq Şuşaya. Erməni barbarları Şuşanı çox pis günə qoyublar. Demək olar ki, bütün tarixi abidələrimizi məhv ediblər". Bunu SİA-ya açıqlamasında Xalq artisti, Prezident təqaüdçüsü Firəngiz Mütəllimova təəssüratlarını bildirərkən deyib.

Onun sözlərinə görə, ermənilər qəbirstanlığı dağıdıblar: "Bizim evimizi viranə ediblər. Evlərin daşları da qalmayıb. O daşları hara daşıyıblar Allah bilir. Natavanın, Bülbülün, Üzeyirin evin dağıdıblar. Məktəblər də viran olub. Orda tam salamat heç nə qalmayıb. Amma şükürlər olsun ki, orda abadlıq işləri, tikintilər gedir. Gövhər Ağa məscidindən o tərəfə abadlıq işləri başlayıb. Bu bir daha separatçıların acgözlüyünün, vəhşiliklərinin sübutudur. Səviyyə və insanlıqda da onlar bizdən çox aşağıdadır. Biz dağın başındayıq onlar isə ayağımızın altında.

Çox həyəcanlandım, hətta bir tərəfə çəkilib hönkür-hönkür ağladım amma sonra gözümün yaşını sildim və gülümsədim, hətta özümə dedim ki, axı istədiyimiz bu idi. Artıq biz Şuşadayıq. Gecə ordakı atəşfəşanlıq isə yanan ürəyimə su kimi sərpildi.

Şuşa yenidən tarixə bir tarix həkk elədi. Mən çox xoşbəxtəm ki, yenidən doğulduğum torpağa qədəm basdım. Cıdır düzündə torpağı da əyildim öpdüm və səcdə etdim. Çünki ora qalxanda elə hiss etdim ki, şəhidlərimizin döyüşünü canlı olaraq görürəm və onların ayaqları dəyən yerdən-torpaqdan öpdüm. Bu mənim şuşalı, azərbaycanlı qadını kimi borcum idi. Sonra Allahıma şükür etdim ki, mən bu torpağa ayaq basdım, eləcə də mənim kimi Şuşa həsrətində olan hər kəs. Erməniləri isə Allaha həvalə etdim. Onlar hər şeyimizi əlimizdən aldılar: gəncliyimizi, ailəmizi, sevincimizi, evimizi. Şuşa hər bir şuşalının nəfəsidir. İndi düşünün ki, əslində onlar bizim nəfəsimizi kəsmək istəyirdilər, amma Allah onların nəfəsini kəsdi. Mən, Allahdan qazilərimizə can sağlığı, şəhidlərimizə rəhmət diləyirəm. Cənab Prezidentimizə uzun ömür arzu edirəm və Heydər Əliyev Fonduna da dərin təşəkkürümü bildirirəm ki, məni Şuşada ilk dəfə keçirilən bu möhtəşəm festivala dəvət etdilər. Mən oradan çox xoş təəsüratlarla qayıtdım. İnşallah, tezliklə yenə də Şuşaya gedərik. İnşallah SİA-nın əməkdaşları ilə də Şuşada görüşək, Cıdır düzündə gəzək".

Gülər Səfərova

Digər xəbərlər