Mədəniyyət

  • 1 473

VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının bağlanış mərasimi olub

image

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının bağlanış mərasimi olub. SİA xəbər verir ki, bağlanış mərasimində günün qonağı yazıçı Toğrul Mehdi olub, həmçinin musiqili qonaqlar dəvət olunub, Xalq artisti Miri Yusif çıxış edib.

Sərgidə uşaqlar üçün Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında kukla tamaşaları, “uşaq aləmi”, nağıl saatları, uşaq yazarları ilə görüşlər, uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları və musiqi proqramları təşkil edilib.

Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar sərgidə iştirak ediblər.

Çingiz Abdullayev, Gülseren Buğdayıcıoğlu, Elxan Elatlı, Sinan Yağmur, Toğrul Mehti Niyazi, Ercan Kesel və digər tanınmış yazıçı və məşhur şəxslər sərgidə günün “fəxri qonağı” olublar.

Yazıçılarla görüşlər, imza günləri və kitab təqdimatları keçirilib.

İştirakçılar tərəfindən sərgidə satışa çıxarılacaq bütün kitablara böyük endirimlər edilib.

VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında 43 xarici təşkilat, 99 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edib və sərgi müddətində müxtəlif formatda 139 tədbir təşkil olunub.

İştirakçılar üçün 6 kvadrat metrə qədər ekspozisiya sahəsi və lazımı avadanlıqlar Mədəniyyət Nazirliyi tərəfindən ödənişsiz olaraq təmin edilib.

Sərginin əsas məqsədi cəmiyyətdə kitaba olan marağı artırmaq və mütaliə mədəniyyətini təbliğ etmək, oxucuları nəşriyyat işi sahəsində olan rəqəmsal yeniliklərlə tanış etmək, ölkəmizdə kitab sənayesi sektorunun və müasir ədəbi proseslərin inkişafını dəstəkləməkdir.

Qeyd edək ki, 6-10 oktyabr tarixlərində keçirilən kitab festivalı dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə ithaf olunub.

Sərginin sponsoru – “BP” şirkəti, baş TV tərəfdaşı – Azərbaycan İctimai Televiziyası və festivala təşkilati dəstəyi “Caspian Event Organisers” şirkəti həyata keçirib.

Kitab festivalı uşaqdan böyüyə hər kəs tərəfindən maraqla qarşılanıb və sərgiyə yüzlərlə ziyarətçi gəlib.

Xatırladaq ki, pandemiyadan əvvəl iki ildən bir baş tutan sərgi bundan sonra hər il keçiriləcək.

Digər xəbərlər