Mədəniyyət

  • 3 037

Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü ilə əlaqədar Sofiyada sərgi təşkil edilib

image

Zəfər Gününün birinci ildönümü və Azərbaycan müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə əlaqədar oktyabrın 18-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində bu ölkədəki səfirliyimizin təşkilatçılığı ilə “Azərbaycan Respublikası: çoxmədəniyyətliliyin gözəl diyarı” adlı sərgi təşkil olunub.

Səfirlikdən bildirilib ki, sərginin açılışında Bolqarıstanın dövlət qurumları və bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, həmçinin Azərbaycan diasporunun üzvləri və KİV nümayəndələri iştirak ediblər.
Sərgidə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov dövlət istiqlaliyyətini 1991-ci ildə bərpa etmiş Azərbaycanın müstəqilliyin ilk dövründən milli təhlükəsizliyinə ciddi təhdid və çağırışlarla üzləşdiyini vurğulayıb. Onların sırasında ən başlıcasının qonşu Ermənistanın hərbi təcavüzü olduğuna diqqət çəkən səfir, bunun nəticəsində Azərbaycanın 20 faiz ərazisinin işğal olunduğunu qeyd edib.
Daxili siyasi sabitliyin təmin olunması, uğurlu xarici siyasət və bütün sahələrdə genişmiqyaslı islahatların aparılması sayəsində dövlətçiliyin əsasları tədricən möhkəmlənib, ordu güclənib və iqtisadiyyat vüsətlə inkişaf edib. Səfir Azərbaycanın 30 ilə yaxın davam edən işğaldan sonra 2020-ci ildə ərazi bütövlüyünü bərpa etdiyini və noyabrın 8-də Zəfər Gününün birinci ildönümünün qeyd olunacağını xüsusi olaraq vurğulayıb.
Ərazi bütövlüyü bərpa olunmuş ölkəmizdə multikultural cəmiyyətin inkişafı kursunun uğurla davam etdirildiyini bildirən səfir deyib: Azərbaycan bütün dünyaya sübut edib ki, müsəlmanlar, xristianlar və yəhudilərin çoxmədəniyyətlilik damı altında çiyin-çiyinə birgə yaşaya, döyüşə və Vətəni – Azərbaycan uğrunda canlarından keçə bilərlər.
Sərginin Azərbaycanın qədim tarixi və zəngin mədəniyyətini nümayiş etdirdiyini vurğulayan diplomat, Azərbaycanda müxtəlif etnik qrupların və dini təriqətlərin sülh və əmin-amanlıq şəraitində birgə yaşadığını, tolerant və multikultural mühitin formalaşdırıldığını bildirib.
Bir neçə həftə ərzində Sofiya şəhərinin mərkəzində nümayiş etdiriləcək sərgidə Azərbaycan təbiətinin füsunkar gözəllikləri, qədim və əsrarəngiz adət-ənənələri, həmçinin mədəni müxtəlifliyinin əks olunması ilə yanaşı ölkəmizin müasir memarlığı və tarixi abidələri də yüksək ustalıqla sərgilənib. Sərgi şəhər sakinləri və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

yap.org.az

Digər xəbərlər