Mədəniyyət

  • 1 693

Daşkənddə təşkil olunan festivalda ölkəmiz də iştirak edib - FOTOLAR

image

Türkiyədəki Türk Dünyası Uşaq Fondu Daşkənddə türk dövlətlərindən olan uşaqların Elm və Mədəniyyət Festivalını təşkil edib. SİA xəbər verir ki, festivalda türk dövlətlərinin hamısından istedadlı və ixtiraçı uşaqlar iştirak ediblər.

Tədbiri Özbəkistanın innovativ inkişaf naziri İbroxim Abduraxmanov açaraq beşinci dəfə təşkil edilən festivalın Özbəkistanda keçirilməsini alqışlayıb, uşaqlara uğurlar arzulayıb.

Digər çıxış edənlər uşaqların öz elmi biliklərini inkişaf etdirməsinə təkan verən belə tədbirlərin müntəzəm olaraq keçirilməsinin zəruriliyindən danışıblar.

Ölkəmizi bu tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), həmçinin Bakı İstanbul Liseyi, Milli Təhsil Kompleksi, Sumqayıt Dünya Məktəbi və Anadolu Liseyinin müəllim və şagirdləri təmsil ediblər.

Türk dövlətlərinin şagirdləri üç gün ərzində öz əl işlərini nümayiş etdirib, ixtiralarını göstərib, təcrübə mübadiləsi aparıblar. Şagirdlər, eyni zamanda, öz ölkələrinin mədəniyyəti, incəsənəti, adət-ənənələri haqqında məlumat verib, milli rəqslərini təqdim ediblər.
Bakı İstanbul Liseyinin müəllimi Afina Həmidova bildirib ki, Azərbaycandan festivala dörd müəllim və dörd şagird gəlib: “Şagirdlərimizin əl işləri maraqla qarşılanıb. Stendimizin qarşısı həmişə tamaşaçılarla dolu olurdu. Şagirdlərimiz digər türk dövlətlərinin uşaqları ilə tanış olur, sosial şəbəkələr vasitəsilə ünsiyyət saxlamağa başlayırdılar”.

Festivalın Türk dünyası üzrə əlaqələndiricisi Güllü Karanfil isə deyib ki, say hesabı ilə bu, beşinci festivaldır. Bundan əvvəl dörd festival Türkiyədə keçirilib. Festivalın digər türk dövlətlərində də keçirilməsi nəzərdə tutulur.
Festival çərçivəsində AMM kitab və suvenirlərdən ibarət sərgi nümayiş etdirib. Kitablar arasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər olub.

Kolleksiyada AMM-nin özbək dilində Azərbaycanın tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı Daşkənddə çap etdirdiyi kitablar, habelə Qarabağ münaqişəsinə dair nəşrlər nümayiş olunub.

Nəşrlər arasında AMM-nin özbək dilində çap etdirdiyi böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si, İmadəddin Nəsiminin “Cananı sevərmən”, “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabları, Azərbaycan-Özbəkistan ədəbi əlaqələri mövzusunda əsərlər və digər əsərlər də olub.
Qarabağ regionunun milli qadın və kişi geyimlərini də iştirakçılar maraqla qarşılayıblar.

Digər xəbərlər