PDF Oxu

Mədəniyyət

  • 3 987

Braziliya Dövlət Simfonik Orkestrinin konserti keçirilib - FOTOLAR

image

Bildiririk ki, cari ilin 6 aprel tarixində dünya peşəkar musiqi mədəniyyətində Azərbaycan musiqisinin təbliği çərçivəsində, Braziliyanın Rio de Janeyro şəhərində Azərbaycanın musiqi beşiyi sayılan Şuşa şəhərinə və dahi bəstəkarımız Fikrət Əmirovun 100 illiyinə həsr edilmiş Braziliya Dövlət Simfonik Orkestrinin konserti keçirilmişdir. SİA-nın verdiyi məlumata görə, tədbirin açılışında çıxış edən Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2022-ci ilin Şuşa ili elan olunduğunu diqqətə çatdırmış və konsertin bu əlamətdar hadisəyə həsr edildiyini qeyd etmişdir. Səfir çıxışında bildirmişdir ki, 2022-ci ilin noyabr ayında dünya şöhrətli bəstəkar, tanınmış ictimai xadim Fikrət Əmirovun anadan olmasının 100-cü ildönümü münasibətilə ölkə başçısının Sərəncamına uyğun olaraq möhtəşəm tədbir təşkil ediləcəkdir. Səfir, Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirovun rəngarəng yaradıcılıq palitrasına malik qüdrətli sənətkar kimi mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etməsi barədə konsert iştirakçılarına ətraflı məlumat vermişdir.

Səfir bildirmişdir ki, 100 illiyinin UNESCO-nun 2022-2023-cü illər üzrə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri proqramına daxil edilməsi Fikrət Əmirov sənətinə beynəlxalq miqyasda yüksək qiymət verilməsinin təzahürüdür.

Braziliya ilə Azərbaycanın bütün sahələrdə olduğu kimi, musiqi sahəsində də dərin bağlılığının olduğunu bildirən Səfir, bu bağlılığın yüksələn xətlə inkişaf etdiyini qeyd etmişdir.

Daha sonra maestro Yalçın Adıgözəlovun dirijorluğu altında Braziliya Dövlət Simfonik Orkestri tamaşaçılara geniş musiqi proqramını təqdim etmişdir. Bu əlamətdar gecədə konsert dinləyiciləri Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, “Kürd ovşarı” Simfonik muğamı, “Nəsimi Dastanı” və Vasif Adigözəlovun 3 nömrəli piano və orkestr ücün konserti ilə tanış olmuşlar. Fortepianoda Braziliyanın ən tanınmış pianoçusu, Braziliya və beynəlxalq mükafatlar sahibi Kristian Budu əsərin Cənubi Amerika premyerasını təqdim etmişdir.

Konsert Rio de Janeyro şəhərinin ən böyük konsert mərkəzi olan Cidade Das Arches-in “Grande Sala” zalında baş tutmuş və çoxsaylı tamaşaçı kütləsi tərəfindən böyük maraqla qarşılanmışdır. Konsertə yerli tamaşaçılarla yanaşı şəhər meriyasının əməkdaşları, Braziliyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Rio de Janeyroda fəaliyyət göstərən Azərbaycan bələdiyyə məktəbinin müəllim və tələbə heyəti və xarici qonaqlar qatılmışdı. Konsertin sonunda orkestr və dirijor bütün dinləyicilər tərəfindən ayaqda alqışlanmış və maestro Yalçın Adıgözəlov bir neçə dəfə səhnəyə dəvət edilmişdi.

Qeyd olunmalıdır ki, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi altında baş tutmuş bu konsert Braziliyada Covid-19 pandemiyasının başlanmasından sonra Azərbaycana həsr edilmiş ilk musiqi tədbiri olmuşdur. Son 10 il ərzində maestro Adıgözəlov Braziliyada ümumilikdə 6 konsert keçirmiş və yerli dinləyiciləri Azərbaycan musiqi inciləri ilə yaxından tanış edərək, musiqimizi onlara sevdirmişdir.

Digər xəbərlər