Mədəniyyət

  • 4 431

Mütaliə həyat universitetidir - FOTOLAR

image

Kitab insan üçün mənəvi qidadır

Frensis Bekon

Beynəlxalq “Dostlar günü”ndə Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində maraqlı bir tarixi gün yaşandı. Belə ki, Sumqayıtın tarixində ilk dəfə olaraq Sumqayıt Dostlar Klubunun, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin və Heydər Əliyev Mərkəzinin təşkilatı dəstəyi ilə 9 iyun Beynəlxalq “Dostlar günü”nə həsr olunan tədbir keçirildi. Tədbirin əsas məqsədi gənc oxucularla ziyalıların görüşünün təşkil olunması, “Fəal oxucu” layihəsi çərçivəsində keçirilən müsabiqədə fərqlənən oxucuların təltif edilməsi, yeniyetmə və gənclərin boş vaxtalarını daha səmərəli keçirməsi üçün kitab oxumağa marağı artırmaq oldu.

Heydər Əliyev Mərkəzində keçirilən tədbiri Sumqayıt Dostlar Klubunun sədri, tanınmış həkim-filosof, yazıçı-publisist Hümbət Həsənoğlu açaraq klubun yarandığı üç ildə həyata keçirdiyi maraqlı işlərdən danışaraq, bu günkü tədbirin mütaliənin təbliğinə həsr olunduğunu qeyd etdi. Vurğuladı ki, “Dostlar günü”ndə ziyalılarımızın kitabxanaya diqqət, mütaliəyə həvəs və kitabxanaçı əməyinə dəyər verməyi çox vacibdir. Sumqayıt Dostlar Klubu idarə heyyətinin üzvlərinin iştirakı ilə Sumqayıt şəhər Mərkəzi Kitabxanasında və şəhərin bir neçə kitabxanalarında oxcularla çoxlu görüş keçirib. Bütün bu görüşlərin nəticəsi olaraq ən yaxşı mütaliə edənlərə hədiyyələr vermək planlaşdırılmışdır. Bugünkü tədbirdə 50 nəfərə hədiyyələr və sertifikatlar verəcəyik. Bu hədiyyələri Sumqayıt Dostlar Klubu idarə heyyətinin üzvləri və şəhərin tanınmış ziyalıları təqdim edəcək. İnanıram ki, bu gün tarixi bir gün kimi bura toplaşanların yaddaşında qalacaq”.

Sonra Sumqayıt Mərkəzləşmiş Kitabxanaların ən fəal oxucuarına və fədakar əməkdaşlarına Sumqayıt Dostlar Klubunun idarə heyyətinin on iki nəfər üzvü və Sumqayıtın tanınmış ziyalıları, yazıçıları tərəfindən sertifikatlar və hədiyyələr təqdim edildi.

Sumqayıt Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Yeganə xanım Əhmədova göstərilən bu təşəbbüsə və əməkdaşlığa görə ziyalıarımıza təşəkkür etdi və əməkadaşlığın bundan sonra da çox sıx davam edəcəyinə ümid etdiyini bildirdi.

Daha sonra söz Yeni Azərbaycan Partiyası Sumqayıt şöbəsinin sədri Ramiz Hüseynova verildi. O, bu maraqlı tədbirin keçirilməsini çox yüksək qiymətləndirdi. Sumqayıt şəhər İcra Hakimiyyətinin şöbə müdiri Fərman Kazımov da göstərilən təşəbbüsü yüksək dəyyərləndirdi.

Uzun illər Sumqayıt şəhər Tarixi Muzeyinin direktoru işləmiş, Əməkdar mədəniyyət işçisi Olya İslamova Sumqayıtın tarixində heç vaxt belə mövzuda tədbirin keçirilmədəyini, bu ideyanın məhz Sumqayıt Dostlar Klubuna məxsus olduğunu dedi. Olya xanım vurğuladı ki, “bu tədbir həqiqətən də Sumqayıtın tarixinə yazılacaq. Belə növbəti tədbirin Sumqayıtın Tarixi Muzeyində keçirilməsini, şəhərin qurucularına və onların əməyinə həsr edilməsini arzuladı.

Hədiyyə alan məktəblilərdən Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Nərgiz Ələsgərova belə dedi:
-Bu, mənim həyatımda çox böyük, tarixi hadisədir. Bundan sonra daha çox mütaliə edəcəm. İnanıram ki, belə qiymətli hədiyyə və sertifikat almağım sinif yoldaşlarım arasında böyük maraq yaradacaq və onlar da bundan sonra daha çox mütaliə edəcəklər.

Sumqayıt şəhər İstedad liseyinin 9-cu sinif şagirdi Fidan Quluzadənin də sevincinin həddü-hududu yox idi. O, söylədi:
-Məni kitab mütaliəsinə babam, Respubliqanın Əməkdar həkimi, “Tərəqqi” medallı Mayılxan Tağıyev həvəsləndirib. Sumqayıt şəhər Mərkəzi Kitabxanasının ən fəal oxucusuyam. Babam Mayılxan həkim mənə çoxlu kitab alır. Kitaba həvəsim çox böyükdür. Son vaxtlar isə təbiətin çirklənməsinin qarşısını necə almağın yolları, insan psixologiyasının dərin qatlarına necə varmağı və tarixi kitabları, dahi Nizami Gəncəvinin əsərlərini daha çox oxuyuram. Deyə bilərəm ki, Nizimi Gəncəvinin əsərləri bütün dünya üçün nümunədir. Əgər gənclərimiz bu kitabları oxusa, onların həyatı dərk eləməsində çox böyük köməyi olar. Son oxuduğum kitab isə Lev Tolstoyun “İnsanı yaşadan nədir” kitabıdır. Mən həmin kitabdan belə nəticə çıxardım ki, insanı yaşadan həyata, Vətənə, dostlara, valideynə sevgidir. Məşhur rus yazıçısı Fyodor Dostayevski deyib ki, “dünyanı gözəllik xilas edəcək”. Gözəlliyi görmək və dərk eləmək üçün isə daha çox mütaliə eləmək lazımdır. Məşhur Əbu Turxan deyir ki, “ hər kitab özü bir xəzinə olmaqla yanaşı, həm də neçə-neçə başqa xəzinələrin açarıdır”. Amma mən fikirləşirəm ki, kitablar elə özləri dünyanın açarlarıdır. Biz onları oxuduqca, həyatın sirli yollarının açarlarını asanlıqla tapıb, öz arzularımıza nail ola bilərik.
Tədbir ədəbi-bədii gecə və çay süfrəsi ilə davam etdirilidi. Sumqayıt Dostlar Klubu idarə heyyətinin üzvü, Əməkdar incəsənt xadimi, yazıçı-rejissor Ağalar İdrisoğlu klassik şairlərimizin şeirlərindən nümunələr söylədi. Sumqayıtlı şairlər Xatirə Fərəcli, Lilpar Cəmşidqızı, İlhamə Məhəmmədqızı və başqaları öz şeirlərini, maraqlı, xoş təəssüralarını söylədilər. Gənc müğənnilər mahnılar oxudular.

Bu gün məmləkətimizdə kitab oxumağa maraq azaldığı bir vaxtda, inanırıq ki, bu səpkidə tədbirlərin keçirilməsi böyük önəm daşıyır.

Məşhur amerikalı yazıçı, ssenarist, fantastika janrının ən tanınmış müəlliflərindən biri Rey Bredberi deyib ki, “bir mədəniyyəti yox etmək üçün kitabları yandırmaq gərək deyil. Oxumağın qarşısını almaq, yetər”. Deməli, biz də bir millət olaraq, kitaba, mütaliəyə marağı artırmalıyıq ki, dünya xalqları arasında öz sözümüzü lazımi səviyyədə deyə bilək.

İlhamə MƏMMƏDOVA

Digər xəbərlər