Mədəniyyət

  • 5 275

Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

image

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycanın istiqlal şairi, həyatını bütünlüklə millətinin hürr və azad yaşaması uğrunda mübarizəyə həsr etmiş Əhməd Cavadın 130 illik yubileyi çərçivəsində təntənəli tədbir keçirilib. SİA xəbər verir ki, şairin şah əsəri olan Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Əhməd Cavadın timsalında Azərbaycanın istiqlalı, torpaqlarımızın bütövlüyü uğurunda canını fəda etmiş bütün şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib.Tədbiri universitetin Humanitar fənlər kafedrasının müdiri, prof. Camal Mustafayev açaraq Əhməd Cavadın yaşadığı dövrdə mövcud ictimai-siyasi prosesləri şərh edib, sovet rejiminin, Stalin repressiyalarının millətimizin tarixinə vurduğu zərbələrdən, yüzlərlə insanın, o cümlədən Əhməd Cavadın taleyinə yazılan faciələrdən söz açıb. O qeyd edib ki, Sovet rejiminin "xalq düşməni" damğası vurduğu Əhməd Cavad Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən və buna görə də canını fəda edən unudulmaz böyük şair, tanınmış maarifçi və ictimai xadimdir.Daha sonra f.ü.f.d. Vəfa Abbasova “Əhməd Cavad şəxsiyyəti” və f.ü.f.d., dos. Ruslan Məmmədov “Əhməd Cavad və Türkiyə ədəbi mühiti” mövzularında məruzələrlə çıxış ediblər. Tədbirin rəsmi hissəsi bitdikdən sonra ikinci hissəsində universitet tələbələrinin hazırladığı “Şahid və Şəhid şair”adlı bədii-sənədli tamaşa təqdim olunub. İştirakçıların izlədiyi bu tamaşada Əhməd Cavad müəllim, şair, dost və nəhayət, öz amalı uğrunda şəhid olan vətənpərvər kimi canlandırılıb. Səhnəciklərdə Əhməd Cavadla yanaşı, onun silahdaşları Hüseyn Cavid, Mikayıl Müşfiq və şairin həyat yoldaşı - Şükriyyə obrazları da yer alıb. Obrazlar tələbələr tərəfindən canlandırılsa da, son dərəcə dəqiq və peşəkar seçilmiş rollar sayəsində yüksək səviyyəli tamaşa nümayiş olunub və hər fraqment izləyicilərin alqışlarına səbəb olub. Tamaşa ilə paralel, nümayiş etdirilən kinofilmdə isə Əhməd Cavadın həyat və yaradıcılığından bəhs edilimişdir. Yubiley mərasimini yekun nitqi ilə tamamlayan ADNSU-nun rektoru, professor Mustafa Babanlı qeyd edib ki, Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış unudulmaz şəxsiyyətdir. Belə bir şəxsiyyət haqqında universitetin əməkdaşları və tələbələri tərəfindən təmtəraqlı gecənin təşkil edilməsini yüksək qiymətləndirən rektor, professor Mustafa Babanlı çıxışında tamaşanın ssenaristi Vəfa Abbasovaya, təşkilatçısı Sürəyya Nağıyevaya, Tələbə Həmkarlar İttifaqına və əməyi keçən bütün əməkdaşlara təşəkkürünü bildirib. O, həmçinin müasir Azərbaycan gəncliyinin, o cümlədən ADNSU tələbələrinin tariximizə və ədəbiyyatımıza, onları yazan və yaradan şəxsiyyətlərə olan istəklərini yüksək dəyərləndirib.Tələbələrin səhnələşdirdiyi belə tamaşaların və digər tədbirlərin universitet həyatı üçün önəmini vurğulayan rektor, professor Mustafa Babanlı müasir Azərbaycan gəncinin Əhməd Cavad kimi şəxsiyyətlərin bizə miras qoyub getdiyi dəyərlərə söykənərək daha parlaq sabahlara oyanacaqlarına əmin olduğunu bildirib.

sia.az

Digər xəbərlər