Mədəniyyət

  • 4 302

Bursada TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 39-cu iclası keçirilib

image

2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olacaq Şuşa şəhərində keçiriləcək tədbirlər haqqında qərar qəbul edilib

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Mədəniyyət Nazirləri Daimi Şurasının 39-cu toplantısında iştirak etmək məqsədilə Türkiyədə rəsmi səfərdədir.

Noyabrın 5-də 2022-ci il üçün “Türk Dünyasının Mədəniyyəti Paytaxtı” olan Bursa şəhərində TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 39-cu iclası keçirilib. İclasda TÜRKSOY ölkələrinin mədəniyyət nazirləri və mədəniyyət üzrə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, eləcə də Türk dünyası beynəlxalq təşkilatlarının rəhbərləri iştirak ediblər.

Tədbirdə “paytaxt ili” çərçivəsində Bursa şəhərində həyata keçirilmiş layihələrə dair hesabat, növbəti ildə reallaşdırılması planlaşdırılan yeni proqram və layihələr, 2023-2024-cü illər üzrə Türk dünyasından görkəmli şəxsiyyətlərin elan ediləcək xatirə ili barədə müzakirələr aparılıb. Tədbirdə eyni zamanda TÜRKSOY-un 2023-cü il üzrə
fəaliyyət proqramı və digər məsələlər müzakirə olunub.

Toplantının rəsmi açılışında nazir Anar Kərimov çıxış edərək Bursa şəhərində bu il keçirilmiş tədbirləri yüksək qiymətləndirib. Nazir TÜRKSOY tərəfindən elan olunmuş “Fikrət Əmirov İli” çərçivəsində təşkilata üzv ölkələrdə gerçəkləşdirilmiş tədbirlərə görə təşəkkürünü bildirib.

Anar Kərimov çıxışında Azərbaycan Respublikası ilə TÜRKSOY arasında bundan sonra da xalqlarımızın mədəni dəyərlərinin yaşadılaraq gələcək nəsillərə ötürülməsi, mədəni irsimizin qorunması istiqamətində əməkdaşlığın davam etdiriləcəyinə, habelə Türk dünyasının birliyi və həmrəyliyi üçün bütün istiqamətlərdə birgə fəaliyyətin həyata keçiriləcəyinə əminliyini ifadə edib.

Sonra Daimi Şuranın 39-cu iclasının Yekun Bəyannaməsi qəbul olunub. TÜRKSOY-un 2022-ci il üzrə fəaliyyətinə dair hesabatlar, 2023-cü ilə aid Fəaliyyət Proqramı təsdiqlənib. TÜRKSOY-un 2023-cü ildə həyata keçirəcəyi layihə və tədbirlərin dəyərləndirilməsi, 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” missiyasını yerinə yetirəcək Azərbaycanın Şuşa şəhərində keçiriləcək tədbirlərdə üzv ölkələrin fəal iştirakının razılaşdırılması və dəstəklənməsi haqqında qərar qəbul edilib.

İclasda mədəniyyət nazirlərinin yekdil qərarı ilə Türkmənistanın Anev şəhəri 2024-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilib.

Həmçinin 2023-cü il üçün tanınmış qazax bəstəkarı Temirbek Jürgenov, Qırğızıstanın Xalq artisti Baken Kıdıkeyeva, Türkiyənin istiqlal şairi Mehmet Akif Ersoy, Türk dünyasını böyük alim və mütəfəkkiri Əbu Reyhan əl-Biruni, Şimali Kipr Türk Cümhuriyyətinin tanınmış rəssamı İsmet Vehit Güneyin xatirə ili elan edilib.

Toplantıda eyni zamanda 2024-cü ilin Türk dünyasında türkmən şairi və mütəfəkkirinin xatirəsinə “Məhdimqulu Fəraqi İli” elan olunması razılaşdırılıb.

Daha sonra TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı dönəm toplantısının koordinatorluğu Azərbaycanın mədəniyyət naziri Anar Kərimova həvalə edilib. 40-cı iclasın 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olacaq Şuşada keçirilməsi ilə bağlı qərar verilib.

***
TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 39-cu iclasından sonra “Şuşa – Türk Dünyasının Mədəniyyət Paytaxtı: 2023” adlı fotosərginin açılışı keçirilib. Mədəniyyət naziri Anar Kərimov sərginin açılışını edib. Daimi Şuranın iclasının iştirakçıları və digər qonaqlar sərgi ilə tanış olublar. Sərgi çərçivəsində Şuşaya həsr olunmuş videoçarx da nümayiş etdirilib.

Nazir Anar Kərimov tərəfindən Bursa şəhərinin valisi Yakup Canpolata “Şuşa – 270” xatirə nişanı təqdim olunub.

Digər xəbərlər