Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Yuxarı Şirvan suvarma kanalının infrastrukturunun bərpası, mövcud təsərrüfatların su təminatı məsələlərinin vaxtında və səmərəli şəkildə həllinin yaxşılaşdırılması, su ehtiyatlarından daha səmərəli istifadə olunması, magistral kanalın suburaxma qabiliyyətinin artırılması məqsədilə 8 aprel tarixində Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Yuxarı Şirvan suvarma kanalının adı dəyişdirilərək Şirvan suvarma kanalı adlandırılıb.
Şirvan su kanalının açılışı gələcəkdə kənd təsərrüfatımıza müsbət təsir göstərəcək. Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmiş və uzun illərdir fəaliyyət göstərir. Ölkəmizdə yeni-yeni infrastruktur layihələrin icrası həyata keçirilir və onlardan biri də Şirvan suvarma kanalının yenidən qurulmasıdır. Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihədir. Gələcəkdə Şirvan suvarma kanalı 10 rayonun su problemini həll edəcək.Cənab İlham Əliyev 16 aprel tarixində Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində çıxış edərək bildirmişdir ki, “Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir və bu gün kanalın, - artıq bu kanal Şirvan kanalı adlandırılır, - yeni mərhələsi başlayır. Faktiki olaraq kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq. Əkin sahələrinə gəldikdə isə o da iki dəfədən çox artırılacaq. İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi, bax, arxamdakı Hacıqabul gölü olacaq. Hacıqabul gölü də 10 ildən çoxdur ki, tamamilə quruyub. Kanal istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaqdır”. Qeyd etmək lazımdır ki, ölkəmizdə Şirvan və Qarabağ kanalları Taxtakörpü kanalı ilə birlikdə ən böyük suvarma kanalları olduğu üçün bu layihələrə xüsusi əhəmiyyət verilir. 30 il ərzində işğalçı Ermənistan təkcə bizim torpaqlarımızı deyil eyni zamanda su resurslarımızı da işğal etmişdir. 44 günlük Vətən müharibəsində şanlı qələbəmiz nəticəsində ölkəmizin təbii resursu olan su mənbələrimizə tam sahib olduq. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları ümumi su resurslarımızın 25%-ni təşkil edir. Qarabağ və Şərqi Zəngəzur torpaqlarında indi quruculuq işləri ilə bərabər eyni zamanda kənd təsərrüfatı inkişaf etdirilir. Gələcəkdə Xəzər dənizinin (gölünün) suyunun duzsuzlaşdırılması layihəsi də ölkəmiz üçün çox önəmlidir. Xəzər dənizinin (gölünün) suyundan suvarma həm də içməli su kimi istifadə ediləcəkdir.
Milli Məclisin deputatı
Rauf Əliyev