İqtisadiyyat

  • 3 293

Azərbaycan-İran iqtisadi əməkdaşlığı bu sahələrdə böyük potensiala malikdir - TƏHLİL

image

Xəbər verildiyi kimi, mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib. Dövlət başçıları “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarını işə salıblar.

Qeyd edək ki, hidroqovşaqların layihələri Sovet İttifaqı ilə İran arasında 1977-ci ilin oktyabrında imzalanan razılaşma əsasında hazırlanıb. Layihələri 1990-cı illərin əvvəllərində yenidən işlənilən hidroqovşaqların tikintisi Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilməsi nəticəsində dayandırılsa da, sonrakı dövrlərdə tikinti işləri İran tərəfindən davam etdirilib.

2020-ci ildə Vətən müharibəsi nəticəsində Azərbaycanın torpaqları, o cümlədən hidroqovşaqların tikildiyi ərazi işğaldan azad edilib. Araz çayının su ehtiyatlarından səmərəli istifadə olunmaqla elektrik enerjisinin istehsalı və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına xidmət edəcək “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarında su bəndlərinin tikintisi üzrə işlər tamamlanıb, su anbarlarının doldurulması işlərinə başlanılıb. Hazırda “Xudafərin” su anbarında 503 milyon kubmetr, “Qız Qalası” su anbarında isə 42 milyon kubmetr su yığılıb ki, bu da ümumi tutumun 40 və 85 faizini təşkil edir. Buradakı iki elektrik stansiyasında 540 meqavat enerji istehsal olunacaq.

Su tutumu 1,6 milyard kubmetr olan “Xudafərin” və 56,75 milyon kubmetr su tutumuna malik “Qız Qalası” hidroqovşaqları, həmçinin hər bir tərəf üçün ümumi qoyuluş gücü 140 MVt olan “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları paritet əsasda ölkələrimizin maraqlarına xidmət etməklə Azərbaycan-İran təcrübəsində transsərhəd sulardan istifadənin örnəkləri olacaq.

Bu layihə təkcə Azərbaycana mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması, illik 358 milyon kilovat-saat elektrik enerjisi istehsalı, 80 milyon kubmetr qaza qənaət imkanı yaradacaq.

Buradakı iki elektrik stansiyasında 540 meqavat enerji istehsal olunacaq. Bu, su diplomatiyası sahəsində bənzərsiz bir layihədir. Stansiyaların qoşulacağı “Cəbrayıl” enerji qovşağı ölkəmizin Şərqi Zəngəzur və Naxçıvan bölgələri arasında yeni enerji bağlantısına xidmət edəcək. Bu layihələr, eyni zamanda, “yaşıl enerji” sahəsində ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni perspektivlər vəd edir.

Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimindəki çıxışında İran və Azərbaycan arasında tarixi dostluq, mədəni bağlılıq və iqtisadi əməkdaşlığın daha yüksək səviyyəyə çatacağını vurğulayıb. Dövlət başçı bildirib ki, iki ölkə müxtəlif sahələrdə uğurla əməkdaşlıq edir: “İki ölkəni birləşdirən layihələrin arasında təbii ki, nəqliyyat layihələri xüsusi rol oynayır. Bu gün nəinki ölkələrimiz üçün, daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat Dəhlizinin tamamlanmasına az qalıb. Həm İran ərazisində, həm Azərbaycan ərazisində dəmir yolu infrastrukturunun modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir. Qeyd edək ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə keçən il yükdaşımaların həcmi 50 faizdən çox artıb. İranla Azərbaycan arasındakı yükdaşımaların artımı da 50 faizdən çoxdur, dəmir yolu tam istismara veriləndən sonra bu rəqəmlər daha da artacaq.

Bu gün, eyni zamanda, Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikilir. Bu körpü tikiləndən sonra o da Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizinin bir parçasıdır. Qeyd etdiyim kimi, həm Şimal-Cənub, eyni zamanda, Şərq-Qərb Nəqliyyat dəhlizlərinin bir hissəsi olacaq.

Qarabağ, Naxçıvan və Şərqi Zəngəzur bölgələri Azərbaycanda “yaşıl enerji” zonaları elan edilib. Bu bölgələr bizim ərazimizin təxminən 25 faizini təşkil edir. İşğaldan azad edilmiş torpaqlarda son 3 il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları inşa edilib. Bu stansiyaların istehsal gücünü 500 meqavata çatdırmaq üçün konkret proqram var və yaxın iki-üç il ərzində bu, həll olunacaq”.

İran İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Seyid İbrahim Rəisi qeyd edib ki, yaxın gələcəkdə birgə səylərimizlə su elektrik stansiyalarının açılışına da nail olacağıq: “ki milyard kubmetrə yaxın su tutumu olan “Xudafərin” bəndi fəaliyyətə başlayır və bundan hamımız yararlanacağıq. Eyni zamanda, vətəndaşlar üçün 40 mindən çox iş yeri yaradılır. Həmçinin əkin sahələri üçün və içməli su mənbəyidir. Ölkələrimiz arasında mehriban qonşuluq, qardaşlıq və dostluq münasibətlərinin inkişafını təmin edən siyasətin töhfəsi olaraq uzun illərdir fəaliyyət göstərən Araz, Mil-Muğan su anbarları və Araz Su Elektrik Stansiyasından sonra Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihəsinin həyata keçirilməsi göstərir ki, Azərbaycan və İran öz aralarındakı sərhədi davamlı şəkildə səmərəli əməkdaşlıq imkanlarına uğurla çevirən ölkələrdir”.

İbrahim Rəisi deyib ki, bu bənd İran İslam Respublikasının mühəndislik sahəsindəki bacarığını göstərir: “Bu, əslində bizim mühəndislərin bacarıqları, eyni zamanda, İran İslam Respublikasının sahib olduğu texnologiyanın daha bir göstəricisidir.Təbii ki, bizim mühəndislərin çalışqanlığı və savadı nəticəsində bu, İranı bəndlərin tikintisi sahəsində dünyanın ən əsas dörd ölkəsindən birinə çevirmişdir. Bu, həmçinin İranın qonşu ölkələrlə, xüsusilə də Azərbaycanla həmin sahədə və digər sahələrdə əlaqələrinin inkişafına səbəb olur, eyni zamanda, Qarabağda əməkdaşlıqla bağlı önəmlidir.

Fürsətdən istifadə edərək azərbaycanlı dostlarımızı da təbrik edirik ki, ölkənin suverenliyini və ərazi bütövlüyünü bərpa etmişlər. Biz Qarabağın Azərbaycanın ərazisi olduğunu səlis formada, tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq. Bu bölgədə, Qarabağda dirçəliş proqramı əsasında əməkdaşlığımızı hər zaman göstərməyə hazır olduğumuzu bir daha bildirmək istəyirəm. Kəlalə-Ağbənd bölgəsində 140 kilometr uzunluğunda dəmir yolu və avtomobil yolunun üzərində tikilən körpülər də strateji layihələrdir. Bu layihəni biz çox sürətlə davam etdiririk. Buraya gələrkən mən oraya baş çəkdim. Orada altı istiqamətdə işlər çox intensiv şəkildə davam etdirilir. Mən əməkdaşlarıma və şəhərsalma nazirinə də təkidlə tapşırdım ki, biz bu layihəni vaxtından əvvəl - 36 aydan da tez bitirib istismara verməliyik. Çünki bu, iki ölkə arasındakı əlaqələrdə çox önəmli bir dəhlizdir.

Mən son olaraq bildirmək istəyirəm ki, ola bilər, iki ölkə arasındakı əlaqələrin inkişafı bəzi güclərin xoşuna gəlməsin. Amma əsas olan bizim maraqlarımızdır və iki ölkə arasındakı əlaqələr bizim üçün çox önəmlidir”.

Ümumiyyətlə, Azərbaycan-İran əlaqələri son illərdə getdikcə yüksəlir. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq inkişaf edir- siyasi, iqtisadi, mədəni, elmi və s. İqtisadi sahədə bir sıra müştərək müəssisələr yaradılıb- avtomobil zavodu, dərman fabriki və s.

Azərbaycanda 1000-dən çox İran şirkəti qeydiyyatdan keçib, İran Azərbaycana 4 mlrd. ABŞ dolları həcmində investisiya yatırıb. Azərbaycan və İran birgə layihələri çərçivəsində Neftçala Sənaye Məhəlləsində avtomobil zavodu uğurla fəaliyyət göstərir. Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodu, Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodu tikilir.

Azərbaycanın 50-yə yaxın şirkəti İran iqtisadiyyatına investisiya yatırıb. İranın Astara şəhərindək dəmiryolunun çəkilməsinə Azərbaycan 60 milyon dollar investisiya ayırıb.

Eyni zamanda, ticarət əməliyyatlarının dövriyyəsi ildə təxminən 30 faiz artır. Hazırda bu rəqəm yarım milyard dollardan artıqdır, lakin iki ölkənin ticarət potensialı bundan dəfələrlə yüksəkdir.

Şimal-Cənub Dəhliz tam gücü ilə işə başladıqdan sonra həm qarşılıqlı ticarət, həm də tranzitdən hər iki ölkə böyük gəlirlər əldə edəcək. İki qardaş və qonşu ölkənin iqtisadi əməkdaşlıq potensialı indiki həcmlərdən dəfələrlə yüksəkdir. Müxtəlif sənaye sahələrində, aqrar sektorun inkişafında tərəflərin bir-birinə yardım etməsi hər iki tərəf üçün faydalı olacaq. İran hərbi sənaye, yüngül sənaye, yeyinti sənayesi, nanotexnologiya, tibb sahəsi, maşınqayırma və aqrar sektorda güclü imkanlara malikdir və Azərbaycanda bu sahələrdə müştərək müəssisələr yaradıla bilər. Azərbaycan isə neft sənayesi, energetika, kimya sənayesi kimi sahələrdə İrana öz töhfələrini verə bilər.

Turizm sahəsində əməkdaşlıq üçün də hər iki ölkənin böyük potensialı var. Azərbaycan İran vətəndaşları üçün, İran isə Azərbaycan vətəndaşları üçün çox sərfəli ölkədir, həm qiymət cəhətdən, həm də təbiət cəhətdən.

Yekun olaraq qeyd etməliyik ki, Azərbaycan və İran arasında əməkdaşlığın gücləndirilməsi üçün iqtisadi potensial böyükdür və qarşılıqlı investisiyaların artırılması hər iki ölkənin bundan faydalanmasına səbəb olacaq.

Azərbaycan və İran xalqlarının ortaq keçmişə, ortaq dinə, birgə mədəniyyətə sahib olması hər iki dövlətin dostluq və əməkdaşlıq imkanlarını daha da artırır. Şübhəsiz ki, iki ölkə arasında bütün sahələrdə münasibətlər getdikcə daha da yüksək səviyyəyə qalxacaq.

Elçin Bayramlı

Digər xəbərlər