İqtisadiyyat

  • 1 249

Aqrar turizm: potensial və perspektivlər - ANALİZ

image

Azərbaycan iqtisadiyyatının neftdən asılılığının azaldılması üçün inkişaf etdirilməsi vacib olan perspektiv sahələrdən biri də turizmdir

Hazırda turizm planetar miqyasda sürətlə inkişaf edən biznes sahələrindəndir. Dünya üzrə ümumi milli məhsulun 10 faizi, ixracatın 8 faizi beynəlxalq turizmin payına düşür, göstərilən xidmətlərin təqribən üçdə biri beynəlxalq turizm vasitəsilə həyata keçirilir. Dünyada əməkqabiliyyətli əhalinin 8 faizi turizm industriyasında və onunla bağlı iqtisadiyyat sahələrində məşğuldur.

Azərbaycanın turizm potensialı

Azərbaycanda qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərini təşkil edir. Ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması üçün klaster yanaşma məqbul sayılır. Klaster yanaşma zamanı Azərbaycanda perspektivi aydın görünən bir neçə sahənin inkişaf etdirilməsi əsas götürülür. Ölkəmizdə yüksək potensial və perspektivləri olan sahələrdən biri də aqrar sektor və bir növ ona bağlı olan turizm sektorudur.

Azərbaycan təbii şəraiti, olduqca zəngin və rəngarəng rekreasiya ehtiyatları, xarici və daxili turizmin və əhalinin istirahətinin təşkili üçün hər cür şəraitə malikdir. Respublikamızın əlverişli iqlim şəraiti, ilboyu zirvələri qar və buzlaqlarla örtülü olan ecazkar quruluşu, cəlbedici landşaftı, çoxsaylı dağ çayları və şirinsulu gölləri, insanı heyrətə gətirən şəlalələr, yüzlərlə mineral və müalicəvi bulaqlar, narın qumlu dəniz çimərlikləri, palçıq vulkanları, tarixi-mədəni abidələr və s. ölkədə daxili və xarici turizmin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır.

Nəqliyyat xidmətlərinin, yolların və s. inkişafı sahibkarlıq, turizm və s. sahələrin dirçəlişinə təkan verir. O cümlədən, bu gün Azərbaycanın ən ucqar kəndlərinədək rahat yolların çəkilməsi, ölkəmizin Şərq-Qərb, Şimal-Cənub kimi iri beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsi turizm sektorunun da inkişafına ciddi təsir göstərməkdədir.

Belə ki, həm ölkə daxilində, həm də beynəlxalq səviyyəli yolların yenidən qurulması, yeni yolların çəkilişi ölkənin Avropa və Asiya arasında yerləşən nəqliyyat qovşağı kimi əhəmiyyətini daha da yüksəldir. Azərbaycanın tranzit potensialı artdıqca isə ölkə ərazisindən tranzit kimi istifadə edən xarici daşıyıcıların sayı da çoxalır. Bu da turizmin inkişafında mühüm rol oynayır.

Daxili turistlərin yerli turizmə cəlbi

Məlumdur ki, turizmin inkişafında daxili turistlər xüsusi rol oynayır. Xüsusən, ölkəmizdə kənd turizminin inkişafı əsasən daxili turistlərdən asılıdır. Belə ki, turizmin ekoloji turizm, dağ turizmi, idman turizmi və s. müxtəlif növləri içərisində kənd turizmi daha geniş yayılıb. Eyni zamanda, Azərbaycanda da kənd turizminin inkişaf etdirilməsi üçün çox geniş potensial imkanlar mövcuddur.

Hər bir ölkədə, xüsusilə də əhalisinin təqribən yarısı kənd yerlərində yaşayan Azərbaycan kimi ölkələrdə kənd turizminin inkişafı çox vacibdir. Çünki kənd turizmi şəhər mühitinin kənd mühiti ilə əvəz olunması ilə yanaşı, kənd yerlərində kiçik sahibkarlığın inkişafının, kənd təsərrüfatı məhsullarının istehlakçılara birbaşa çatdırılmasının təmin edilməsində, bölgələrin mövcud potensialından səmərəli istifadə olunmasında xüsusi əhəmiyyətə malikdir.

Araşdırmalardan aydın olur ki, kənd turizmi ümumilikdə, milli park və təbiət ərazilərindən istifadəyə, insanların istirahət tələbatında ətraf mühitlə bağlılığa, mədəni və milli irs nümunələrindən, eləcə də tarixi memarlıq abidələrindən istifadəyə, yüksək keyfiyyətli yaylaq havasına və müalicəvi bulaq sularına daimi tələbatın olmasına əsaslanır .

Aydındır ki, kənd turizm mərkəzləri əsasən bəzi dağlıq rayonlarda- Quba, Qusar, Xaçmaz, Masallı, Şamaxı, Qəbələ, Şəki və s. rayonların ərazisində yerləşir. Lakin Tovuz, Şərur, Gədəbəy, Ordubad, Daşkəsən, Zaqatala, Lerik, Yardımlı, Qax, Lənkəran, Balakən, Neftçala və s. rayonlarda da böyük potensial var.

Dövlət turizmin təbliği üçün nə edir?

Turizm sahəsində çalışanların peşə hazırlığının artırılması məqsədi ilə 2006-cı ildə Turizm İnstitutu yaradılıb, onun nəzdində müxtəlif peşələr üzrə daimi fəaliyyət göstərən kurslar açılıb, eyni zamanda, Ümumdünya Turizm Təşkilatının dəstəyi ilə müxtəlif təlim proqramları həyata keçirilməkdədir.

2002-ci ildən başlayaraq, hər il Azərbaycanda beynəlxalq turizm sərgisi təşkil olunur. Ölkədə turizmin əhəmiyyətini artırmaq, turizm potensialını təbliğ etmək, yerli adət-ənənələri, milli mətbəxi, mədəni və tarixi irsi tanıtmaq məqsədi ilə tematik nəşr məhsulları (kitab, buklet, CD və DVD-lər və s.) hazırlanır və yayılır, dünyanın müxtəlif televiziya kanallarında reklam çarxı nümayiş etdirilir, həyata keçirilən yeni layihələr barədə reklam və elanlar verilir, bu istiqamətdə internet imkanlarından və digər elektron daşıyıcı vasitələrindən də geniş istifadə edilir.

Zərərsiz, rahat, daimi gəlir mənbəyi

Turizm sektorunda mövcud potensialdan səmərəli istifadə olunsa, ölkəmiz bu sahədən daha artıq gəlirlər əldə edər. Ona görə də, turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən biri kimi inkişaf etdirilməsi bu gün Azərbaycanda ən mühüm vəzifə olaraq qarşıda durur. Son illər Azərbaycanda əldə olunmuş iqtisadi irəliləyiş bu vəzifənin yeni imkanlara adekvat səviyyədə həllinə şərait yaradır.

Digər sektorlardan fərqli olaraq turizm ekologiyaya zərər vurmayan, xammal və ya industrial texnologiya tələb etməyən, faydalı qazıntıların istaifadəsinə ehtiyac duymayan bir sektordur. Təsadüfi deyil ki, bir çox ölkələrin əsas gəlirləri məhz bu sektordan əldə olunur.

Əgər kənd turizminin inkişafına daha çox diqqət göstərilsə, qısa müddətdə bu sahədə böyük irəliləyiş əldə olunar. Nəticədə həm əhalinin, həm də dövlət büdcəsinin gəlirləri artar, ölkədən valyuta çıxışı azalar, ölkəyə valyuta axını çoxalar, bu, həm də məşğulluq probleminin həllinə böyük töhfə olar. Üstəlik, bu sahənin inkişafı dolayı yolla digər sahələrin də inkişafına təkan verər, iqtisadi dövriyyəni artırar.

Elçin Bayramlı

Digər xəbərlər