Azərbaycanın ÜTT-yə üzv olması ölkəmizin qüdrətli dövlətlər sırasında təmsil olunması deməkdir
Azərbaycan iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi və dünya iqtisadiyyatına inteqrasiyası baxımından ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzv olması mühüm əhəmiyyət kəsb edir. Ümumdünya Ticarət Təşkilatının üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli danışıqlara başlamış Azərbaycan ÜTT-yə üzvolma prosesinin ən əsas mərhələsinə daxil olmuşdur.
Məsələ ilə bağlı münasibət bildirən millət vəkili Əli Məsimov beynəlxalq təşkilat haqqında məlumat verərək bildirdi ki, nüfuzlu təşkilat olan Ümumdünya Ticarət Təşkilatı dünyada ticarət əməliyyatlarının birgə prinsiplər üzərində həyata keçirilməsini təmin edən qurumdur: "Azərbaycanın bu təşkilata daxil olması prosesi 10 ildən artıqdır ki, davam edir. Bunun da səbəbləri var - ÜTT-yə daxil olmaq bütün ölkələr üçün standart vəziyyət və ya yaxşı perspektiv vəd etməyə də bilər. Bu səbəbdən ekspertlər bu təşkilata bir sıra şərtlər daxilində üzv olmağın zəruruliyini qeyd edirlər".
Ə.Məsimov onu da vurğuladı ki, Ümumdünya Ticarət Təşkilatına əlverişli şərtlərlə daxil olmaq üçün ölkəmizin mənafelərinin vahid danışıqlar mövqeyindən qorunmasını, habelə, gələcəkdə bu təşkilata üzvlük çərçivəsində aparılacaq fəaliyyətin səmərəliliyini təmin etmək məqsədilə, ölkə Prezidentinin 2006-cı il 2 avqust tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin bu təşkilatın tələblərinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı" təsdiq edilmişdir. Tədbirlər Planında əks olunan normativ hüquqi aktların ümumi sayı 39 olmaqla, 17 qanun, 2 fərman, 19 qərar və 1 Dövlət Proqramından ibarətdir.
Millət vəkili bildirdi ki, ÜTT-yə üzv olmaq istəyən ölkələrin qarşısına mövcud sazişlərin icrası, qanunvericilik bazasının yeniləşdirilməsi və ticarətin liberallaşdırılması üçün tarif və qeyri-tarif maneələrinin aradan qaldırılması tələbləri qoyulur. Azərbaycan hökuməti də bu tələblərin yerinə yetirilməsi istiqamətində lazımi işlər aparır. Həmçinin, onu da bildirmək lazımdır ki, Azərbaycan 1992-ci ildən Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının üzvü olsa da, ÜTT-yə, hələlik, müşahidəçi statusu ilə qatılmaqdadır. Amma yaxın vaxtlarda Azərbaycanın bu nüfuzlu təşkilata da tamhüquqlu üzv qəbul edilməsi ölkəmizin iqtisadi inkişafına daha güclü təkan verə və beynəlxalq nüfuzunu artıra bilər. Onun fikrincə, bu prosesdə tələsmək Azərbaycana baha başa gələ bilər: "Bu prosesə dövlət başçısı da xüsusi diqqət yetirir. Ancaq onu da vurğulamaq lazımdır ki, Azərbaycan ÜTT-yə tələsik qəbul oluna bilməz, çünki bu, bizim ziyanımıza ola bilər. Bildiyiniz kimi, hazırda bununla bağlı aidiyyəti dövlət qurumları danışıqlar da aparır".
Ə.Məsimov bildirdi ki, dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrinin əksəriyyəti ÜTT-nin üzvüdür. Deməli, Azərbaycanın bu təşkilatın üzvü olması, ən azı dünyanın qüdrətli ölkələri ilə bir sırada təmsil olunması deməkdir. Bu təşkilata üzv olan ölkələrin təcrübəsi göstərir ki, bu üzvlük ixracı və idxalı genişləndirməyə, müxtəlif sahələrdə sərfəli seçim etməyə, iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərlə iqtisadi münasibətləri genişləndirməyə, milli maraqların müdafiəsi məqsədilə təşkilatın imkanlarından istifadə etməyə, beynəlxalq ticarət qaydalarının hazırlanmasında, müqavilələrin bağlanmasında iştirak etməyə və nəhayət, investisiya mühitini əlverişli etməyə və investisiyaların həcmini genişləndirməyə imkan verir. Odur ki, ölkəmizin ÜTT-yə üzvlüyünün alternativinin olmaması bu gün heç kimdə şübhə doğurmamalıdır. Bir də, bütün bunlarla bərabər, ÜTT xeyriyyə fondu deyil və təşkilata qəbul olunmağın müəyyən şərtləri və məhdudiyyətləri var. Əsas şərtlərdən biri, ixracın əmtəə tərkibi ilə bağlıdır".
Millət vəkili onu da vurğuladı ki, ümummilli liderimiz Heydər Əliyevin müdrik təşəbbüsü sayəsində 1997-ci ildə ÜTT-yə müraciət edilmiş, respublikamıza müşahidəçi statusunun verilməsi ilə Azərbaycanın təşkilata üzv qəbul olunması prosesi artıq başlanmışdır. Sonrakı dövrdə ölkəmizin xarici ticarət rejimi haqqında memorandum hazırlanmış və ÜTT-nin katibliyinə təqdim edilmişdir. Avropa Birliyinin, ABŞ-ın, Yaponiyanın, Avstraliyanın sorğularına cavablar hazırlanmış və təşkilatın aidiyyətli qurumlarına təqdim olunmuşdur. Hazırda bu proses Azərbaycan Prezidenti İlham Əliyevin nəzarətindədir və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir.