Ötən il Zaqatala rayonunda fındıq bağlarından 30 min 430 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 15 min 64,7 ton artıb. Hər hektar fındıq bağından orta hesabla 18,9 sentner, yəni əvvəlki ildəkindən 7,2 sentner çox məhsul götürülüb.Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Rayon Statistika İdarəsindən məlumat verilib.Bildirilib ki, ənənəvi sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi Zaqatala rayonunun kənd təsərrüfatı üçün prioritet istiqamətlərdən biridir. Dövlətimizin başçısının fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə son illər Zaqatala rayonunda yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılıb. Belə ki, son beş ildə rayonda fındıq bağlarının ümumi sahəsi iki dəfədən çox artırılaraq 20 min 187,4 hektara çatdırılıb. Bu bağların 16,1 min hektarı barverəndir.İdarədən verilən məlumata görə, ümumilikdə, 2021-ci ildə Zaqatala rayonunda 54 min 468,5 ton meyvə istehsal olunub. Meyvə istehsalı əvvəlki illə müqayisədə 15 min 159,3 ton artıb.
AZƏRTAC