İqtisadiyyat

  • 1 935

Rusiya “Türk axını”nı “təmir" edir, ümid Azərbaycana qaldı - ANALİZ

image

Rusiyanın Avropa üzərində “qaz imtahanı” davam edir. Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatdan sonra Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyalarda təbii qaz olmadığından Rusiyanın əsas gəlir mənbəyi – qaz ticarəti demək olar ki, öz axarında davam edir. Üstəlik Rusiyanın qarşı tərəfə qazın ödəmələrinin rublla həyata keçirilməsi barədə tələbi də Moskvanın maraqlarına tam olaraq cavab verir. Qərb bankları Rusiya ilə əməliyyatları müharibə səbəbindən dayandırsa da Putin hakimiyyəti alternativ variantların tapıldığı barədə məlumatlar yayırlar. Bəs onda Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların nə xeyiri oldu?

Əksinə Rusiya Qərbə qarşı müxtəlif “şahmat gedişləri” edir. Həmin addımlardan biri məhz bu gün, yəni 21 iyundan atılmağa başlanıb. Belə ki, 21-28 iyun tarixlərində "Türk axını" "planlı təmir" üçün dayandırılacaq. Bu, siyasi qərar bütün Avropanı çətin vəziyyətə salacaq. “Qazprom”dan verilən məlumata görə, “Türk axını” qaz kəmərinə illik planlaşdırılmış texniki qulluq iyunun 21-dən 28-dək aparılacaq və tədarüklər dayandırılacaq. Boru kəmərinin istismara başlamasından cəmi iki il sonra planlı təmirə ehtiyac olması mübahisəlidir (bəlkə də siyasi qərardır) və Bolqarıstanla bağlı da suallar yaradır.

Bolqarıstan rəsmi olaraq Rusiyadan qaz idxal etməsə də (tədarük iki ay əvvəl dayandırılmışdı), “Türk axını”nın təmiri Çiren qaz anbarı üçün sərf olunan həcmlərə təsir edəcək. Sonuncu ən narahatedicidir - hazırda Bolqarıstandakı anbarlar cəmi 30% doludur.

“Qazprom” aprelin 27-də Bolqarıstana təbii qazın daha verilməyəcəyini elan etdikdən, həm də prezident Vladimir Putinin qaz pulunu rublla ödəmə əmrini yerinə yetirmədiyi üçün Bolqarıstan demək olar ki, qazsız qalıb. Rəsmi Sofiya çıxış yolları axtarır, bunlardan ən geniş müzakirə olunan variant isə Amerikadan ticari edilən sıxılmış qazın Türkiyə terminallarından biri və ya Yunanıstanın Revitus terminalı vasitəsilə idxal etməkdir. Müəyyən dərəcədə bu reallaşır - indi Bolqarıstana Amerika yanacağı gətirilir. Revitus-dan Yunanıstan şəbəkəsi vasitəsilə Bolqarıstana logistikanın mürəkkəbliyini və Bolqarıstrana qazın hələ də Türk axınına çıxışı olduğunu nəzərə alsaq, Bolqarıstan sadəcə olaraq Yunanıstan üçün nəzərdə tutulan Rusiya həcmlərini saxlayır. Sənədlərə görə, Bolqarıstan mayeləşdirilmiş qazı ABŞ-dan və Azərbaycandan alır, amma faktiki olaraq svop müqaviləsinə əsasən, “Türk axını”ndan Rusiya (Yunanıstan) qazından istifadəni davam etdirir. Son həftələrdə Çiren qaz anbarında həcmlərin 10% artmasının əsas səbəbi budur (16 iyunda 31% dolu idi).

“Türk axını”nın Bolqarıstana girişində son 5 gündə tədarükdə ciddi artım müşahidə olunub - sutkada 23 milyondan 32 milyon kubmetrə qədər. Bununla belə, Türkiyə terminallarından və “Türk axını” ilə “Yunan həcmləri” adlandırılan qazdan alınmasa, ölkənin bu problemin öhdəsindən gələ biləcəyi sual olaraq qalır.

Doğrudan da, son günlər dünya bazarında vəziyyət daha qəribədir. Bolqarqaz svop əməliyyatları üçün Türk axınından istifadə edə bilməsə, bu, Bolqarıstanı ən azı bir həftə çətin vəziyyətə salacaq və Çiren anbarının doldurulma tempini pozacaq.

Beləliklə, biz yenidən Azərbaycan qazı mövzusuna qayıtmalı oluruq. İyulun 1-dən Bolqarıstan Azərbaycandan əhəmiyyətli dərəcədə daha çox qaz almağa başlayacaq: Nazirlər Şurası AGSC (Azərbaycan Qaz Təchizatı Şirkəti) ilə müqavilə əsasında 1 milyard kubmetr almağı gözləyir. Razılaşmaya görə, Bolqarıstan hələ də onları almalıdır, baxmayaraq ki, interkonnektor hazır deyil, lakin bir neçə ay əvvəl Bolqarqazın qəribə imtinası səbəbindən Bolqarıstan yalnız bir hissəsini almışdı. Eyni zamanda, Yunanıstan ilə çoxdan gözlənilən ICGB interkonnektoru hidravlik sınaqlardan keçir və çox güman ki, əvvəllər elan edildiyi kimi, iyulun 1-də deyil, texniki cəhətdən payızın əvvəlində işə salınacaq.

Son günlər Rusiya Avropanın iki ən böyük istehlakçısına - İtaliya və Almaniyaya, eləcə də Fransaya çatdırılma həcmini ciddi şəkildə azaldıb. Bu, bazarı partladıb: indi qiymətlər hər MVt üçün təxminən 120 avro təşkil edir və cəmi bir neçə gün əvvəl onlar təxminən 40-50% aşağı idi. Ümumiyyətlə, Bolqarıstan ABŞ-dan LNG aldıqdan sonra Avropa indeksi qiymətləri Bolqarıstan bazarı üçün əhəmiyyət kəsb etməməlidir, xüsusən də ABŞ-ın Henry Hub qiymətlərinin əhəmiyyətli dərəcədə aşağı olmasını nəzərə alsaq. Amma svop sövdələşmələri sayəsində artan qaz qiymətləri Yunanıstan və Türkiyədən sonra Bolqarıstana da çatıb.

Döyüşlərin getdiyi və təbii qazın qiymətinin qalxdığı bir vaxtda Rusiyanın böyük qaz kəmərinin həqiqətən təmirə ehtiyacı olub-olmadığını düşünmək təbii ki, məntiqlidir, bəlkə də bu, sırf siyasi və geostrateji addımdır. Almaniyanın İqtisadiyyat naziri Robert Habek də daxil olmaqla, bir çox analitik və siyasətçilər “Qazprom”un bu davranışını Aİ-yə təzyiq cəhdi kimi əlaqələndirirlər. Planlaşdırılan “Türk axını”nın təmirinin dayandırılması təbii qazın qiymətini daha da artırsa və Avropanı boru kəməri təchizatından məhrum etsə, təəccüblü deyil.

Bir neçə gün əvvəl Serbiyanın baş naziri Ana Brnabiç Serbiya ilə Bolqarıstan arasında qaz əlaqəsinin ölkəsi üçün prioritet olduğunu bildirmişdi: “Bizim enerji müstəqilliyimiz üzərində işləmək son dərəcə vacibdir, Bolqarıstanla qaz birləşdiricisi əsas layihədir. Serbiya qazı Yunanıstandan və digər mənbələrdən alacaq”. Belqrad Yunanıstan və Türkiyə terminallarından LNG tranziti üçün Bolqarıstana ümid edir.

Bir ay əvvəl Bolqartransqaz nəhayət ki, Serbiya ilə qaz kəmərlərinin tikintisi üçün 140 milyon lev dəyərində müqavilə imzalayıb. Bu kəmər 2023-cü ilin sonuna qədər hazır olmalı və Aleksandrupolisdə tikilməkdə olan yeni qazlaşdırma terminalından və digər Aralıq dənizi terminallarından çatdırılma üçün Serbiyaya qapıları açmalıdır. Bundan əlavə, Serbiyanın Trans-Adriatik boru kəmərinə çıxışı olacaq və müqavilə imzalanacağı təqdirdə, Azərbaycan qazını bu kəmərdən idxal etmək mümkün olacaq.

Hazırda Belqrad qazı istər Macarıstandan, istərsə də “Türk axını” vasitəsilə idxal edə bilər, lakin hər iki mənbə kifayət qədər şaxələndirməni təmin etmir. Təsadüfi deyil ki, prezident Aleksandar Vuçiç bir neçə gün əvvəl bütün Balkan regionu üçün sərt qış proqnozlaşdırmışdı. Amma...

V.VƏLİYEV

Digər xəbərlər