Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) təbliğat katibi Əli Orucov "Səs" qəzetinə müsahibəsi
- Əli bəy, əldə etdiyimiz məlumatlara görə, Nazim İmanov yenidən AMİP sədrliyinə gətirilir. Bu, nə dərəcədə həqiqətə uyğundur?
- Bu fikirlərin heç bir əsası yoxdur. Əsası olmayan fikirlər barədə şərh vermək düzgün çıxmaz.
- Yəni Nazim İmanovun partiya sədrliyinə gəlməsi faciə kimi dəyərləndirilə bilər?
- Burada söhbət faciədən getmir. Nazim İmanov partiyadan istefa verib. Gedərkən də istefasının səbəblərini açıq şəkildə bildirib. Onun yenidən AMİP sədrliyinə gəlmək ehtimalı sıfıra bərabərdir. Hazırda, o, öz işləri ilə məşğuldur.
- Bəs AMİP nə zamanadək sədrsiz fəaliyyət göstərəcək?
- Partiya nizamnaməsinə görə, əsas cari işlərin icrası ilə məşğul olmaq birbaşa katibliyin üzərinə düşür. Ona görə də, sədrin olmaması o qədər də hiss edilmir. Amma təbii ki, partiya bir canlı orqandır və bu orqanın bütün üzvləri öz işində fəal olmalıdır. Bütün bunlara baxmayaraq, müəyyən çətinliklər olsa da, onların öhdəsindən gəlməyə çalışırıq. Düşünürük ki, cari il ərzində partiyaya sədr məsələsi də öz həllini tapacaq.
- Razılaşmaq olar ki, 1998-2000-ci illərlə müqayisədə hazırkı AMİP arasında böyük uçurum mövcuddur?
- Təbii ki, dövr dəyişir, siyasi proseslər dəyişir. Bununla yanaşı, insanların düşüncəsi də dəyişir. Ona uyğun olaraq müəyyən fərqlənmə yaranır. Amma məsələ ondan ibarətdir ki, müqayisə etdikdə, 1998-ci ildəki siyasi şəraitlə indiki siyasi şərait eyni deyil. Bununla yanaşı, bu gün müxalifətin bütün imkanları əlindən çıxdığı üçün onlar mövcud duruma düşməyə məcbur olublar. Belə olduqda isə, təbii ki, müqayisədə fərqlər özünü göstərəcəkdir.
- Müqayisəli təhlil aparsaq, Müsavat, AXCP (i), "MBH", "KXCP" və s. siyasi partiyaların fəaliyyəti, qismən də olsa, nəzərə çarpır. Amma etiraf etmək lazımdır ki, AMİP son zamanlar ictimai-siyasi proseslərdən kənarda qalıb...
- Adları qeyd olunan siyasi partiyaların fəaliyyəti AMİP-dən qat-qat zəifdir. Sadəcə olaraq, onların müəyyən təbliğat vasitələrindən istifadə etmək imkanları AMİP-dən üstündür. Yəni onların əlində konkret təbliğat maşınları mövcuddur. Buna misal olaraq "Azadlıq" və "Yeni Müsavat" qəzetlərini göstərmək olar. Bu qəzetlər birbaşa onların bu və ya digər şəkildə təbliğatını qururlar. Məhz bu baxımdan, bu faktlar aldadıcı təsir bağışlayır ki, guya həmin partiyalar AMİP-dən güclüdür. Əslində, bu gün Azərbaycandakı siyasi müxalifətin vəziyyəti heç də ürəkaçan deyil.
- Konkret olaraq hansı siyasi partiyaların vəziyyətini nümunə göstərərdiniz?
- Söhbət Müsavat, AXCP (i), "MBH", "KXCP" və digərlərindən gedirsə, görəsən, onlar hansı fəaliyyəti ilə AMİP-dən üstündür? Yenə də vurğulayıram ki, həmin partiyaların ixtiyarında mətbuat imkanları var. Onlar məhz həmin mətbuat orqanlarına görə özlərinin fəaliyyəti haqqında müəyyən görüntü yaradırlar. Çox təəssüf ki, AMİP belə bir təbliğat vasitəsindən məhrumdur. Çalışırıq ki, yaxın dövr üçün yenidən təbliğat vasitələrindən istifadə edə bilək.
- "6-lar" adlanan blokla əməkdaşlıq etməklə onların mətbuat dəstəyini almaq nəzərdə tutulur?
- Əslində, bizim belə bir dəstəyə ehtiyacımız yoxdur. Çünki yalançı görüntü sonradan cəmiyyətdə əks-effekt yaradır. Bunu biz zaman-zaman görüb, müşahidə etmişik. Eyni zamanda, qeyd edim ki, həmin hərəkətlər konkret şəxsi maraqlardan qaynaqlanır. Hər kəsə aydındır ki, Müsavatla AXCP (i) arasındakı, eləcə də orada təmsil olunan digər partiyalar arasında zaman-zaman gərginliklər yaşanıb. İndi də onların bir-birinə daxili inamsızlığı və etibarsızılığı mövcuddur. Sadəcə olaraq, bunlar bir illüziyadan ibarətdir. Bunun bir blok və yaxud da ittifaq olması heç bir əhəmiyyət kəsb etmir. AMİP isə belə birlik və ittifaqlarla əməkdaşlığa fundamental yanaşır. Əgər əməkdaşlıq və bloklaşma olacaqsa, bu, ilk növbədə, ideoloji əsaslar üzərində qurulmalıdır. Digər tərəfdən, baxışların uyğunlaşmasının olması da vacibdir. Üçüncüsü isə, səmimi əməkdaşlıq olmalıdır. Hər kimsə səmimi əməkdaşlığa hazırdırsa, bunu əmli ilə sübut etməlidir. Amma hələlik, belə bir əməkdaşlığa can atan qüvvələri görmək mümkün deyil.
- Qeyd etdiyiniz partiyalar blok yaratmaq niyyətindədirlər. AMİP-in onlarla hər hansı əməkdaşlığı mümkündür?
- Həmin bloklarda iştirak etməyimiz mümkün deyil. Çünki müəyyən səbəblər belə bloklarda əməkdaşlığa imkan vermir. Konkret sahələr üzrə belə bir əməkdaşlıq mümkündür. Bu tip bloklaşmaların perspektivini görmürəm.
- Bunu AXCP (i) ilə AMİP arasında mövcud konfliktlə əlaqələndirmək olar?
- AMİP-in müxalifət düşərgəsində hər hansı bir siyasi qüvvə ilə konflikti yoxdur. Sadəcə olaraq, kimlərsə özləri konfliktə maraqlıdır və müəyyən münaqişə yaratmaq istəyirlər. Biz belə münaqişələrə getməmişik. Hər zaman əməkdaşlıq əlimizi uzatmışıq. Ancaq AXCP (i) və digər siyasi partiyalar AMİP-i özlərinə rəqib hesab edirlərsə, bu, onların öz problemidir. Buna təbii yanaşmaq lazımdır. Lakin qərəzçilik etmək nə siyasətçiyə, nə də siyasi qüvvəyə yaraşır.
- Bunun səbəbini nə ilə izah edərdiniz?
- Çox təəssüf olsun ki, bəzi siyasi qüvvələr və onların liderləri öz şəxsi ambisiyalarını gerçəkləşdirməyə çalışırlar. Hətta bu istiqamətdə şantajlardan, qarayaxmalardan, qərəzli mövqe tutmaqdan belə çəkinməyiblər. Görünür, həmin xarakter hələ də onların canında-qanında qalıb. Ona görə də, bu, onlara imkan vermir ki, açıq gözlə və soyuq başla siyasi proseslərə diqqət yetirsinlər.