Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda tarixi çıxış etdi

Milli Məclisin deputatı Anar Məmmədov

- Anar müəllim, bildiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyev bugünlərdə yerli televiziyalara müsahibəsi zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mühüm bəyanatlar verdi. Bu barədə nə deyə bilərsiniz?
- Məlumdur ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin indiyədək tənzimlənməməsinin əsas səbəbi dünya birliyinin münaqişənin həllində prinsipiallıq göstərməməsi, işğalçıya təzyiqlər göstərməməsi və Ermənistanın qeyri-konstruktiv mövqedə olmasıdır. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini heç vaxt əks etdirməyib.
Bilirsiniz ki, keçmiş Sovet İttifaqı rəhbərliyində Heydər Əliyev amili ermənilərin uzun illər separatçı hərəkətlərini reallaşdırmağa imkan verməyib. Lakin Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edilib, Dağlıq Qarabağda xüsusi komitənin yaradılması, azərbaycanlıların o vaxt Dağlıq Qarabağın bəzi yerlərindən zorla çıxarılması artıq ilk etnik tənzimləmə siyasətinin aparılmasının göstəricisi idi. Lakin bunu da unutmaq olmaz ki, Azərbaycanın o zamankı rəhbərliyi bu hadisələrə qarşı addım atmır, xalqın tələblərinə əməl etmirdilər. Onlar sovet rəhbərliyinin göstərişlərini yetirirdilər ki, nəticə etibarilə belə faciələrlə üzləşirdik. Keçmiş Sovet İttifaqının 366-cı alayı azərbaycanlılara qarşı etnik təmizləmə prosesində, Xocalı soyqırımının törədilməsində, torpaqlarımızın işğal altına düşməsində həlledici rol oynayıb.
Azərbaycanın məcburən cəlb olunduğu Dağlıq Qarabağ münaqişəsi və bunun nəticəsində torpaqlarımızın ərazisinin 20 faizinin işğalı bu gün də davam edir. Azərbaycan dövləti, o cümlədən dünya ictimaiyyəti bu günə qədər beynəlxalq təşkilatların, xüsusilə münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupundan təcavüzkarla təcavüzə məruz qalanın adını çəkməyi, konkret mövqe ifadə etməyi gözləyir. Dünya birliyinə də bəllidir ki, münaqişənin nizamlanmasında Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik yoxdur. Çünki biz daim həm tarixi ədalətə, həm də beynəlxalq hüquqa əsaslanırıq. Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində də bir daha bəyan edib ki, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək, işğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar.
Ölkəmiz bu problemin həlli üçün hələlik sülh, danışıqlar yolunu seçib. Bununla yanaşı, düşməni torpaqlarımızdan qovmaq üçün ordumuzun daha da gücləndirilməsi yolunda ciddi işlər görülür. Bu gün qürurla deyə bilərik ki, regionun ən qüdrətli ordusu olan Silahlı Qüvvələrimiz qarşıya qoyulan məqsədlər uğrunda hər zaman döyüşə hazırdır. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik. Dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Bu xüsusda münaqişənin nizamlanmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır.
- Prezident İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda da Ermənistanın işğalçılıq siyasətini, təxribatçı əməllərini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı...
- Azərbaycanın mövqeyi bundan ibarətdir ki, münaqişə BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalı, ərazi bütövlüyümüz bərpa olunmalı və məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar. Prezident İlham Əliyev bu mötəbər tribunadan bir daha Paşinyan hakimiyyətinin iç üzünü ifşa etdi, Ermənistanın Azərbaycana qarşı yeni müharibə və təxribatlar hazırladığını dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Dövlət başçısı Ermənistanın Azərbaycana qarşı ardıcıl olaraq apardığı təxribatların əsas səbəblərini də iclas iştirakçılarının diqqətinə çatdırdı. Paşinyan hakimiyyəti bu ilin iyulunda Tovuz istiqamətində təxribat törətdi. Erməni silahlı qüvvələri sərhəd boyunca mülki əhalini qəsdən hədəfə aldı. Tovuz rayonunun artilleriya atəşinə məruz qalması nəticəsində hərbçilərimiz və bir mülki şəxsimiz öldürüldü, mülki infrastruktura ciddi zərər vuruldu. Lakin ermənilər bu dəfə də şanlı ordumuz tərəfindən layiqincə yerinə oturduldu. Təxribatlar bununla bitmir. İşğal olunmuş ərazilərdə “prezident seçkiləri”, “parlament seçkiləri”, “andiçmə mərasimi” keçirilməsi, Paşinyanın arvadı Anna Akopyanın işğal olunmuş Azərbaycan ərazilərində hərbi təlimlərə qatılması Ermənistanın ölkəmizə qarşı növbəti təxribatlar hazırlamasından xəbər verir.
Ermənistan ölkəmizə qarşı işğal siyasəti, təxribatlarlar və yeni müharibə hazırlıqları ilə kifayətlənmir. Bu gün eyni zamanda Ermənistanın rəsmi ideologiyasında “Azərbaycanofobiya” siyasəti hökm sürür, gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Hətta bununla bağlı Ermənistanda orta məktəb dərslikləri və müəllimlər üçün əyani vəsaitlərin hazırlanıb tədris müəssisələrində yayılması həyata keçirilir. Bütün bunlar onu göstərir ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları kobud şəkildə pozur və status-kvonu saxlamaq məqsədi güdür.
Lakin Ermənistan unutmamalıdır ki, Azərbaycan bir qarış da torpağının erməni işğalı altında qalmasına razı olmayacaq. Ermənistan bütün bu təxribatların və işğalın bir sonu olacağını mütləq anlamalıdır. Eyni zamanda Azərbaycanın qüdrətli ordusu hər zaman torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
- Hazırda BMT-nin strukturlarında ciddi islahatların aparılması zərurətə çevrilib. Dövlətimizin başçısı çıxışında bu məsələni xüsusi vurğuladı. İslahatların aparılmasını zəruri edən amillər nədən ibarətdir?
- Bəli, Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda tarixi çıxış etdi. Cənab Prezident Qoşulmama Hərəkatının sədri kimi çıxışında dünyanı narahat edən problemlər, münaqişələr, koronavirus pandemiyası ilə mübarizə, BMT-də islahatların aparılmasının vacibliyini diqqətə çatdırdı.
Azərbaycan dünyada böyük nüfuza sahib olan dövlətdir. Məhz bunun nəticəsidir ki, ölkəmiz 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının üzvü olub. Hazırda BMT-də islahatların aparılması günün reallığıdır. Cənab Prezidentin qeyd etdiyi kimi, beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı var. Bu baxımdan Qoşulmama Hərəkatının rolu mühüm əhəmiyyətə malikdir. Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir.
Cənab Prezident çıxışında qeyd etdi ki, BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq. BMT universal üzvlüyü təmin edən yeganə qlobal təsisatdır və beləliklə də dayanıqlı inkişafa nail olunması məqsədilə qlobal iqtisadi idarəçiliyi əhatə etmək iqtidarındadır. Bu səbəbdən BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir.
Dövlətimizin başçısı çıxışında BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini xatırladıb. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi güc tətbiq edib. Belə ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal edib. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi isə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Amma işğalçı Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir. Məhz bu kimi amillər BMT müstəvisində islahatların aparılmasını olduqca zəruri edir. BMT Təhlükəsizlik Şurası özünün qəbul etdiyi qərarlara hörmət etməli və bütün tərəflərdən həmin qərarlara hörmətlə yanaşmasını tələb etməlidir. Əks halda, ikili standartlar, ayrı-ayrı dövlətlərə münasibətdə qeyri-obyektiv münasibət göstərilməsi təəssüfedicidir. Bütün bunlar bir daha göstərir ki, BMT-də islahatların aparılması dünya ictimaiyyətinin əsas istəklərindən, tələblərindən biridir.

yap.org.az