Azərbaycançılıq milli musiqi folklorunda təzahür edir. Azərbaycan musiqi folkloru dedikdə, xalqımızın yaratdığı əmək, epik, məişət, qəhrəmanlıq, lirik və satirik mahnılar, rəqs melodiyaları və eləcə də, sintetik aşıq yaradıcılığı, emosional-obrazlı məzmunu ilə fərqlənən klassik muğam sənəti nəzərdə tutulur. Azərbaycan musiqi folklorunun yaranmasında mahir xalq müğənniləri, aşıq və xanəndələr, xalq musiqisi ifaçıları əsas rol oynamışlar. Ümumxalq incəsənətinin formalaşmasında mühüm rol oynamış bu görkəmli sənətkarlar xalq arasında milli ideyaların təbliğatçısı və tərənnümçüləri kimi də çıxış etmişlər. Böyük Azərbaycan bəstəkarı Fikrət Əmirov musiqinin tərbiyə vasitəsi olduğunu qeyd edirdi: "Musiqini sevməyən adam tapılmaz. Xususilə, gənclik dövründə musiqini dinləməyə böyük həvəs oyanır və bu, olduqca təbii bir haldır. Lakin bəzi adamlar musiqiyə bir əyləncə vasitəsi kimi baxırlar. Bu, qətiyyən düz deyildir. Musiqi yalnız əyləndirmir. O, xəyalları coşduran, fikirlərə qanad verən ən yüksək duyğularla insanın qəlbini fəth edir. Görkəmli sənətkarlar həmişə öz əsərlərində bəşəri hissləri, dövrün, həyatın mühüm və ciddi məsələlərinə cavab verən böyük ideyaları tərənnüm etmişlər. Məhz uşaqları, yeniyetmələri və gəncləri elə tərbiyə etmək lazımdır ki, musiqi onların həyatından ayrı olmasın: həyata, mübarizəyə səsləsin, çətin anlarda bir kömək vasitəsinə çevrilsin. Bir sözlə, bizim yeni nəsli yüksək zövqlü, nəcib ruhlu adamlar kimi yetişdirməkdə musiqinin müstəsna rolundan geniş istifadə etmək lazımdır".
Ə.İsazadə xanəndələrin Azərbaycan musiqi folklorunun inkişafında mühüm rol oynadığını xüsusi qeyd edir: "Onların Azərbaycan xalq mahnı yaradıcılığının - mərasim, əmək, məişət, lirik, qəhrəmanlıq, yumoristik, satirik və s. müxtəlif nümunələrinin qorunub saxlanılmasında və kütlələr içərisində yayılmasında böyük xidmətləri olmuşdur. Xalq müğənnilərinin bir çoxu el mahnılarını ifa etmək və onları ideya-bədii baxımdan zənginləşdirməklə yanaşı, məişətdə, zavod və fabriklərdə, əkinçilikdə və pambıqçılıqda kommunist əməyinə həsr edilən yeni gözəl mahnılar da yaratdılar. Bütün bu mahnılar, hər şeydən əvvəl, öz ideya-emosional məzmununa və obrazlılığına, şən əhvali-ruhiyyəsinə və gələcəyə nikbin baxışlarına görə fərqlənir. Burada kütlələrin müasir hadisələrə canlı münasibəti, yüksək yaradıcılıq fəallığı öz ifadəsini tapır"
Sovet hakimiyyəti illərində Azərbaycanda bir sıra məcmuələrdə musiqi folkloru toplanmışdır. Bakıda 20-ci illərdə "Nəğmə kitabçası" 1927-ci ildə "Azərbaycan türk xalq mahnıları", həmin ildə "Azərbaycan rəqs havaları", 1936-cı ildə "Rast", "Zabul" və "Dügah" dəstgahlarının, həmin ildə "50 Azərbaycan xalq mahnısı", 1938-ci ildə "Azərbaycan aşıq mahnıları", 1954-cü ildə "Azərbaycan xalq mahnıları" məcmuələri çapdan çıxdı. Bu cür məcmuələr sonralar da yenidən nəşr olunmaqdadır və bu proses bugünədək davam etdirilir.
Bu illərdə yeni mahnıların ifası ilə yanaşı, qədim tarixi mahnılar da geniş surətdə oxunurdu. Bu mahnıların ifası zamanı onların mətni çox vaxt müasir həyat hadisələrini əks etdirirdi. Mətnin dəyişilməsi, əsasən, onunla izah edilir ki, xalq sənəti sahəsində hər hansı tarixi mahnıların yaranmasına səbəb olan hadisələr sonra gələn nəsil tərəfindən yaddan çıxırdı, melodiya ifaçıların yeni nəsli tərəfindən yenidən dərk edilərək, sanki yeni inkişaf dövrü keçirirdi.
B.V.Asafyevin qeyd etdiyi kimi, "Bu, musiqi düşüncəsinin, şübhəsiz, artmasına dəlalət edir: musiqi xalqın hiss və düşüncəsinin ifadəçisi olur, o yüksək ideya-sintetik mərhələyə keçir. Öz-özlüyündə təbiidir ki, bununla yanaşı, əvvəlki ifadə forması onun üçün darısqal olur".
Qeyd etmək lazımdır ki, mahnı-folklor janrındakı bu transformasiya prosesi Azərbaycan xalq musiqi mədəniyyəti üçün səciyyəvi hal idi.
Ə.İsazadə yazır ki, Azərbaycan musiqi folklorunun öyrənilməsində bədii özfəaliyyət kollektivlərinin fəaliyyəti zəngin mənbədir. Onlar cəmiyyətin mənəvi həyatının tərkib hissəsi olmaqla, adamların ideya-estetik formalaşmasında zəruri amillərdən biridir. Xalq istedadları olimpiadalarda, müsabiqələrdə, festivallarda çıxış edərək xalq yaradıcılığının ayrı-ayrı növləri və janrlarının inkişafını nümayiş etdirir, onun repertuarını zənginləşdirir, özfəaliyyət sənətinin ideya-bədii səviyyəsini yüksəldirlər.
İstedadların iki turdan ibarət böyük təntənəli baxışı respublikanın bütün rayon və şəhərlərində keçirilmişdir. Burada milyondan artıq adam iştirak etmişdir. Bu baxışda "Sən bizim mahnımız oldun, yoldaş fəhlə", "Oxu, tar", "Çal-oyna" və başqa müsabiqələr aparıcı rol oynayırdı.
Festivala hazırlıq və onun keçirilməsi dövründə xalq incəsənətinin bütün növləri geniş yayılmış, mindən çox yeni kollektiv yaranmışdır. Burada xüsusilə Salyan rayonundakı milli nəfəsli alətlər orkestrinin, "Cəngi" folklor ansamblının adını xüsusi qeyd etmək lazımdır. "Cəngi" ansamblında hər şey qeyri-adi, orijinaldır.
Özfəaliyyət artistlərinin repertuarı və ümumiyyətlə, onların yenidən bərpa edib çaldığı bir çox qədim musiqi alətləri özünəməxsus nadir keyfiyyətlərə malikdir. Xalq rəqs və mahnı melodiyaları həvəskarların ifasında yeni səpkidə səslənirdi. "El yallısı", "Bahar", "Şüştər rəngi", "Tello", eləcə də, Azərbaycan musiqi folklorunun bir çox başqa nümunələri özfəaliyyət artistlərinin səyi ilə dinləyicilər üçün ənənəvi ifada yenidən canlanmışdı.
Azərbaycan musiqisinə olan böyük marağı ilk qrammofon yazılarından da görmək olar. Burada Azərbaycan musiqi folklorunun çoxsaylı nümunələri "Qrammofon", "Sport-rekord" və "Ekstrafon" səhmdarlar cəmiyyəti tərəfindən məşhur müğənni və çalğıçıların ifasında istehsal edilirdi.
Bütün bu işlərin və yazıların əhəmiyyətini azaltmayaraq qeyd etmək lazımdır ki, XIX əsrin ikinci yarısında Azərbaycan xalq musiqi yaradıcılığının tədqiq və təbliği qeyri-mütəşəkkil şəkildə, ayrı-ayrı şəxslərin və xüsusi sahibkarların təşəbbüsü ilə keçirilirdi. Xalq musiqisinin hərtərəfli və müntəzəm öyrənilməsi Azərbaycanda Sovet hakimiyyətinin qurulması ilə başlanır. Bu dövrdə SSRİ xalqlarının milli mədəniyyətinin əsil inkişafı üçün bütün şərait yaranmışdır. Musiqi sənəti, o cümlədən, xalq yaradıcılığı haqqında əsil qayğını Sovet Azərbaycanının mövcud olduğu ilk günlərdən respublika hökumətinin qəbul etdiyi dekret və qərarlardan görmək olar.
Azərbaycan musiqi mədəniyyətinin xarakterinə, istiqamətinə, genişliyinə, inkişaf sürətinə təsir edən həlledici amillərdən biri də Bakı şəhərinin gözəl inqilabi ənənələrə malik olmasıdır. Doğma musiqinin və dünya musiqi mədəniyyətinin zəngin sərvətlərinə qovuşmaq, bu sərvətləri dərk etmək və mənimsəmək səyi mədəni inqilab vəzifələrinin həllini asanlaşdırır və sürətləndirirdi. Yeni sovet dinləyicisi və tamaşaçısı musiqiyə ciddi, böyük maraqla, yüksək tələbkarlıqla yanaşır və bunu mühüm mədəni-tərbiyəvi iş hesab edirdi.
Bütün bunlar musiqi xadimlərinin dünyagörüşünə öz təsirini göstərməyə bilməzdi. Bu sosial-mədəni proseslər incəsənət xadimlərini tərbiyələndirir və onların maarifləndirici fəaliyyətində məsuliyyəti artırırdı.
Artıq iyirminci illərdə Ü.Hacıbəyovun, M.Maqomayevin və Z.Hacıbəyovun dövri mətbuatda çap olunmuş məqalələri xalqda böyük maraq oyadırdı. Bu məqalələrdə Azərbaycan xalq musiqisinin milli xüsusiyyətlərinin geniş öyrənilməsi, professsional bəstəkar yaradıcılığında musiqi folklorunun əhəmiyyəti məsələsi irəli sürülürdü.
Ü.Hacıbəyov "Azərbaycanda musiqi-maarif məsələləri" məqaləsində bu haqda yazır: "Bu istiqamətdə olan ciddi və vicdanlı iş (Azərbaycan musiqi folklorunun öyrənilməsinə dair-Ə.İ.), şübhəsiz, ona gətirib çıxaracaq ki, Avropa musiqisi ilə yanaşı, Şərq musiqisi özünə layiq şərəfli yer tutacaq və bütün bəşəriyyətin inkişafına köməklik göstərən qüdrətli amillərdən birinə çevriləcəkdir".
Xalq musiqisi həmişə Ü.Hacıbəyovun diqqət mərkəzində olmuşdur. Xalq musiqisinə və bu musiqinin inkişaf problemlərinə daim maraq göstərməsi böyük bəstəkarın xalq yaradıcılığına dərin məhəbbətinin ifadəsidir. Bu məhəbbət onun qəlbində hələ Şuşada uşaq yaşlarında yaranmışdır.
Xalq musiqisi Ü.Hacıboyovun özünün də yaradıcılığında böyük əhəmiyyət kəsb edirdi. Bu, bəstəkarın yaşadığı inqilabi-tarixi dövrlə şərtlənirdi. Azərbaycanda XIX əsrin sonu və XX əsrin əvvəlindəki sosial-mədəni oyanma, mütərəqqi ideyaların tərəqqisi və milli şüurun inkişafı qabaqcıl ziyalılarda xalq yaradıcılığına yüksək maraq oyadırdı.
Ü.Hacıbəyov və M.Maqomayev musiqi folklorunu hələ Qori seminariyasında oxuduqları illərdə nota salıb, toplamağa və öyrənməyə başlamışdılar. Bu barədə onların Azərbaycan xalq mahnılarını ilk dəfə nota yazmış olduqları musiqi albomları məlumat verir. Bu işlə onlar iyirminci illərdə daha geniş məşğul olmuşlar. Ü.Hacıbəyov Azərbaycan xalq musiqisinin əsaslarını öyrənməyə başlayır. M.Maqomayev isə xalq mahnı və rəqslərinin melodiyalarını nota köçürür. Öz ilk müşahidələrini onlar "Azərbaycan türk xalq mahnıları" məcmuəsində əks etdirirlər.
Bu, o zaman idi ki, xalq musiqi yaradıcılığının toplanması və öyrənilməsi zəruriliyi kəskin forma almışdı. Sovet musiqisinin xəlqilik və realizm yolu ilə inkişaf etdiyi şəraitdə folklora olan maraq da tədricən elmi xarakter almağa başlayırdı. M.Maqomayev yazırdı: "Xalq mahnı yaradıcılığının toplanılması və öyrənilməsinə xüsusi əhəmiyyət vermək lazımdır. Bu məsələ bizdə hələ donmuş nöqtədən düşmür. Bununla yanaşı, türk (Azərbaycan - Ə.İ.) harmoniyasının üzə çıxması, demək olar ki, bütünlüklə bu işdən asılıdır".
Bu məsələ Ü.Hacıbəyovun "Azərbaycan xalq musiqisinin əsasları" əsərində daha geniş və dərin surətdə irəli sürülmüşdü: "Azərbaycan məqamlarının müntəzəm sistemi və melodiyalar əmələ gətirməyin ciddi qanunları çoxsəsli musiqi yaranmasına nəinki mane olur, əksinə, bunlar quru cansız qammalar əsasında (Matteson tərəfindən dəfn edilmiş qammalar) deyil, Azərbaycan xalq musiqisinin canlı və həyati məqamları əsasında böyük formalı, çoxsəsli musiqi əsərləri üçün möhkəm bir bünövrədir".
"Azərbaycan türk xalq mahnıları" məcmuəsi Böyük Oktyabr sosialist inqilabının 10 illiyinə həsr edilmişdir. Məcmuəyə Ü.Hacıbəyov və M.Maqomayev tərəfindən yazılmış xalq mahnıları daxil edilmişdir. Bu məcmuə Azərbaycan musiqi folklorunun ilk nəşri idi. Məcmuəyə daxil olan 33 mahnıdan ikisini Ü.Hacıbəyov özü bəstələmiş, 19 mahnı Azərbaycan musiqisinin gözəl bilicisi, xanəndə Cabbar Qaryağdı oğlunun ifasında nota salınmışdır. Qalan mahnıları isə Zülfüqar Hacıbəyov toplamış, Ü.Hacıbəyov ilə M.Maqomayev nota salmışlar. Məcmuədə xalq mahnılarının ən müxtəlif növləri - əmək və məişət, rəqs və lirik mahnılar vardır. Onlardan bir hissəsi təksəsli verilmiş, çoxu isə Ü.Hacıbəyov və M.Maqomayev tərəfindən işlənib harmonizə edilmişdir. Bu işləmələr xalq yaradıcı təfəkkürünə həssas münasibətlə, mahnıların incə xüsusiyyətinin nəzərə alınması ilə, onların lad əsasının saxlanılması, melodikliyi və ritmik boyaları ilə fərqlənirlər. Bütövlükdə, məcmuə yalnız elmi deyil, həmçinin, böyük bədii qiymətə malikdir.
Professor P.Fridolinin yazdığı müqəddimədə deyilir ki, "Bu məcmuə yalnız bir başlanğıcdır, lakin elə başlanğıcdır ki, Sovet Azərbaycanı musiqi həyatına yeni şəfəq gətirmişdir". Həqiqətən, bu məcmuə Azərbaycanda səmərəli musiqi folklor işinin başlanğıcıdır.
M.Maqomayevin əlyazmaları arxivində üç yüzdən artıq Azərbaycan xalq musiqi əsərləri nümunəsi saxlanmışdır. Bu yazıların bir hissəsi qaralama şəklindədir. Xalq mahnı və rəqs musiqisinin yüz nümunəsi "Azərbaycan xalq yaradıcılığı" (əlyazması) məcmuəsinə daxil edilmişdir.
Tematik və janr xüsusiyyətinə görə məcmuə çox müxtəlifdir. Burada məişət və əmək mahnıları da vardır. Lakin "Gözəlim", "Durna", "Küçələrə su səpmişəm" kimi lirik melodiyalar daha çoxdur.
Bu məcmuədə "Rast" muğamının nota salınması diqqəti cəlb edir. Həmin muğam görkəmli Azərbaycan tarzəni Qurban Pirimovun ifasında nota yazılmışdır.
Xalq yaradıcılığını öyrənmək üçün zəngin material verən bu məcmuə böyük səylə tərtib olunmuş və qeydlərdə bu və ya digər yazının harada, nə vaxt və kim tərəfindən aparıldığı haqqında maraqlı faktik məlumatlar verilmişdir.
Musiqi folklorunun nota yazılmasında, tədqiqində və nəşr edilməsində növbəti böyük addım 1932-ci ildə atılmışdır. Bu dövrdə Bülbülün rəhbərliyi altında Azərbaycan konservatoriyasının nəzdində elmi-tədqiqat musiqi kabinəsi (ETMK) fəaliyyətə başlayır.
Azərbaycan rəhbəri olmuş, Ulu Öndər Heydər Əliyev folklorun muğam irsinin dirçəldilməsi barədə göstəriş verir və bundan ötrü lazım olan bütün əlverişli şəraiti yaradırdı. 70-80-ci illər Azərbaycan folklor musiqisinin inkişafında keyfiyyətcə yeni bir dövrdür. Bu da bilavasitə Heydər Əliyevin fəaliyyəti nəticəsində baş vermişdi. Həmin illərdə Azərbaycanda müxtəlif sahələr üzrə yüksək ixtisaslı kadrlar hazırlanır, xalq musiqisinin tarixi-nəzəri məsələləri müzakirə edilərək həll olunur, xalq mahnıları, muğam, oyun havaları ilə bərabər ənənəvi muğam sənətinin və aşıq musiqisinin özünəməxsusluqları araşdırılırdı. Xalq musiqisinin pərdə sistemi, muğam və aşıq sənətinin əsasları və şəkilləri tədqiq olunurdu.
Heydər Əliyev Azərbaycan musiqi ifaçılığı sənətinin inkişafına xüsusi diqqət yetirir, istedadlı uşaqların müsabiqəsinin keçirilməsi barədə göstərişlər verirdi. Bilavasitə onun təşəbbüsü ilə 1977-ci ilin sentyabr ayında Azərbaycan KP MK "Respublikada musiqi ifaçılığı sənətinin vəziyyəti və onu daha da yaxşılaşdırmaq tədbirləri haqqında" qərar qəbul etdi. Azərbaycan xalq musiqisinin inkişafında yeni mərhələnin əsasını qoyan bu qərar istedadlı ifaçıların üzə çıxarılmasında müstəsna rol oynadı. Heydər Əliyev həmin qərarın yalnız qəbul edilməsi ilə kifayətlənmədi. O, Azərbaycan xalqının qədim irsini, tarixi keçmişini özündə saxlayan, milli ruhunu qoruyan xalq musiqisini dirçəldir, təşviq edir, istedadlı xalq musiqisi ifaçılarının üzə çıxarılmasına nəzarət edir, onların konsertlərinə gedirdi. Belə möhtəşəm tədbirlərdən biri 1982-ci ilin iyun ayında Bakıda keçirildi. Azərbaycanın müxtəlif rayonlarından olan gənc istedadların konsertində Heydər Əliyevin iştirakı bu məsələyə onun diqqət və qayğısının nümunəsi idi.
Ulu Öndərin layiqli siyasi varisi ölkə Prezidenti cənab İlham Əliyev də Azərbaycan musiqi folklorunun təbliğ etdiyi azərbaycançılıq ideyasını inkişaf etdirir.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru