MİA

  • 35 318

Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsində məhkəmələrin rolu

image


Məlum olduğu kimi, insan hüquq və azadlıqlarının müdafiəsində məhkəmələrin mühüm rolu vardır. Çünki bu ümumbəşəri dəyərlər qanunun aliliyi, ədalət mühakiməsi olmadan reallaşa bilməz. Bunun üçün hələ Ulu Öndər Heydər Əliyevin Prezidentliyi dövründə bir çox ciddi tədbirlər görüldü:
- 1996-cı ildə insan hüquqları və azadlıqlarının müdafiəsini təmin etmək, qanunun aliliyini möhkəmləndirmək, bütün hakimiyyət qollarının qarşılıqlı fəaliyyətini gücləndirmək məqsədilə Hüquqi İslahat Komissiyası yaradıldı;
- Həmin ildə "İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Avropa Konvensiyası"nın müddəalarına uyğun Azərbaycanda yeni qanunlar hazırlandı. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezidenti Kitabxanasının saytında gedən "Hüquqi dövlət quruculuğu" başlıqlı yazıda Azərbaycanda İnsan Hüquqları və əsas azadlıqlarının müdafiəsi üçün məhkəmə və hüquq-mühafizə orqanları sistemindəki islahatlardan bəhs olunur: "Mahiyyət etibarilə hüquqi islahatlar qanunların və digər normativ-hüquqi aktların hazırlanması, hüquqi informasiya sisteminin genişləndirilməsi, məhkəmə və bütövlükdə, hüquq-mühafizə sisteminin islahatı, qanunların əhali arasında təbliği və öyrənilməsi kimi mühüm tədbirləri özündə ehtiva edir.
Komissiya tərəfindən hazırlanmış "Məhkəmələr və hakimlər haqqında", "Konstitusiya Məhkəməsi haqqında" qanunlar ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində atılan ilk, lakin çox vacib addım olmaqla, müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaradır, konstitusiya nəzarəti ideyası qəbul edilir.
Konstitusiyada bəyan edilmiş məhkəmə hakimiyyətinin müstəqilliyi "Məhkəmələr və hakimlər haqqında" 1997-ci il Qanununda inkişaf etdirilərək, öz real təminatını tapır və məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsinə hüquqi zəmin yaradır.
Qanun yeni məhkəmə sistemini, onun təşkilati əsaslarını müəyyən edərək, məhkəmələrin və hakimlərin müstəqilliyinin təmin edilməsinə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminatın verilməsinə, məhkəmələrin fəaliyyətinin və hakimlərin statusunun beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəlir, köhnə hüquq sistemindən miras qalmış korporativ münasibətləri aradan qaldırır.
Qeyd etmək lazımdır ki, sovet məhkəmə sistemi ikipilləli olmaqla, əlavə olaraq işlərə məhkəmədə nəzarət qaydasında baxılmasını da nəzərdə tuturdu. Ali Məhkəmə həm birinci instansiya, həm də kassasiya instansiyası məhkəməsi funksiyalarını həyata keçirməklə yanaşı, həm də qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına nəzarət qaydasında yenidən baxmaq hüququna malik idi. Yeni qanunvericilik müxtəlif məhkəmə instansiyalarının səlahiyyətlərinə aid olan bu funksiyaların Ali Məhkəmədə cəmləşməsini aradan qaldırır və Ali Məhkəmə kassasiya instansiyası məhkəməsi kimi məhkəmə piramidasının zirvəsində dayanır. "Məhkəmələr və hakimlər haqqında" Qanun köhnə məhkəmə quruluşundan tamamilə imtina edir və beynəlxalq standartlara cavab verən yeni məhkəmə quruluşunu ehtiva edir.
Bu islahatlardan sonra ölkəmizdə birinci, apellyasiya və kassasiya instansiyalı üçpilləli məhkəmə sistemi formalaşır. Yeni məhkəmə quruluşu işlərə birinci instansiya məhkəmələrində baxılmasına, onların hüquqa və fakta görə apellyasiya qaydasında yenidən baxılmasına, daha sonra isə məhkəmə qərarlarına hüquqa görə kassasiya qaydasında yoxlanılmasına imkan yaradır. Bu isə, öz növbəsində, birinci instansiya məhkəməsinin buraxdığı səhvlərin yuxarı məhkəmə instansiyalarında aradan qaldırılmasına, işlərin mahiyyətcə və prosessual baxımdan düzgün və obyektiv həll edilməsinə, süründürməçiliyin aradan qaldınlmasına, köhnə sistemdən miras qalmış nəzarət instansiyasından imtina edilməsinə zəmin yaradır.
Məhkəmə qərarlarının qanuniliyi üzərində prokuror nəzarətinin aradan qaldırılması, prokurorun məhkəmədə yalnız tərəf kimi iştirak etməsi, ittiham tərəfi ilə müdafiə tərəfi arasındakı tarazlığın bərpa edilməsi və onların məhkəmə prosesində bərabər hüquqlara malik olması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi, məhkəmə aidiyyətinin dəyişdirilməsinin qadağan edilməsi, məhkəmə icraatında qeyri-prosessual münasibətlərə yol verilməməsi və bu kimi yeni müddəalar məhkəmə-hüquq sistemində ilk dəfə tətbiq edilir".
Beləliklə, Azərbaycan vətəndaşlarının müdafiə və yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təmin olunur;
- Məhkəmə sisteminin mütərəqqi olmasına, təkmilləşməsinə, müstəqil fəaliyyət göstərməsinə şərait yaranır;
- Məhkəmə nəzarət funksiyası həyata keçirilir. Hər kəsin azadlıqları və hüquqları müdafiə olunur;
- Hakimlərin müstəqilliyi, siyasətsizləşdirilməsi, toxunulmazlığı və şəxsi təhlükəsizliyi təmin olunur;
- hakimlərin hüquqlarının genişlənməsi mühüm vəzifələri yerinə yetirmələri müəyyənləşir: "Hakimlər ədalət mühakiməsini həyata keçirərkən qanunların tələblərinə dəqiq və dönmədən əməl etməli, məhkəmə fəaliyyətinin mənəvi və tərbiyəvi təsirini təmin etməli, ədalətli və qərəzsiz olmalı, peşə və digər məlumatları gizli saxlamalı, ədalət mühakiməsinin nüfuzuna, hakimin yüksək adına, şərəf və ləyaqətinə xələl gətirən hər hansı hərəkətdən çəkinməlidirlər";
- 1997-ci ildə "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanunu qəbul olundu. Bu qanuna uyğun olaraq, insanların konstitusiya hüququnun müdafiəsi də önəmli yerlərdən birini tutdu, bununla əlaqədar qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü konkretləşdirildi;
- prokurorluğun funksiyaları və statusu yeni damokratik şəraitə uyğunlaşdırıldığı hüquqi dövlət quruculuğu və insan hüquq və azadlıqlarının yeri və rolu beynəlxalq standartlara uyğun müəyyənləşdirildi;
- 1999-cu ildə "Prokurorluq haqqında" qanunda prokurorluğun məhkəmələr üzərində nəzarəti və yeni demokratik şəraitə uyğun olaraq ümumi nəzarət funksiyası ləğv olundu;
- Qanuna uyğun olaraq, göstərilirdi ki, insan hüquq və azadlıqlarını məhdudlaşdıran prosesual hərəkətlərin prokurorluq tərəfindən həyata keçirilməsinə qanunla müəyyən edilmiş hallarda və qaydada yalnız məhkəmənin qərarına əsasən yol verilir;
- "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunun qəbul edilməsi.
" Hər bir şəxsin məhkəmə prosesində, ibtidai istintaqda və təhqiqatda öz hüquq və mənafelərinin müdafiəsini həyata keçirmək üçün seçdiyi vəkilə müraciət etməsinə, tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etməsinə, fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsinə, onlara yüksək keyfiyyətli hüquqi yardım göstərilməsinə imkan yaradır.
Bundan əlavə, qanun vəkillərin hüquqi statusunu müəyyən edir, ittiham və müdafiə tərəflərinin hüquq bərabərliyini təmin edir, hüquqi müdafiə üzrə konstitusion hüquqlara, məhkəmədə ədalətli araşdırma hüququna və vəkilin müstəqilliyinə təminat verir".
"İnsan hüquq və azadlıqlarını təmin və polisin fəaliyyətini tənzim etmək məqsədilə hüquq-mühafizə orqanları sistemində mühüm yer tutan "Polis haqqında" qanun qəbul edilir. Qanuna görə polis ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması və onların açılması, habelə, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətlərində fəaliyyət göstərir və polisin səlahiyyətləri qanunda dəqiq müəyyən edilir. Polisin fəaliyyəti üzərində nəzarət mexanizmləri təsis edilir, polis əməkdaşlarının qanunsuz hərəkətlərindən və qərarlarından məhkəməyə müraciət etmək hüququ təsbit olunur".
Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı təsdiq olunur. Proqram insan hüquqları sahəsində milli qanunvericiliyin beynəlxalq hüquq öhdəliklərinə uyğunlaşdırılmasını nəzərdə tutur. Belə ki, bu məqsədlə proqram çərçivəsində qanunvericilik və institusional islahatlar həyata keçirilir. Bundan əlavə, ölkəmizin Avropa Şurasına üzvlüyü ərəfəsində qanunvericiliyin Avropa İnsan Hüqüqları Konvensiyası ilə müqayisəli təhlili aparılır.
Anar Nurməmmədov Azərbaycanın daxili qanunvericiliyini təhlil edərək, aşağıdakı qənaətə gəlmişdir: "İnsan haqları ilə bağlı Azərbaycan Respublikasının tərəfdar çıxdığı ən önəmli beynəlxalq Konvensiyalardan biri "İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında" Avropa Konvensiyasıdır".
"İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyası (Avropa İnsan Haqları Konvensiyası, 1950) Avropa Şurası üzvü olan ölkələr üçün əsas normativ-hüquqi aktlardan biridir. Azərbaycan bu Konvensiyanı 2001-ci ilin dekabr ayında ratifikasiya edib. 2002-ci il aprelin 15-dən Konvensiya Azərbaycan ərazisində qüvvəyə minib (işğal edilmiş ərazilər istisna olmaqla). Bununla Azərbaycan Konvensiyanın və onun protokollarının verdiyi haqları, o cümlədən, hər kəsin ifadə azadlığını öz yurisdiksiyası altında olan ərazilərdə təmin edəcəyi barədə öhdəlik götürüb, Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasını, deməli, həm də Konvensiya ilə bağlı məhkəmənin presedent hüququnun ölkə daxilində tətbiq edilənliyini qəbul edib.
"Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları, üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Həmin qərarda göstərilir ki, bütün insanlar heç bir ayrı-seçkiliyə yol verilmədən əsas hüquq və azadlıqlara malikdirlər.
"Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndində Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Sərəncamında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə və Ali Məhkəməsinə insan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının məhkəmə təcrübəsində tətbiqini təmin etmək tövsiyə edilmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" 30 mart 2006-cı il tarixli qərarının 10-cu bəndində qeyd edilir ki, əks-maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır".
Beləliklə, məhkəmə-hüquq islahatlarının tərkib hissəsi kimi ötən illər ərzində ölkəmiz insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirmiş, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir.
Hazırda Azərbaycanın yaşadığı yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi və demokratik hüquqi dövlət quruculuğu sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir.
Qarşıdan gələn illər üçün Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun, insan hüquqlarının müdafiə mexanizmlərinin səmərəli fəaliyyətinin təmin edilməsi, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, elmi-analitik işlərin stimullaşdırılması, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi vəzifələr müəyyən edilir".

Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər