PDF Oxu

Əsas

  • 11

Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibətilə növbəti əfv fərmanı

Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibətilə növbəti əfv fərmanı

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dekabrın 25-də ölkə Prezidenti İlham Əliyev növbəti əfv fərmanını imzaladı. Artıq cəzaçəkmə müəssisələrində əfv fərmanının icrasına başlanılıb. Qeyd edək ki, fərman 99 məhkuma şamil olunub. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində imzalanan fərman sayca 46-cıdır. Bu humanist addım ilk dəfə ümumilli lider Heydər Əliyev tərəfindən atılıb və indiyədək davam etdirilir. Qeyd edək ki, yeni il ərəfəsi ölkə Prezidentinin imzaladığı bu fərman ictimaiyyət tərəfindən yüksək dəyərləndirilib.
Sevindik Hətəmov:
"Bu fərmanın imzalanması ümummilli liderimiz Heydər Əliyevin başladığı işin davamıdır, ideyalarının inkişafıdır"

Millət vəkili Sevindik Hətəmov imzalanan əfv fərmanının humanizm və insanpərvərlik prinsiplərinə söykəndiyini vurğuladı:
- Əfv etmək, bağışlamaq elə dəyərlərdəndir ki, o, nadir adamlara xas olur. Əgər kimsə bunu etmirsə, ya bacarmırsa, bu, ona irad tutulmur. Çünki hər bir cinayətin qarşılığı olan cəza prinsipi var. Tarazlığı qorumaq üçün bu, vacib amildir. Bəşəriyyət də neçə min illərdir inkişafında bu məqsədə doğru irəliləyir, cəzanın labüdlüyünü qəbul edə-edə, onda humanizm axtarır, insan hüquqlarının təminatlı müdafiəsi üçün yeni-yeni yollar arayır.
Cəmiyyət inkişaf etdikcə, dövlətçilik ənənələri yarandıqca, əfvetmənin də yeni formaları yarandı. Bir növ bu, dövlətlərin qanunvericiliyində əksini tapmağa başladı. Digər tərəfdən, ümumi prinsiplər də formalaşmağa doğru getdi: kimi əfv etmək olar? Çünki əfv olunan şəxs göstərilən etimadı doğrultmalı, cəmiyyətdə gərginlik yaratmamalıdır. Bu sualın geniş cavabını aramamışdan əvvəl son 16 ildə ölkəmizdə bu istiqamətdə görülən işlərə qısa nəzər salaq. 1993-cü ilin iyun ayında xalqın təkid və xahişləri ilə Azərbaycanda hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev dövlətçiliyi itirilməkdə olan bir ölkəni qəbul etdi. Ordu quruculuğundan başı çıxmayanların, səriştəsiz komandirlərin, müdafiəni və hücumu təşkil edə bilməyənlərin ucbatından, həmçinin, ordunun siyasiləşməsi nəticəsində minlərlə əsgər döyüş bölgəsini, hərbi hissələrini tərk edib, fərari olmuşdular. Təbii ki, bunlar ağır hərbi cinayətlər idi, mövcud qanunlara görə onlar cəzalanmalıydılar. Bunu o vaxtlar qanunvericilik orqanlarında da, Müdafiə Nazirliyində də, icra strukturlarında da tələb edənlər çox idi. Əgər bu, baş tutsaydı, nələr olardı? Onda gərək Azərbaycanda böyük koloniyalar - həbs düşərgələri salınaydı. Müharibə gedən bir ölkədə isə bunun necə ağır fəsadlar verəcəyini əvvəlcədən demək olardı. Amma təcrübəli dövlət qurucusu, ümummilli liderimiz Heydər Əliyev tamam başqa mövqe tutdu, fərarilərə müraciət etdi, onları bağışladığını bildirdi, hər birinin xidməti yerinə qayıtmasını vacib saydı. Nəticə ümummilli liderin gözlədiyi kimi də oldu. Fərarilik etmiş minlərlə əsgər öz hərbi hissələrinə qayıtdı. Əlbəttə ki, bu, böyük öndərə inamdan irəli gəlirdi. Çünki bundan əvvəlki iqtidar nümayəndələrinin belə çağırışları nəticəsiz qalmışdı. 1995-ci ildə isə çoxdan unudulmuş əfvetmə institutu bərpa edildi. Ümummilli lider Heydər Əliyev bu institutun fəaliyyətini canlandırmaqla dövlətin humanist siyasətini inkişaf etdirməyə başladı. Bu dahi şəxsiyyət əfvetmənin dövlətin cəza siyasətində islah prosesini səmərəli etməsində, ailənin möhkəmlənməsində, vətəndaş cəmiyyətinin formalaşmasında, vətənpərvərlik hissinin artmasında, demokratik prinsiplərin möhkəmlənməsində rolunu çox aydın görürdü.
Beləliklə, əfvetmə institutunun bərpa edildiyi elə birinci il - 1995-ci ildə ümummilli liderimiz 1207 nəfər barəsində 4 əfv fərmanı imzaladı. Əfv olunanlardan 7-si ölüm cəzasına məhkum edilmiş (onda hələ ölkəmizdə ölüm cəzası ömürlük cəza ilə əvəz olunmamışdı) şəxslər idilər, onların cəzası müvafiq müddətə həbs cəzası ilə əvəzləndi. Ümumiyyətlə, böyük öndər 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalayıb.
Göründüyü kimi, ümummilli liderimiz əfvetməni bir ənənəyə çevirdi. Üstəlik, birbaşa onun təşəbbüsü ilə ölkəmizdə ölüm cəzası ləğv edildi. Bu, Şərqdə ilk hadisəydi. 2003-cü ildən sonra da bu ənənə uğurla davam etdirildi. Beləliklə, 1995-ci ildən bu günədək 4858 şəxs barəsində 45 əfv fərmanı imzalanıb. Bundan başqa 8 amnistiya qərarı qəbul edilib. Bu qərarlar 50 mindən çox adama şamil edilib. Bu amnistiyalardan sonuncusu Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə oldu. Mehriban xanım Əliyevanın amnistiya haqqında layihəsi Milli Məclisə təqdim olundu və 2007-ci il mayın 8-də "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında" qərar qəbul edildi. Bu humanist qərar on minə yaxın insana şamil olundu, 1500 nəfərdən çox məhbus cəzaçəkmə müəssisələrindən azad edildi.
Mehriban xanım Əliyeva 2009-cu il martın 10-da Novruz bayramı münasibətilə Milli Məclisə amnistiya elan edilməsi təklifi ilə müraciət etdi. Hamı bilir ki, Heydər Əliyev Fondunun əsas qayələrindən biri humanizm, insanpərvərlik ideyalarını inkişaf etdirməkdir. Odur ki, Mehriban xanım Əliyevanın da müraciətində Heydər Əliyev Fonduna məhkum edilmiş şəxslərdən və onların ailə üzvlərindən çoxlu müraciətlərin daxil olduğu, bununla bağlı araşdırmaların aparıldığı qeyd olunur və həmin insanlara münasibətdə də mərhəmət göstərilməsi zərurəti vurğulanır.
Müraciətdə ümummilli liderin humanist siyasətinə sədaqət nümayiş etdirilərək, Azərbaycan xalqının firavanlıq, əmin-amanlıq və mərhəmət rəmzi olan milli bayramı - Novruz bayramı münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü irəli sürülür. Amnistiya aktının layihəsində böyük ictimai təhlükə törətməyən və bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınların, cinayət törədərkən 18 yaşına çatmayanların, birinci və ya ikinci qrup əlillərin, 60 yaşına çatmış kişilərin, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanların və bəzi digər kateqoriyadan olan şəxslərin azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi nəzərdə tutulurdu. Həmçinin, azadlıqdan məhrum edilən və cəzalarının bitməsinə bir il qalmış qadınlara və kişilərə, islah işləri, ictimai işlər cəzasına məhkum edilən bütün şəxslərə, habelə, cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara amnistiya tətbiq etməklə, cəzadan azad olunanlar idi. Həmin aministiya aktına görə, 9 min şəxs, bunlardan təqribən 1700 məhkum azadlıqdan məhrumetmə yerlərindən azad edildilər.
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsi növbəti əfv fərmanının imzalanması isə, bir daha onu göstərir ki, bu əfv fərmanları və aministiya aktları Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasına, vətənpərvərlik hissinin artmasına, demokratik prinsiplərin möhkəmlənməsinə müsbət təsiri var.

Məzahir Bayramov: "Növbəti əfv fərmanı demokratik siyasətin göstəricisidir"

YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov bu fərmanın məhbusların ailələrinə, bütövlükdə isə, Azərbaycan xalqına iki qat bayram ovqatının bəxş edildiyini bildirdi: "Bu addım dövlətin humanist siyasətinin göstəricisi olduğunu bir daha göstərir".
Prezident İlham Əliyevin imzaladığı 14-cü əfv fərmanı olduğunu deyən M.Bayramov, bu fərmanın, ümumilikdə, 99 nəfərə şamil olunmasını söylədi: "Hər dəfə məhkum olunmuş şəxslərin ailələri dövlət başçısına müraciətlər edirlər və ölkə Prezidenti də bu müraciətləri nəzərə alır. Növbəti fərman da məhkum olunmuş şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Prezidentə ünvanlanmış əfv haqqında müraciətlərinə əsaslanaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəzalarının müəyyən hissəsini çəkdiklərini, bu müddətdə davranışlarını nəzərə alaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, əfv olunan şəxslərin qanunlara dönmədən əməl etmələrini arzulayaraq, imzalanıb".
M.Bayramov onu da vurğuladı ki, yeni il ərəfəsi belə bir fərmanın imzalanması humanizm və insanpərvərlik prinsiplərinin dövlətin əsas qayələrindən olduğunu göstərir. Qeyd etmək lazımdır ki, 1994-cü ildən indiyədək imzalanmış 46 əfv fərmanı imzalanıb ki, bu fərmanların 14-ü ölkə Prezidenti İlham Əliyev, 32-si isə ümummilli liderimiz Heydər Əliyev tərəfindən imzalanıb. İndiyədək imzalanan 8 Amnistiya Aktı 40 min məhkuma şamil olunub.
Əgər 1992-ci ildə əhalinin hər 100000 nəfərinə nisbətdə cəzaçəkmə müəssisələrindəki məhkumların sayı 390 idisə, 1993-cü ildən bu rəqəm 200-dən aşağı düşüb. Azərbaycan MDB-yə üzv digər ölkələri qabaqlayaraq, Şərqi Avropa ölkələri ilə eyni səviyyəyə qalxıb. Məhz buna görə də, xüsusi qeyd edilməlidir ki, humanizm Azərbaycan dövlətinin siyasətinin mühüm bir hissəsidir. Etiraf edilməlidir ki, heç bir ölkədə 14-15 ildə bu qədər əfv fərmanı və amnistiya haqqında qərarlar qəbul edilməyib. Bu dəyərlər getdikcə daha da dərinləşir və genişlənir. Bu, ümummilli liderimiz Heydər Əliyevin başladığı işin davamıdır, ideyalarının inkişafıdır. Bu prinsiplər islah prosesinin səmərəliliyinə, ailənin möhkəmlənməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına, cinayətkarlığa qarşı səmərəli mübarizə mühitinin yaranmasına, cəzanın labüdlüyünə, hər bir vətəndaşın, insanın hüquqlarının təminatlı müdafiəsinə xidmət edir. Əfv və amnistiyanın tərbiyəvi əhəmiyyəti bunlardır. Qeyd etdiyimiz kimi, bunlar da dövlət siyasətimizin tərkib hissəsidir. Bu siyasət bütün sahələrdə aparılır, o cümlədən, daha çox cəzaçəkmə müəssisələrində. Səmərəsi də odur ki, ondan bəhrələnənlərin də sayı artmaqdadır. Dövlətin cəza siyasətində əldə edilmiş bu uğurlar, nə tək-tək fərdlərin, nə hansısa qurumların, nə də beynəlxalq təşkilatların xidməti deyil, o, dövlətin siyasətidir, ümummilli liderimiz Heydər Əliyevin ədalət və humanizm ideyalarının nəticəsidir ki, o, bu gün həyatımızın ayrılmaz hissəsinə çevrilib.

Digər xəbərlər