"Səs" qəzetinin redaksiyasında Azərbaycan Respublikası Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunda qeydə alınan layihəyə əsasən, "Erməni terroru: faktlar və sənədlər" mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masaya ekspert kimi müstəqil politoloq Elşad Mirbəşiroğlu dəvət edilmişdir. Müzakirələrdə "Səs", "AzərTac" informasiya agentliklərinin, "Olaylar", "Ekspress", "Azad Azərbaycan", "İki sahil", "Yeni Azərbaycan", "Şərq" və "Həftə içi" qəzetlərinin əməkdaşları iştirak ediblər.
(Əvvəli ötən sayımızda)
"Səs" qəzetinin əməkdaşı:
- Bildiyimiz kimi, tarixin müxtəlif dönəmlərində ermənilər Azərbaycan dövlətinə, eləcə də, türklərə qarşı müxtəlif yollarla soyqırım siyasəti həyata keçirərək, təcavüzkar siyasətlərini yürütmüşlər. Tarixə istinad edərkən, görürük ki, 1905-1907-ci, 1918-1920-ci illərdə, ümumilikdə, 2 milyona yaxın azərbaycanlı qətlə yetirilmiş, yüzlərlə yaşayış məntəqələri dağıdılmış, insanlara mənəvi və maddi zərbələr vurulmuşdur. Müxtəlif tədqiqatçıların, tarixçilərin araşdırmalarında bu faktlara təsadüf olunur. "Səs" qəzeti olaraq, bu istiqamətdə biz də araşdırmalar aparmış və 1918-ci ildə yaradılan Demokratik Cümhuriyyətin sənədlərini də nəzərdən keçirmişik. Gerçəkliklərdən bizə məlum olur ki, mart qırğınlarının törədilməsində o dövrün hakimiyyətinin xüsusi rolu olmuşdur. Şaumyanın Vladimir İliç Lenin tərəfindən Zaqafqaziyaya fövqəladə komissar təyin edilməsi bu hadisələrin daha geniş miqyasda vüsətini genişləndirmişdir. Bu baxımdan, Naxçıvanda, Gəncədə, Qubada, İrəvanda və azərbaycanlılara məxsus olan digər yaşayış məntəqələrində qırğınlar törədilmişdir. Təkcə Naxçıvanda 125 kənd dağıdılmış, 50 min nəfər insan qaçqın düşmüş, 45 min insan qətlə yetirilmişdir. Şamaxıda cümə məscidi daxil olmaqla, tarixi abidələr dağıdılmış, 8 minə yaxın insan qətlə yetirilmişdir. Tarixin sonrakı mərhələlərində 1948-1952-ci illərdə də azərbaycanlılar ermənilərin qətlinin qurbanına çevrilmişlər. 1943-cü ildə İranda keçirilən Tehran konfransında İranla SSRİ arasındakı münasibətlər müzakirə olunan zaman oradakı İran fəalları SSRİ xarici işlər naziri V.Molotova müraciət edərək, İrandakı ermənilərin SSRİ-yə köçürülməsini xahiş etmişlər. Nəticədə Stalin bu müraciətin gerçəkləşməsinə öz imzasını atmışdır. O zamankı Ermənistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Q.Artunov bu məsələdən maraqları üçün istifadə etməklə, ermənilərin Azərbaycana köçürülməsi prosesinə köməklik göstərmişdir. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Komitəsinin toplantısında Ermənistan əhalisinin və azərbaycanlıların Kür-Araz ərazisinə köçürülməsi ilə bağlı tapşırıqlar verilmişdir. Bütün bunları nəzərdən keçirməkdə məqsəd Ermənistanın soyqırım siyasətini həyata keçirmək üçün yollar axtarmasını və özlərinin Azərbaycan torpağında məskunlaşmasına nail olmasını göstərməkdir. Yaxşı olardı ki, bir politoloq kimi, Elşad Mirbəşiroğlu bu tarixi faktların sənədlər əsasında oxuculara çatdırılmasında öz fikirlərini bildirsin.
"ERMƏNİLƏR TERROR AKTLARINI HƏYATA KEÇİRƏRKƏN SEÇİM ETMİRLƏR"
Elşad Mirbəşiroğlu:
- Ermənilər terror aktlarını həyata keçirərkən seçim etmirlər. Bayaq burada I Pyotrun Xəzəryanı bölgələrə böyük hücumundan və burada törətmiş olduğu vəhşiliklərdən də bəhs edildi. O dövrdə də erməni amilindən məhz bu cür vəhşilikləri törətmək üçün məharətlə istifadə edilmişdir. Yəni ki, XVIII əsrin əvvəllərindən başlayaraq, günümüzə kimi, ermənilərin ən yaxın müttəfiqi ruslar olmuşlar. Məhz Azərbaycan, Türkiyə, İran və istərsə də digər bölgələrdə ermənilərin provakasiyon hərəkətlərinə rəvac verən ruslar olub və onları təpədən-dırnağa qədər silahlandırıb. Maraqlı tərəflərdən biri isə ondan ibarətdir ki, müəyyən vaxtlarda, ruslar özləri də erməni terrorunun qurbanı olmuşlar. Məsələn, tarixə nəzər salsaq, rus Qafqazşünası tədqiqatçısı var: Valentin Veliçko. O öz qeydlərində bildirir ki, "Payız və qış qaydasında keçdi. Amma yaz özü ilə bir sıra bəlalar-malyariya xəstəliyi və bir də erməni bəlasını gətirdi." O, həmçinin, bildirir ki, o vaxt Gəncə quberniyasının Tərtər kəndində ermənilər ruslara qarşı ağlasığmaz bəlalar veriblər. Bütün bunlar, onu göstərir ki, bu günlər onlar arasında müəyyən yaxınlıq olsa da, erməniləri ruslara qarşı münasibəti heç də üzdə göründüyü kimi deyil. Eyni zamanda, gürcü tədqiqatçıları da ermənilərdən narazılıq dolu ifadələr işlətmişlər.
"ERMƏNİ TERROR TƏŞKİLATININ SƏCİYYƏVİ CƏHƏTİ TERRORUN
DÖVLƏT SİYASƏTİNDƏ ƏSAS GÖTÜRÜLMƏSİDİR"
"SİA"-nın əməkdaşı:
- V.Veliçko bayaq qeyd etdiyiniz faktları nə zaman bildirib?
- XVIII əsrin sonu, XIX əsrin əvvələrində olmuş bu hadisə, xüsusən də, lGülüstan" sülh müqaviləsində sonra ermənilərin Gəncə quberniyasına köçürülməsi başladı. Məhz bu qeyd etdiyimiz proseslər də həmin dövrlərə təsadüf edir.
Bayaq vurğuladığım kimi, gürcü tarixçiləri də qeyd edirlər ki, regionda həmişə xalqlar dinc şəraitdə yaşadıqları halda, həmişə aranı qarışdıran ermənilər olubdur. Xüsusilə də, 1890-ci ildə "Daşnaksütun" partiyası yaradıldıqdan və 1892-c ildə Tiflisdə həmin partiyanın "qurultayı" keçirilmişdir. Həmin "qurultay"da qəbul olunan fəaliyyət proqramında açıq şəkildə "Daşnaksütun"un məsqədləri göstərilir. Onların məqdəsində isə, ilk öncə, Türkiyənin Van əyalətindən tutmuş, Şərqə doğru Gəncə quberniyasının dağlıq hissəsi və Naxçıvan da daxil olmaqla, "böyük Ermənistan" yaradılması nəzərdə tutulurdu. Eyni zamanda, onlar hətta lrus Ermənistanı" deyilən bir ərazi də nəzərdə tuturlurdu. Bu isə Qafqazın şimal hissəsini əhatə edirdi. Beləliklə də, ermənilərin "dənizdən-dənizə erməni dövləti" utopiyası açıq şəkildə özünü göstərirdi. Bundan əlavə, ermənilər İranın şimal hissəsində olan Azərbaycan torpaqlarına da iddia edirdilər. "Daşnaksütun" terror təşkilatından sonra digər erməni terror təşkilatları da konkret ərazi üzrə öz fəaliyyət istiqamətlərini müəyyənləşdirmiş oldular. Öncə, qeyd etdiyimiz kimi, erməni terror təşkilatının səciyyəvi cəhəti terrorun dövlət siyasətində əsas götürülməsidir. Buna əsaslı misal kimi, Ermənistanda Sarkisyandan əvvəl hakimiyyətdə olmuş Azərbaycan vətəndaşı Robert Köçəryan da açıq şəkildə etiraf etmişdir ki, Ermənistan özü, bütövlükdə, terrorçu bir dövlətdir. 1998-ci il fevral ayının 3-də Ermənistanda qeyri-legitim yolla hakimiyyətə gəlmiş R.Köçəryan özünün fəaliyyətində terrorizmi əsas götürmüşdür. Məhz 1999-ci ilik oktyabrın 27-də Ermənistan parlamentində hadisə baş verdi və nəticədə baş nazir, spiker və onun iki müavini qətlə yetirildi. Digər parlament üzvləri və vəzifəli şəxslər təxminən 15 saat girovluqda saxlandılar. Sonda isə dünyanın heç bir ölkəsində görünməmiş bir hadisə olan Ermənistan prezidentinin terrorçularla danışıqlara getməsi prosesi baş verdi. Bu isə, ondan xəbər verir ki, bu məhz R.Köçəryanın özü tərəfindən müəyyənləşdirilmiş bir aksiya idi. Çünki dünyanın heç bir ölkəsində prezident terrorçularla birbaşa danışıqlara getmir. Bu günə qədər dünya praktikasında belə bir hala rast gəlinməyib. Digər bir məsələ ermənilərin Dağlıq Qarabağda vəhşiliklər törətdiyi zaman Azərbaycan tərəfindən bir neçə beynəlxalq səviyyədə axtarışda olan terrorçu məhv edilmişdir. Bunlardan da biri Ermənistanda ən radikal terror təşkilatı olan "DRO"-nun, digəri isə "ASALA" erməni terror təşkilatının üzvləri olmuşlar. Bütün bunlar isə onu göstərir ki, Ermənistan dövləti terrorçuların dırnaqarası xidmətlərindən belə çəkinmir.
Bununla yanaşı, ermənilərin türklərə və azərbaycanlılara qarşı terror aktlarının xronologiyası çox böyükdür. Təkcə onu demək olar ki, ötən əsrin 50-80-ci illərində erməni terrorçuları Avropada və digər xarici dövlətlərdə olan türk diplomatlarında qarşı böyük terror aktları həyata keçirmişlər. Ən müasir tariximizdən isə, hamımıza məlumdur ki, bütövlükdə, ermənilərin Dağlıq Qarabağda həyata keçirmiş olduqları hərbi provakasiyalar, hərbi aksiyalar azərbaycanlılara qarşı yönəlmiş zorakılıq aktları hər birmizin yadındadır. Bu isə azərbaycanlılarla yanaşı, bütün dünya müsəlmanlarına qarşı həyata keçirilən bir səlib yürüşü və terrorizm aksiyasıdır.
""FREEDOM HOUSE" TƏŞKİLATININ HESABATLARINDA SUBYEKTİV YANAŞMA VƏ MARAQLARA XİDMƏT ETMƏ MÖVCUDDUR"
"Səs" qəzetinin əməkdaşı:
- Elşad müəllim, siz rusların ermənilərə olan dəstəyindən danışdınız. Amma müasir dövrümüzdə Qərb dövlətləri Ermənisatana dəstək olmaq üçün müəyyən çirkik vasitələrdən istifadə edirlər. Bunu necə izah etmək olar?
- Birincisi, "Freedom House" təşkilatı, doğrudan da, son zamanlar çox sərbəst şəkildə deməyə əsas verir ki, öz potensialını itirmiş bir təşkilatdır. Demək olar ki, bu təşkilatın son hesabatlarının əksəriyyəti subyektiv xarakter daşıyır. Çünki burada subyektiv yanaşma və maraqlara xidmət etmə mövcuddur. Təşkilatın devizi insan hüquqları və insan hüquq və azadlıqları ilə bağlı, demokratik prinsiplərin yayılmasına əməl olunması, dünyada azadlığın, haqqın, ədalətin səviyyəsini müəyyənləşdirmək və genişləndirməklə bağlı olduğu halda, özünün prinsiplərinin əksinə gedən bir təşkilata çevrilib. Xüsusilə də, bu təşkilat Azərbaycanla bağlı dəfələrlə qərəzli mövqedən çıxış edib. Misal olaraq, "Azadlıq" xəritəsinin hazırlanması xətti və onun kimi Azərbaycanla, Dağlıq Qarabağla bağlı digər çoxsaylı bəyanatları var. Bu üzdəniraq təşkilatın elə bir bəyanatı yoxdur ki, orada təhriflərə, qərəzli yanaşmalara yol verilməsin. Ona görə də, bu məsələlərin arxasında, birmənalı olaraq, ABŞ hökumətinin mövqeyi dayanmaqdadır. Digər düşündürücü bir məsələ isə, ondan ibarətdir ki, bu gün Azərbaycan Avropa və ABŞ-ın enerji təhlükəsizliyinin, regionda milli maraqlarına xidmət edən addımlar atmaq imkanına malik olduğu, Ermənistanın belə bir potensiala malik olmadığı halda, nəyə görə Ermənistanın mövqeyi dəstəklənir? Bu suala cavab tapmaq, hələlik, çətinlik yaradır.
"BÖYÜK DÖVLƏTLƏR "ERMƏNİ FAKTORU"NDAN ÖZ MARAQLARI ÜÇÜN İSTİFADƏ EDİRLƏR"
"Azad Azərbaycan" qəzetinin əməkdaşı:
- Bunu erməni lobbisinin fəaliyyəti ilə əlaqələndirmək olarmı?
- Əslində, mən bunu lobbiçilik fəaliyyəti ilə ələqələndirməzdim. Çünki dövlətin maraqları isanların fərdi maraqlarından həmişə yüksəkdə dayanmalıdır. Çünki burada söhbət ABŞ-ın maraqlarından gedir. Hazırda ABŞ-da bir milyona yaxın erməni yaşayır və onların 25%-i diaspor təşkilatlarında çalışır. Amma nəzərə almaq lazımdır ki, burada erməni lobbisinin xidmətləri böyükdür. Eyni zamanda, bir məsələni də qeyd etmək lazımdır ki, hazırda, təxmini hesablamalara görə, ABŞ-da səsvermə hüququna malik 600 min erməni yaşayır. Sözsüz ki, ABŞ-da hər seçkiqabağı kampaniyaları ərəfəsində "erməni soyqırımı" məsələsi yenidən gündəmə gətirilir. Eyni zamanda, bir məsələni də nəzərə almaq lazımdır ki, artıq erməni faktorundan ABŞ-da istifadə etmək niyyətinə düşüb. Çünki onlar görürlər ki, Rusiya bu faktordan məharətlə istifadə edir. Ona görə də, onlar erməniləri qıcıqlandıracaq heç bir addım atmırlar.