Artıq ölkəmizdə bələdiyyə seçkilərinin keçirilməsinə az müddət qalsa da, Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatlarının təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Təbliğat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı rayonun mədəniyyət evində seçicilərlə növbəti görüş keçirdi. Görüşdə YAP Qazax rayon təşkilatının fəallarından ibarət təbliğat qruplarının üzvləri, Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyələrə namizədlikləri irəli sürülmüş və namizədlikləri qeydə alınmış partiya üzvləri, rayon ictimaiyyəti iştirak etdi. Görüşdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov ölkəmizdə formalaşmış mükəmməl seçki ənənələrinin özünün bütün parametrləri ilə demokratik dəyərlərlə tam uyğunluq təşkil etdiyini bildirdi.
H.Pənahov ölkədə bələdiyyə seçkilərinin azad, şəffaf və demokratik keçirilməsi üçün Yeni Azərbaycan Partiyasının lazım olan bütün tədbirləri gördüyünü söylədi. Onun sözlərinə görə, rayonun ərazisində fəaliyyət göstərən dairə seçki məntəqələrinin işinin müasir tələblərə uyğun qurulması uğurlu nəticələrin əldə edilməsindən xəbər verir: "Rayon seçiciləri, əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də yüksək fəallıq nümayiş etdirəcəklərinə tam əminəm. Çünki görülən işlər bunu təsdiqləyir. Belə ki, seçkilərin tam şəffaf və demokratik dəyərlərə uyğun formada keçirilməsi üçün seçki qərargahı yaradılmış və hər bir üzvə müəyyən işlər tapşırılmışdır. Eyni zamanda, seçki siyahıları da diqqət mərkəzində qalmaqdadır.
Görüşdə YAP-ın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi, millət vəkili İlham Məmmədov çıxış edərək bildirdi ki, iqtidar partiyası olan Yeni Azərbaycan Partiyası hər zaman xalqa xidmət prinsipini prioritet kimi seçki proqramlarında əsas götürüb: "Xalqa xidmət naminə" şüarı ilə bələdiyyə seçkilərində iştirak edən YAP, seçicilərin dəstəyilə qarşısına qoyduğu hədəflərə çatacaq. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs hər zaman vətəndaşların rifahının yaxşılaşmasına xidmət edib və hazırda bu proses davam edir. Bu gün bələdiyyə seçkilərində namizədliyi irəli sürülən Yeni Azərbaycan Partiyası üzvləri də, məhz bu siyasətin daha böyük uğurlarla nəticələnməsinə çalışacaq. Eyni zamanda, Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlər hər bir addıma məsuliyyətlə yanaşmalıdır".
İ.Məmmədov bələdiyyə seçkilərinin də uğurla başa çatacağına əmin olduğunu söylədi və namizədlərə uğurlar arzuladı.
Millət vəkili, YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi Rövşən Rzayev isə yerli özünüidaretmə orqanları olan bələdiyyələrin ölkəmizin sosial-iqtisadi həyatında mühüm rol oynadığını və bu quruma keçirilən seçkilərə hazırlığın partiya üzvləri qarşısında ciddi vəzifələr qoyduğunu diqqətə çatdırdı: "Özünüidarəetmə orqanları, bir struktur kimi, Azərbaycanda 1999-cu ildə yaradılıb və tarix baxımından bu qurumlar o qədər də yaşlı deyil, hətta onları gənc də hesab etmək olar. Bununla belə, son illər ərzində qanunvericilikdə edilən dəyişikliklər və əldə olunmuş təcrübə, onu deməyə əsas verir ki, artıq növbəti illərdə bələdiyyələrin daha aktiv fəaliyyətinin şahidi olacağıq".
R.Rzayev Azərbaycan Respublikasının Milli Məclisinin bələdiyyələrlə bağlı qanunvericiliyə dəyişikliklər etdiyini xatırlatdı. Bələdiyyələrin sayının azaldıldığını önə çəkən millət vəkili qeyd etdi ki, bu yerli özünüidarəetmə strukturlarının işinin daha da fəallaşmasına səbəb olacaq: "Bu addım, hər bir mənada, bələdiyyələrin güclənməsinə səbəb olacaq. Bu gün ölkəmizdə inkişafı hədəfləyən siyasət həyata keçirilir. Azərbaycan Milli Məclisi məhz bu inkişafın tərkib hissəsi kimi bələdiyyələrdə islahatların aparılmasını dəstəkləyib. İnanıram ki, qarşıdan gələn seçkilərdə Qazax seçiciləri də inkişafa səs verəcək. Çünki Yeni Azərbaycan Partiyası hər zaman xalqına xidmət edib, dövlətçiliyin keşiyində dayanıb. Əminəm ki, Qazax seçiciləri dekabrın 23-də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər".
Sonda səlahiyyətli nümayəndələr seçiciləri maraqlandıran sualları cavablandırdılar.