Bələdiyyə seçkiləri demokratik institutların formalaşmasına təkan verəcək
Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatı dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində, rayonunun Çarxı və Ülövlü kəndlərində seçicilərlə növbəti görüş keçirdi.
Tədbirlərdə çıxış edən YAP Xaçmaz rayon təşkilatı qərərgahının sədr müavini Akif Mərdanov bildirib ki, bələdiyyələr ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında mühüm rol oynayan institut kimi mühüm əhəmiyyətə malikdirlər. A.Mərdanovun fikrincə, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi onların qarşıdakı illərdə qeyd olunan hədəflərə nail olmasına imkan verəcək. O, həmçinin, Xaçmaz rayonunun sakinlərinin həmişə seçkilərdə fəal iştirak etdiklərini xatırladaraq, onların dekabrın 23-də yerli özünüidareətmə orqanlarına keçirilən seçkilərdə də fəal olacağına inandığına və ən layiqli namizədlərə səs verəcəklərinə əmin olduğunu qeyd etdi: "Seçkiyə ciddi hazırlıq, onu deməyə əsas verir ki, Xaçmaz seçiciləri bu prosesdə yüksək aktivlik nümayiş etdirməklə Yeni Azərbaycan Partiyasının namizədlərinin seçkilərdə qələbəsini təmin etmiş olacaqlar".
Rayon sakinlərinin dövlətə və dövlətçiliyə daim sədaqət nümayiş etdirdiyini vurğulayan A.Mərdanov qarşıdan gələn bələdiyyə seçkilərində də bunun bir daha təsdiqlənəcəyini söylədi: "Xaçmazlılar Azərbaycanın inkişafı, dövlətçiliyimizin möhkəmlənməsi yolunda edilmiş səyləri, atılmış addımları yüksək qiymətləndirir. Ona görə də, rayonumuzun sakinləri YAP-a rəğbət bəsləyir, onu dəstəkləyir".
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, partiyanın səlahiyyətli nümayəndəsi, millət vəkili, professor Nizami Xudiyev bildirdi ki, dövlətimizin və cəmiyyətimizin inkişaf təzahürlərini özündə ehtiva edən prinsiplərdən ən başlıcası hesab edilən seçkilər dövlətimizin qarşısında dayanan ən ümdə vəzifələrdən hesab olunur: "Məlum olduğu kimi, qarşıdan yerli özünüidarəetmə orqanlarına seçkilər gəlir. İnanırıq ki, ölkəmizdə formalaşmış olan seçki ənənələri və seçki mədəniyyəti bu prosesin də şəffaflığının təmin edilməsinə imkan yaradacaq və YAP-ın namizədləri düzgün təşviqat aparıb qələbə qazanacaqlar".
Bələdiyyələrin normal fəaliyyət göstərmələri üçün müvafiq qanun aktlarının qəbul olunduğunu deyən N.Xudiyev bu qurumda gənclərin və qadınların çoxluq təşkil etməsinin vacibliyini qeyd etdi. Bildirdi ki, bələdiyyə seçkilərində gənclərin və qadınların fəal iştirakı bu faktorun cəmiyyətdə sosial ədalət prinsipləri baxımandan, mühüm əhəmiyyət daşıyır. N.Xudiyev diqqətə çatdırdı ki, Yeni Azərbaycan Partiyasının "Xalqa xidmət naminə" devizi ilə seçkilərə qatılması ictimaiyyətin fəallığını artırır, xalqla-Yeni Azərbaycan Partiyası arasında yaranmış əlaqəni və etimadı daha da sıxlaşdırır".
YAP-ın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi, millət vəkili Yevda Abramov Yeni Azərbaycan Partiyasının hər bir seçkidə olduğu kimi, bu il keçiriləcək bələdiyyə seçkilərinə də çox ciddi və məsuliyyətlə hazırlaşdığını vurğuladı. Millət vəkili partiya və onun yerli təşkilatları tərəfindən bələdiyyə üzvlüyünə ən layiqli namizədlərin irəli sürüldüyünü və irəli sürülən namizədlərin bu etimadı doğruldacaqları və seçkilərdə qələbə qazanacaqları təqdirdə, əhaliyə layiqli xidmət göstərəcəklərinə inandığını bildirdi: "YAP bələdiyyə seçkiləri ilə bağlı seçki proqramı qəbul edib və seçkilərə "Xalqa xidmət naminə" şüarı ilə gedir. Həmin proqramda bələdiyyələrin və üzvlərinin vəzifələri, əhaliyə keyfiyyətli xidmətin göstərilməsi imkanları əks olunub. Bu fakt partiyanın bələdiyyələrin işinə, əhali qarşısındakı məsuliyyətinə verdiyi önəmin ifadəsi kimi də qəbul oluna bilər".
Tədbirdə çıxış edən seçicilər YAP-ın namizədlərinin bələdiyyə seçkilərində inamlı qələbə qazanacağına əminliklərini ifadə etdilər. Onlar əvvəlki seçkilərdə olduğu kimi, dekabrın 23-də də yüksək seçici fəallığı nümayiş etdirəcəklərini, Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərin qələbəsinin təmin olunması üçün yekdilliklə səs verəcəklərini bildirdilər.