Rəbiyyət Aslanova:” Azərbaycan insan hüquq və azadlıqlarının qorunmasını özünün ali prinsipi kimi qəbul edir”
"Azərbaycanda insan hüquq və azadlıqları milli qanunvericilik vasitəsilə qorunur. Ölkə Konstitusiyasının üçdə iki hissəsi insan hüquqlarına həsr olunub, eləcə də Azərbaycan bu məsələ ilə bağlı bütün beynəlxalq konvensiyalara qoşulub. Bu faktlar onu göstərir ki, Azərbaycan insan hüquq və azadlıqlarının qorunmasını özünün ali prinsipi kimi qəbul edir".
Bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova BMT-nin İnsan hüquqları komitəsində Azərbaycanla əlaqədar müzakirələrə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bəzi dairələr, o cümlədən beynəlxalq təşkilatlar ölkəmiz haqqında mənfi rəy yaratmağa çalışırlar. Bununla da, Azərbaycanda insan hüquqlarına dair vəziyyətə kölgə salmaq istəyirlər. "BMT-nin İnsan hüquqları komitəsində də müzakirələr obyektiv olmalıdır. MDB məkanında, Ermənistanla, Gürcüstanla müqayisə aparılsa, bu cəhətdən Azərbaycanın nə qədər öndə olduğu sübuta yetər. İkili standartlardan uzaqlaşmağın vaxtı çatıb. Həmçinin, insan hüquqları məsələsindən dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etmək düzgün deyil. Əks halda, bu, beynəlxalq təşkilatların özünün nüfuzuna da xələl gətirən amildir" deyə R.Aslanova vurğulayıb.