ATƏT-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNİN SƏVİYYƏSİ HƏR İKİ TƏRƏFİ QANE EDİR
ATƏT-in baş katibi Mark Perrin de Brişambo ölkəmizə səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında demişdir: "Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycan hökumətinin üzvləri ilə görüşlərdən sonra deyə bilərəm ki, bizim münasibətlərin səviyyəsi hər iki tərəfi qane edir".
Baş katib bildirmişdir ki, ölkəmizə səfərinin məqsədi ATƏT-in Azərbaycandakı ofisinin fəaliyyətinə qiymət verməkdir.
De Brişambonun sözlərinə görə, ATƏT Azərbaycanda seçki prosesinin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə, kiçik və orta sahibkarlığın, habelə qeyri-neft sektorunun inkişafı və ətraf mühitin qorunması məsələlərində ölkəmizə kömək edir. ATƏT-in Bakı ofisi həm də polis əməkdaşları, hakimlər və prokurorlar üçün məşğələlər təşkil edir.
Baş katib Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar vurğulamışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdən sonra onun gəldiyi qənaətə görə, dövlətimizin başçısı danışıqların davam etdirilməsi ideyasına sadiqdir. Fikrimcə, münaqişə tərəflərinin hər ikisi mövcud ziddiyyətləri aradan qaldırmalıdır. ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin həllinə şərait yaradılması üçün mümkün olan hər şeyi etmişlər. Hazırda danışıqlar masası üzərində olan baza prinsipləri Minsk Qrupunun 12 illik fəaliyyətinin yekunudur və münaqişə tərəfləri regionda sülhün bərqərar olması üçün səylərini əsirgəməməlidirlər.