PDF Oxu

Əsas

  • 8

“AZƏRBAYCANDA MÜASİR TƏHSİL: NAİLİYYƏTLƏR, PROBLEMLƏR, VƏZİFƏLƏR

“AZƏRBAYCANDA MÜASİR TƏHSİL: NAİLİYYƏTLƏR, PROBLEMLƏR, VƏZİFƏLƏR

 Ənənəvi olaraq, "Səs" qəzetinin redaksiyasında ölkəmizdə və dünyada baş verən müxtəlif hadisələrə həsr olunmuş dəyirmi masalar təşkil edilir. Budəfəki dəyirmi masa da "Səs" İnformasiya Agentliyinin və Azərbaycan Respublikası Təhsil Şurasının (TŞ) birgə dəstəyi ilə "Azərbaycanda müasir təhsil: nailiyyətlər, problemlər, vəzifələr" mövzusunda aparılan müzakirələri əhatə edirdi. Dəyirmi masada Azərbaycan Respublikası Təhsil Şurasının sədri, pedaqogika elmləri doktoru, professor, əməkdar müəllim, Rusiya Pedaqogika və Sosiologiya Elmlər Akademiyasının həqiqi üzvü Əjdər Ağayev, Müəllimlər İnstitutunun kafedra müdiri Rüfət Hüseynzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, fizika fakültəsinin dekanı, professor, AR TŞ İdarə Heyətinin sədr müavini Mirzəli Murğuzov, Təhsil Problemləri İnstitutunun Kurrikulum Mərkəzinin direktoru Ənvər Abbasov, təhsil problemləri üzrə ekspert, Bakı Dövlət Universitetinin professoru, YAP İdarə Heyətinin üzvü Şahlar Əsgərov, 271 saylı orta ümumtəhsil məktəbinin direktor müavini, AR TŞ-nin İdarə Heyətinin üzvü Ofeliya Arazova, Sərhəd Qoşunları Akademiyasının pedaqogika kafedrasının müdiri, pedaqoji elmlər namizədi Vəfa Ələkbərova, Kəlbəcər rayon təhsil şöbəsinin metodisti Musa Əzizov, Təhsil Problemləri İnstitutunun şöbə müdirinin müavini, pedaqoji elmlər doktoru İntiqam Cəbrayılov, sosioloq Əhməd Qəşəmoğlu, Zəngilan rayon təhsil şöbəsinin müdir müavini Akif Orucov və digər təhsil işçiləri iştirak edirdilər.
 Tədbiri SİA-nın baş direktor müavini Elşad Hacıyev Azərbaycanda müasir təhsilin vəziyyəti barədə qısa məlumat verərək, təhsilin dövlət siyasətinin proritetinə çevrildiyini vurğuladı. Sürətlə inkişaf edən Azərbaycanda təhsilin inkişafına həssaslıqla yanaşıldığını və bu prosesdə təhsil ictimaiyyətinin effektiv fəaliyyətinin zəruriliyi qeyd olundu. Ümummilli lider Heydər Əliyevin "Təhsil hər bir millətin və xalqın gələcəyidir" fikrini əldə rəhbər tutan E.Hacıyev dəyirmi masanı açıq elan etdi.

 (Əvvəli ötən sayımızda)
           
TƏHSİLİN FƏLSƏFƏSİ İLƏ BAĞLI MÜZAKİRƏYƏ BÖYÜK EHTİYACIMIZ VAR
 
Əhməd Qəşəmoğlu:
           
 - Təhsil mənim üçün həmişə diqqət mərkəzində olan bir sahə olub. Bəzən təhsildə hər hansı məsələnin fundamenti qoyulmazdan əvvəl ondan sonrakı proseslərdən danışmağa tələsirik. Prezident İlham Əliyevin təhsil səviyyəsi hamımız üçün örnəkdir. Onun müxtəlif təşkilatlarda etdiyi çıxışlar, xarici qonaqlarla keçirdiyi görüşlərə göz qabağındadır. Bu, potensialın göstəricisidir. O, çıxışlarının əksəriyyətində təhsilə diqqət yönəldib, ölkə gənclərinin savadlı, yüksək intellektual səviyyədə yetişməsinin vacibliyini vurğulayıb. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban Əliyeva təhsilimizin inkişafına böyük töhfələr verib. Biz kənardan duraraq mövcud problemlərdən danışmaqla kifayətlənməməliyik. Eyni zamanda, həmin potensialdan da istifadə etməliyik. Bu işlər sistemli görülməlidir. Təhsilin inkişaf etməsi həmin ölkənin inkişafı deməkdir. Belə bir deyim var ki, əgər bir ölkəni yıxmaq istəyirsənsə, onun təhsil sistemini məhv etməlisən. Bütün bunlarla yanaşı, təhsilimizin nailiyyətləri də az deyil. Azərbaycanda təhsil sisteminin daha da inkişaf etəmsi üçün dünya səviyyəli üsullardan faydalanırıq. Əvvəla, məqsəd konkret olmalıdır. Ondan sonra hansı müsbət və mənfi imkanlarının olmasını aydınlaşdırmalısan. Daha sonra bu imkanlar və məhdudiyyətlər çərçivəsində görüləcək işlər müəyyənləşdirilməlidir. Bu gün təhsilin fəlsəfəsi ilə bağlı müzakirəyə böyük ehtiyacımız var. Vətənpərvərcəsinə yığışıb məqsədimizə doğru addım-addım getməliyik.
           
 Musa Əzizov:
           
- Məktəblərimizdə təhsilin səviyyəsi yüksək olarsa, şagirdlərin əlavə hazırlığa getmələrinə ehtiyac qalmaz. Bəzən olur ki, ibtidai sinif şagirdləri belə əlavə hazırlıq müəllimlərinin yanına gedir. İxtisasını bilməyən müəllimləri məktəbdən uzaqlaşdırmaq lazımdır.
           
Vəfa Ələkbərova:
           
 - Gənclərimizə öz seçdiyi sahəyə uyğun bilik verməklə yanaşı, təhlil etmək bacarığını da aşılamalıyıq. Cəmiyyətimizdə baş verən hadisələrin tez-tez dəyişdiyini nəzərə alsaq, gənclərimizin hər bir situasiyaya hazır olmalarının vacibliyini də önə çəkmiş olarıq. Bu yaxınlarda çalışdığım Sərhəd Qoşunlarının Akademiyasında dövlət imtahanlar keçirildi. Pedaqogikadan götürülən imtahanlarda əqidə, düşüncə, dünyagörüşü, düşmənə qarşı humanizmin tətbiqi yolları və s. mənəvi keyfiyyətlər əsas götürüldü. Sərhəd zonalarında həmin mənəvi keyfiyyətlərdən istifadə metodları ilə bağlı akademiyanın rəhbərliyi ilə bağlı müəyyən söhbətlər aparmışıq. Əsas məqsəd odur ki, insan bu və ya digər biliklərdən yerində istifadə edə bilsin. Müəllimdə öz biliyindən səmərəli istifadə edərsə, onun gülləsi hədəfə dəyir. SQA-na gələn tələbələrin bilik səviyyəsi orta idi. Lakin sonrakı mərhələdə bütün imkan və metodlardan istifadə edərək, çalışdıq ki, biliklər maksimum dərəcədə mənimsənilsin. Tələbələrimə pedaqogikanı tədris edən zaman onlarda mənəvi keyfiyyətlərin və düşüncənin formalaşmasına cəhd göstərirəm. Təhliletmədə, ilk növbədə, dövlətin siyasi istiqaməti, hərbi nizamnamələrdəki göstərişlər və mənəvi keyfiyyətlər əsas götürülməlidir. Biz istəmirik ki, vətəndaş sadəcə əlinə silah götürərək döyüşə getsin. Onlar döyüş metodlarını analiz etməlidir.
           
 Mirzəli Murğuzov:
           
 - Sistemli yanaşma, quruluş əmələgətirmə, canlı və cansız təkamül və s. təbiətin özündədir. Ona görə bizim hələ savadlanmağımız lazımdır. İndi təhsil ocaqlarının hər biri müxtəlif istiqamətdə fəaliyyət göstərir. Təhsildə sistemli yanaşma, interaktiv metodlar kurrikulumda cəmləşib.
           
 HƏR BİR MÜƏLLİM ÖZ MİSSİYASINI BİLMƏLİ VƏ ONUN ÖHDƏSİNDƏN LAYİQİNCƏ  GƏLMƏLİDİR
           
Akif Orucov:
           
 - Təbii ki, indiki məktəblərimiz ötən əsrin 50-ci illərindəki məktəblərdən tamamilə fərqlidir. Dövlətimiz orta məktəblərin inkişafına böyük vəsait ayırıb. Məktəblərin böyük əksəriyyəti artıq kompüterləşdirilib, onların maddi-texniki bazası gücləndirilib. Ancaq bununla bərabər məktəblərdə bəzi nöqsanlar var. Bu gün məktəblərin maddi-texniki bazasının qüvvətli olması, onun təminatının yaxşı olması orada gedən tədris prosesinin səviyyəsindən xəbər vermir. Bir faktı qeyd edim ki, bu yaxınlarda III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında iki nəfər 700 bal toplayıb. Onlardan biri Zəngilanın orta məktəblərindən birinin məzunudur. Həmin məktəbə getsəniz, oradakı şəraitin nə qədər aşağı səviyyədə olduğunu görərsiniz. Yəni, buradan aydın olur ki, hələ maddi baza şagirdin yaxşı oxuması üçün əsas deyil. Əsas məsələ müəllim kadrlarının yetişməsidir. Biz orta məktəb müəllimlərinin savad səviyyəsindən ağız dolusu danışa bilmərik. Sovet dövründə orta məktəblərimiz üçün müəllim kadrları hazırlayan müvafiq pedaqoji universitetlər idi. İndi isə əksər ali təhsil ocaqları, texnikumlar, müəyyən kurslar müəllim hazırlamaqda məşğuldur. Dərs deməklə və maaş almaqla müəllim olmaq olmaz. Hər bir müəllim öz missiyasını bilməli və onun öhdəsindən layiqincə gəlməlidir.
           
İntiqam Cəbrayılov:
           
- Təhsil tarixindən hamımıza bəllidir ki, dünyada üç tip məktəbdən danışılır. Hadisə, idrak və təxəyyül məktəbi. Hazırda Azərbaycanda bu tiplərin ikinci mərhələsi olan idrak məktəblərinin quruculuğundan danışılır. Ancaq buna baxmayaraq indi ölkəmizdə köhnə üsullarla işləyənlər də var. İnanırıq ki, Azərbaycan yaxın gələcəkdə üçüncü mərhələ olan təxəyyül məktəblərinə də keçəcəyik və bu sahədə böyük nailiyyətlərimiz olacaq. 1999-cu ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında təhsil sahəsində islahat proqramı"nda yer alan müddəalar artıq yerinə yetirilir. Demək olar ki, dövlətimiz bu istiqamətdə mühüm işlər görüb. Orta məktəblərdə "Ümumtəhsilin Qiymətləndirilməsi Konsepsiyası"ndakı müddəaların təşkili üçün treninqlər keçirilir və bu konsepsiyanın tələblərini ödəyə bilən xüsusi müəllim kadrları hazırlanır. Bunlar bizim son illər ərzində əldə etdiyimiz nailiyyətlərdir. Lakin bunlarla yanaşı, nöqsanlarımız da az deyil. Orta və ali məktəblərimizdə ən böyük vəzifələrimizdən biri əsil vətəndaş yetişdirmək, dövlətçiliyə sədaqət ruhunda insanlar formalaşdırmaqdır. Təhsilin bütün pillərində bu tələblərə cavab verən insanları formalaşdırmalıyıq. Təbii ki, burada əsas məsuliyyət müəllimlərin üzərinə düşür. Əgər müəllim bu tələblərə cavab verərsə, demək o vətən və millət üçün layiqli insan yetişdirə biləcək. Əks halda, biz təhsil sahəsində istədiyimiz nəticəni əldə edə bilməyəcəyik. Bu baxımdan, deyirəm ki, biz hələ görüləsi işlərimiz çoxdur. İlk növbədə, dövlət rəhbərliyinin, Təhsil Nazirliyinin təsdiq etdiyi proqramları, təhsilimizin inkişafı üçün hazırlanmış elmi-nəzəri bazasını dərindən bilməliyik və onun praktik həyatda tətbiqinə çalışmalıyıq. Vətəndaşların yetişdirilməsi görülən işlərin sürətləndirilməsindən asılı olacaq.
            
PEDAQOJİ KADR HAZIRLIĞI MÜTLƏQ YENİLƏNMƏLİDİR
                       
  Əjdər Ağayev:
           
  - Dəyirmi masanın yekunu olaraq qeyd edim ki, bugünkü tədbirdə aktual mövzuya toxunuldu və funksional müzakirələr aparıldı. Bizim səhvimiz ondadır ki, sovet düşüncəsi ilə hazırlanmış sənədləri əzbərləyirik və onun praktik reallaşmasından istifadə etmirik. Ona görə təhsildə yeni düşüncəyə sahib olmalıyıq. Pedaqoji kadr hazırlığı mütləq yenilənməlidir, ali məktəblərin tədris planları dəyişməlidir. Təkcə pedaqoji deyil, sosial və fəlsəfi pedaqoji elminin səviyyəsini qaldırmaq lazımdır. İyul ayının 14-də Elmi Metodiki Şuraya bir proqram daxil oldu. Müəllif 1970-ci ildə yazdığı doktorluq işini indi ali məktəbə fənn proqramı kimi hazırlayır. Burada ötən 20 il ərzində nəşr etdiyi kitablardan istifadə edib ki, orada da bütün fikirlər köhnədir. Düşüncə tam yeniləşməlidir. Bunun üçün hərtərəfli bilik vacibdir. Biz dərsliklərimizin məzmununu düşündürücü, yenilikçi, axtarıcı, məntiqi, yaradıcı etməliyik. Orada yalnız nağıl olmamalıdır, eyni zamanda, tapşırıqlar, göstərişlər yer almalıdır.
           
Əhməd Qəşəmoğlu:

 - Burada qaldırılan məsələlərlə bağlı layihələndirmə işi aparmaq lazımdır.

Ofeliya Arazov:
           
- Son vaxtlar pedaqoji kadrların səviyyəsinin aşağı olması onların istəmədən bu işlə məşğul olmasından qaynaqlanır. Abituriyent istədiyi fakültəyə qəbul olması üçün tələb olunan balı toplamayanda müəllimlik ixtisasına düşür və diplom xatirinə oranı oxuyur. Məsələn, müəllim olmaq istəyənlər üçün xüsusi qrup yaradılmalıdır ki, orada yalnız həmin şəxslər təhsil  alsınlar.

Digər xəbərlər