PDF Oxu

Əsas

  • 17

Milli Məclis hesabat verdi

Milli Məclis hesabat verdi
Dünən Milli Məclisdə yaz sessiyasının və növbədənkənar sessiyanın yekunlarına dair mətbuat konfransı keçirildi. Mətbuat konfransında Milli Məclis sədrinin müavini Bahar Muradova, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, komissiya sədrləri və parlamentin şöbə müdirləri iştirak etdi. Vitse-spiker Bahar Muradova bildirdi ki, 2008-ci ilin yaz və növbədənkənar sessiyalarında Milli Məclis öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələrək ölkə Konstitusiyası ilə nəzərdə tutulan səlahiyyətləri tam həcmdə yerinə yetirmişdir: "Parlament dünyanın aparıcı dövlətlərinin təcrübəsindən bəhrələnərək qanun yaradıcılığı işində mühüm nailiyyətlər əldə etmiş, müstəqil Azərbaycanın dünya birliyinə inteqrasiyası sahəsində əhəmiyyətli addımlar atmışdır. Öz fəaliyyətini təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş prinsiplər əsasında quran Milli Məclis ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan islahatların qanunvericilik bazasının təkmilləşdirilməsinə öz layiqli töhfəsini verməkdədir. Belə ki, parlamentin yaz və növbədənkənar sessiyaları dövründə ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan qanun və qərarlar qəbul olunmuşdur. Onlardan Konstitusiya islahatları ilə bağlı referendumun keçirilməsini, milli dəyərlərimizi daim təşviq edən Heydər Əliyev Fondunun təşəbbüsü ilə Novruz bayramı münasibətilə Amnistiya qəbul edilməsi haqqında qərarı və geniş ictimaiyyətin çoxdan gözlədiyi "Təhsil haqqında" qanunun qəbulunu göstərmək olar".
Yaz sessiyası və növbədənkənar sessiyasının məhsuldar keçdiyini bildirən B.Muradova, yaz sessiyası dövründə ümumilikdə, parlamentin 17 iclası keçirildiyini, 99 qanun və qərar qəbul olunduğunu dedi. Onun sözlərinə görə bu dövrdə parlamentdə 14 beynəlxalq müqavilə və konvensiya ratifikasiya olunmuş, 27 qanuna dəyişikliklər və əlavələr edilmişdir. Bütövlükdə, yaz sessiyasında 14 qərar qəbul olunmuşdur.
B.Muradova növbədənkənar sessiya dövründə (9 iyun - 30 iyun) Milli Məclisin 3 iclası keçirildiyini, 31 qanun və qərar qəbul olunduğunu bildirdi: "Bu müddətdə bir Konstitusiya qanununa dəyişiklik edilmiş, 14 qanun və 2 qərar qəbul olunmuş, bir beynəlxalq müqavilə və konvensiya ratifikasiya olunmuşdur. Növbədənkənar sessiya dövründə 13 qanuna dəyişikliklər və əlavələr edilmişdir. Ötən dövrdə parlamentdə ölkənin əsas maliyyə sənədi olan "Azərbaycan Respublikasının 2008-ci il Dövlət büdcəsi haqqında qanunun icrası haqqında" qanun geniş müzakirələrdən sonra qəbul olunmuşdur. Bununla yanaşı, büdcə sisteminin daha da təkmilləşdirilməsi ilə əlaqədar "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" qanun qəbul olunmuşdur. Milli Məclisin iclaslarında Nazirlər Kabinetinin 2008-ci ildə fəaliyyəti haqqında hesabatı, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) illik məruzəsi, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın məruzəsi dinlənilmiş və bu barədə müvafiq qərarlar qəbul olunmuşdur".
Vitse-spiker 2009-cu ilin yaz sessiyasında hüquqi sahəyə aid bir sıra qanunların qəbul edildiyini qeyd etdi: "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında", Mülki Məcəllədə dəyişiklik edilməsi barədə, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında, "Polis haqqında" qanununa əlavə edilməsi barədə, Mülki Prosessual Məcəlləyə dəyişikliklər və əlavələr edilməsi haqqında, "Könüllü fəaliyyət haqqında" qanunları buna misal göstərmək olar. Onların arasında İnzibati Prosessual Məcəlləni xüsusi qeyd etmək lazımdır. Məcəllə Almaniya Texniki Əməkdaşlıq Təşkilatının dəstəyi ilə həmin ölkənin mütəxəssislərinin iştirakı ilə dəfələrlə müzakirə edilmiş və növbədənkənar sessiyada qəbul olunmuşdur. Məcəllə dövlət-vətəndaş münasibətlərinin hüquqi dövlət prinsiplərinə uyğun şəkildə qurulması baxımından böyük əhəmiyyət kəsb edir. Konstitusiyaya edilən son dəyişikliklər kontekstində bu sənədin qəbul edilməsi xüsusilə aktualdır".
İqtisadi sahənin qanunvericilik bazasının təkmilləşdirilməsinin Milli Məclisin yaz sessiyası dövründə diqqət mərkəzində olduğunu vurğulayan B.Muradova, bu sahəyə aid qanunların qəbul edildiyini dedi. Onun sözlərinə görə, "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında", "Arıçılıq haqqında", "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə, "Xüsusi iqtisadi zonalar haqqında", "Azərbaycan Respublikasının Milli Bankı haqqında" Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə, Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında, "Sahibkarlıq fəaliyyəti haqqında" qanuna əlavə edilməsi barədə, "Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" qanunlar qəbul edilmişdir. Hazırda bu sahəyə aid bir sıra qanun layihələri üzərində iş davam etdirilir. Onlardan "Bank olmayan kredit təşkilatları haqqında", "Torpaqların dövlət ehtiyacları üçün qorunması haqqında" qanun layihələri ikinci oxunuşda müzakirəyə çıxarılmaq üçün hazırlanır. Rəqabət Məcəlləsi isə üçüncü oxunuşa hazırlanır. Parlamentin müvafiq komitələrində Şəhərsalma Məcəlləsi və "Pambıqçılıq haqqında" qanun layihələri üzərində iş davam etdirilir.
B.Muradova yaz sessiyası dövründə Azərbaycanın karbohidrogen ehtiyatlarının istismarına dair 3 sazişin Milli Məclisdə ratifikasiya olunduğunu bildirdi: "Yaz və növbədənkənar sessiya dövründə sosial məsələlər də parlamentin diqqətindən kənarda qalmamışdır. Bu dövrdə qəbul olunmuş ən aktual qanunlardan biri Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında qanundur. Bu qanun bilavasitə işçi və işəgötürən arasında yaranan əmək münasibətlərinin daha səmərəli tənzimlənməsi, işçilərin hüquqlarının etibarlı qorunması məqsədinə xidmət edir. Əhalinin sağlamlığının qorunması, insanların keyfiyyətli və ekspertizadan keçirilmiş dərman vasitələri ilə təmin olunması məqsədilə "Dərman vasitələri haqqında" qanuna dəyişikliklər və əlavələr edilməsi barədə" qanun layihəsi işlənib hazırlanmış və Milli Məclisdə qəbul olunmuşdur".
Son dövrdə bədən tərbiyəsi və idman hərəkatının geniş vüsət aldığını deyən vitse-spiker bu sahəni tənzimləyən hüquqi bazanın günün tələbləri səviyyəsinə qaldırılmasının zəruri olduğunu dedi. Bildirdi ki, bu sahədə bir sıra ölkələrin qanunvericilik təcrübəsi öyrənilmiş, mütəxəssislərlə fikir mübadiləsindən sonra "Bədən tərbiyəsi və idman haqında" qanun layihəsi hazırlanaraq Milli Məclisdə üç oxunuşdan keçərək qəbul edilmişdir. Növbədənkənar sessiyada qəbul olunmuş ən mühüm qanunlardan biri, uzun illər üzərinə iş aparılan "Təhsil haqqında" qanundur. Bu məsələnin geniş ictimaiyyətin böyük marağına səbəb olduğunu nəzərə alaraq, sənədin layihəsi üzərində işləyərkən dünyanın aparıcı dövlətlərinin bu sahədəki təcrübəsi öyrənilmiş, təhsil sahəsində tanınmış mütəxəssislərin, elm adamlarının, pedaqoqların, ekspertlərin, müvafiq dövlət qurumları nümayəndələrinin iştirakı ilə dəfələrlə geniş müzakirələr keçirilmişdir. Sənəddə Azərbaycanda təhsilin dünyəvi və fasiləsiz xarakter daşıması xüsusi vurğulanır. Qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasında müzakirələrdən sonra üçüncü oxunuşda qəbul olunmuşdur.
Vitse-spiker parlamentin beynəlxalq əlaqələrinin inkişafının Milli Məclis rəhbərliyinin daim diqqət mərkəzində olduğunu vurğuladı. Onun sözlərinə görə, Milli Məclisin nümayəndə heyətləri bir sıra xarici ölkələrdə rəsmi səfərlərdə olmuş, beynəlxalq təşkilatların işində yaxından iştirak etmişlər: "Parlamentlərarası əlaqələrin inkişafında xarici ölkələrin qanunvericilik orqanları ilə dostluq qrupları xüsusi yer tutur. Milli Məclisdə 73 ölkənin qanunvericilik orqanı ilə əlaqələr üzrə işçi qrupları yaradılmışdır. Bu qrupların qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyəti böyükdür. Hazırda Milli Məclis Parlamentlərarası İttifaqın, Avropa Şurası Parlament Assambleyasının, MDB Parlamentlərarası Assambleyanın, ATƏT Parlament Assambleyasının, Qara Dəniz İqtisadi Əməkdaşlıq 8 Təşkilatı Parlament Məclisinin, İslam Konfransı Təşkilatı Parlament Məclisinin, Türkdilli Dövlətlərin Parlament Assambleyasının, GUAM PA-nın tam hüquqlu, NATO Parlament Assambleyasının isə assosiativ üzvüdür. Milli Məclis Avropa Parlamenti və digər mötəbər beynəlxalq qurumlarla da sıx əməkdaşlıq edir. Deputatlarımız mütəmadi olaraq bu təşkilatların işində yaxından iştirak edir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırırlar".
2009-cu ildə parlament nümayəndələrinin səfərləri ilə bağlı mlumat verən B.Muradova bildirdi ki, Milli Məclis sədrinin başçılığı ilə parlament nümayəndə heyəti Litvada rəsmi səfərdə olmuş, ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparmışdır. Ümumiyyətlə, parlamentin yaz və növbədənkənar sessiyaları ərzində daimi komitələrin 84 iclası keçirilmiş, 159 məsələyə baxılmışdır. Komitələrdə deputatlar tərəfindən 149 qanun və 4 qərar layihəsi müzakirə edilmişdir. Yaz və növbədənkənar sessiya dövründə Milli Məclisin Aparatına vətəndaşlardan 25666 təklif, ərizə və şikayət daxil olmuşdur. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz azdır. Bu dövr ərzində parlamentdə 2781 vətəndaş qəbul edilmişdir ki, bu göstərici də ötən illə müqayisədə 3,5 faiz azdır. Komitə sədrləri tərəfindən 550 nəfər qəbul olunmuşdur ki, onlardan da 75 nəfəri qəbula elektron poçt vasitəsilə yazılmışdır.
B.Muradova onu da bildirdi ki, Milli Məclis Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin keçirdiyi müsabiqədə İKT-nin ən geniş tətbiq olunduğu dövlət qurumu nominasiyasının qalibi olmuşdur. Milli Məclisin iclas salonlarında həm deputatlar, həm də jurnalistlər üçün internetə çıxış təmin edilmişdir. Parlamentə elektron üsulla ünvanlanmış 400-dən çox məktub, sorğu və vətəndaş müraciəti aidiyyəti üzrə müvafiq struktur bölmələrinə yönəldilib. Bu dövrdə Milli Məclisin fəaliyyətini 10 televiziya kanalı, 4 radio, 34 qəzet, 15 informasiya agentliyi, ümumiyyətlə, 63 KİV nümayəndəsi işıqlandırmışdır. Kütləvi informasiya vasitələri nümayəndələri üçün Milli Məclisin Aparatında lazımi şərait yaradılmışdır.
Mətbuat konfransında millət vəkilləri Rəbiyyət Aslanova, Əli Hüseynov, Musa Quliyev, Eldar İbrahimov, Ziyad Səmədzadə, Aydın Mirzəzadə, Nizami Cəfərov, Arif Rəhimzadə, Şəmsəddin Hacıyev və Səməd Seyidov iştirak edirdi.
Tədbirin sonunda millət vəkilləri KİV nümayəndələrinin sualarını cavablandırdılar.

Digər xəbərlər